• çərşənbə axşamı, 16 aprel, 13:18
  • Baku Bakı 19°C

Parketi bahalaşdıran səbəblər nədir? - PROBLEM

31.12.22 04:30 6300
Parketi bahalaşdıran səbəblər nədir? - PROBLEM

Bahalaşma tikinti sektorunda xüsusi yeri olan parketin qiymətindən də yan keçmir. Ötən illə müqayisədə qiymətlər xeyli bahalaşıb. Ekspertlər səbəb kimi parketin Azərbaycana hazırda müharibə vəziyyətində olan Rusiya və Ukraynadan gətirilməsini göstərirlər. 

Azərbaycanda parketin qiymətində son bir illə müqayisədə ciddi bahalaşma qeydə alınıb. Belə ki, ötən ilin noyabr ayında 1 kv.m  parketin qiyməti 23,13 manat təşkil edib. Bu ilin noyabr ayında isə qiymətlər 14,18 manat və ya 61,3 faiz yüksələrək 37,31 manat təşkil edib. Aylıq müqayisədə heç bir dəyişiklik baş verməyib, qiymətlər olduğu kimi qalıb. Laminat parketlərin qiyməti isə ötən ildən bu yana 15,99 manatdan 17,54-ə yüksəlib. Nəticədə 1,55 manat və ya 9,7 faiz artım baş verib. Ötən ayla müqayisədə isə 5 qəpik və ya 0,2 faiz artım qeydə alınıb. Ötən ay 1 kv.m laminat parket 17,49 manat təşkil edib. Bəs görəsən parketin qiymətinin bahalaşmasının səbəbi nədir?

Xammalın satışı tenderlər vasitəsilə həyata keçirilir 

İqtisadçı Xalid Kərimli dedi ki, Azərbaycanda parketin istehsalında istifadə olunan material iki mənbədəndir: “Birincisi yerli meşə təsərrüfatları, ikincisi isə xaricdən gətiriləndir. Xaricdən adətən hazır məhsul şəklində gətirilir. Son vaxtlar həm daşımanın, həm də idxal məhsullarının qiymətinin bahalaşması gətirilən parket məhsullarının qiymətinə də öz təsirini göstərir. Üstəgəl Ukrayna bazarda adətən ucuz məhsulların iştirakçısı kimi çıxış edirdi. Orada baş verən proseslərin də qiymətlərə təsiri olub”.  

Ekspert qeyd etdi ki, yerli istehsal ilə kiçik sexlər məşğul olur: “Kiçik sexlər əvvəllər xammal kimi meşədən kötüyü daha rahat alırdılar. Amma son dövrlər orada şəffaflaşma həyata keçirilib. Əvvəl gedib meşəbəyi ilə danışır, pul verib müəyyən həcmdə kötük alırdılar. Yəni meşədən oğurluq edib parket düzəldirdilər. Onun qiyməti nisbətən ucuz başa gəlirdi. İndi isə oğurluq olmasın deyə, xammalın satışı tenderlər vasitəsilə həyata keçirilir. Bütün bunlar yerli məhsulun da qiymətinin bahalaşmasına gətirib çıxarır”.

İdxal edilən məhsulun qiyməti bahalaşırsa...

X.Kərimlinin sözlərinə görə, bazarlar arasında əlaqə var: “Əgər idxal edilənin qiyməti bahalaşırsa, daxili istehsal olunan məhsulun qiyməti də ona uyğunlaşır. Satıcılardan biri qiyməti qaldıranda digəri də bahalaşdırır. Həm xərcin artması, həm də bazarda digər məhsulların bahalaşması buna imkan verir. Lakin tikintidə inflyasiya gözləntiləri aşağı düşüb. Mərkəzi Bankın son bəyanatı da onu göstərir ki, tikinti materiallarının qiymətlərinin tədricən stabilləşməsi və ucuzlaşması gözlənilir”. 

İdxal etdiyimiz ölkələrdəki bahalaşmalar bizə də təsir edir 

Əmlak və tikinti materialları üzrə ekspert Elnur Azadov bildirdi ki, parket idxal etdiyimiz ölkələrdəki bahalaşmalar bizə də təsir edir: “Dünyada ən məşhur parket Krasnodarın maykop növüdür. Bizə də parket Ukraynanın bölgələrindən və Krasnodardan gəlir. Rusiya Federasiyasında isə inşaat materiallarının qiymətləri 2022-ci ilin fevralından başlayaraq bahalaşıb. O ölkələrdə inşaat materiallarının qiymətinin qalxması, həmçinin valyuta kurslarındakı bahalaşma bu kimi hallara gətirib çıxarır”.

Ekspert qeyd etdi ki, laminat isə inşaat və sənaye qalığından istehsal olunur. Onun qiymətində ciddi bahalaşma olmayıb.

İstehlakçı malın yerli istehsal olduğunu biləndə onu almır

E.Azadovun fikrincə, parket istehsalı ilə bağlı rəsmi yerli istehsalımız mövcud deyil: “Gələn malın 20-30 faizi Ukrayna, Rusiyadandır. Qalanı bizim regionlarda qaçaq yolla, eyni malın oxşarı, “dublikat”ı şəklində istehsal olunur. Ona görə ki, istehlakçı malın yerli istehsal olduğunu biləndə onu almır. Bu baxımdan bizim parket istehsalçıları yerli malı da xarici mal adı ilə satırlar. Marketinq qanunlarına əsasən, əgər xaricdən gətirilən parketin qiyməti bu qədər bahalaşırsa, onda yerli istehsal üçün yaxşı zəmin yaranır”.  

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər