AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Peyvənd insanı virusa yoluxmadan 100 faiz qorumur, amma ölümdən qoruyur

Peyvənd insanı virusa yoluxmadan 100 faiz qorumur, amma ölümdən qoruyur

Cəmiyyət
02 Aprel 2021, 19:45 394
COVİD-19-a qarşı peyvənd insanı bu virusa yoluxmadan 100 faiz qorumur, amma onu ölümdən qoruyur.
Bunu Trend-ə Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, birinci doza peyvənd vurdurmuş şəxslər özlərini qorumurlar. Bu yanaşmanın tamamilə yanlış olduğunu açıqlayan həkim qeyd edib ki, peyvəndin ilk dozasından sonra orqanizmdə yaranmış qoruyuculuğun səviyyəsi çox aşağı olur. Peyvəndin ikinci dozasından sonra isə yoluxmadan qoruyuculuq 50- 53 faiz olur: "Peyvənd insanı xəstəliyi ağır keçirmədən və ölümdən 100 faiz qoruyur. Peyvəndləmənin məqsədi də ölüm hallarını azaltmaq, xəstəxanalarda yatışların sayını və yoluxma riksini azaltmaqdır".
F.Sədirov qeyd edib ki, vaksinləşdirmə pandemiyanın bitməsinin yeganə yoludur. Onun sözlərinə görə, peyvəndləmə prosesi Azərbaycanda qənaətbəxş şəkildə davam edir: "Bəzi ölkələr peyvəndi ya heç əldə edə bilmirlər, ya da az əldə edirlər. Biz bu baxımdan avantajlı ölkəyik. Peyvəndləmə uğurlu şəkildə davam edir".