Ortaq Türk Dünyası Universiteti yaradılsın?
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qazaxıstandan qayıdarkən təyyarədə
jurnalistlərə açıqlamasında ortaq Türk Dünyası Universiteti qurmaq təklifini səsləndirib.
"Buna Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Tacikistan
birlikdə daxil ola bilərik”. R.T.Ərdoğan bu mövzuda lazımı işləri əlaqəli
insanların həyata keçirəcəklərini bildirib. Belə ki, universitetin harada yerləşəcəyi
də müəyyənləşəcək.
Qeyd edək ki, bundan əvvəl ortaq türk tarixi və əlifbasının
yaradılması, televiziyanın qurulması ilə bağlı müəyyən addımlar atılsa da, hələ
bu istiqamətdə işlər tam həyata keçirilməyib. Türkiyə prezidentinin səsləndirdiyi
fikirlər isə reallaşacağı təqdirdə, türk dünyasının daha da sıxlaşması və bilgi
əldə etməsi istiqamətində atılacaq mühüm addım kimi dəyərləndirilir.
Zamanın irəli sürdüyü sifariş
Ortaq Türk
Dünyası Universitetinin yaradılmasını əhəmiyyətli hesab edən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri,
akademik İsa Həbibbəyli bu təklifi ümumilikdə türk dünyasına faydalı hesab
edir: "Türk dünyasının ortaq problemlərini öyrənən, türk dünyası üçün mütəxəssislər
hazırlayan bir universitetin olması zamanın irəli sürdüyü sifarişdir. Türk
dünyasının bütün maraqlarını ifadə edən və onların gələcəyinə xidmət edən mütəxəssisləri
hazırlamaq və türk dünyasının ortaq problemlərinə yönəlmiş tədqiqatlar aparmaq
bu universitetin vəzifəsi olmalıdır. Belə bir quruma ehtiyac var”.
Diqqəti cəlb edən və aktual ideya
Azərbaycan-Türkiyə
parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, millət
vəkili Elman Nəsirovortaq Türk Dünyası Universitetinin yaradılması ideyasını dəstəkləyir: "Bu,
kifayət qədər cəlbedici ideyadır. Prezident İlham Əliyevin "İslam Həmrəyliyi
İli” ilə bağlı təşəbbüsü, İslam Həmrəyli Oyunlarına Azərbaycanın ev sahibliyi
etməsi, eyni zamanda, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin İslam Əməkdaşlıq
Təşkilatı çərçivəsində Elm və Texnologiya üzrə birinci Sammiti təşkil etməsi və
müsəlman dünyasının elm və texnologiya üzrə inkişafı ilə bağlı məsələlərin
ciddi müzakirəsi də bu istiqamətdə atılan addımlardır. Eyni zamanda, Nazarbayev
böyük 20-lik timsalında müsəlman ölkələrinin 20-liyinin yaradılması təklifini
irəli sürdü ki, elm və texnologiyada daha çox irəli getmiş müsəlman ölkələri
birləşsin”. E.Nəsirovun fikrincə, səslənən təşəbbüslərin reallaşması əhəmiyyətli
olar. Belə ki, Türkiyə prezidentinin səsləndirdiyi təklif də həmin təşəbbüslərlə
həmahəng səslənir: "Bu da türk dövlətlərinin ortaq universitetinin yaradılması
ideyasıdır. Astanada Türk Akademiyası fəaliyyət göstərir. Bu mənada, daha ciddi
hədəfləri olan, türk dünyasının elm və təhsildə bir-biri ilə inteqrasiyasını
özündə ehtiva edən belə bir universitetin yaradılması kifayət qədər unikal bir
hadisə ola bilər. Xüsusilə də çox mühüm elmi və texnoloji sahədə ortaq tədqiqatların
aparılması, ortaq laboratoriyaların təşkili kifayət qədər əhəmiyyətli ola bilər”.
Bu yaxınlarda Səudiyyə Ərəbistanında Kral Abdulla adına böyük bir universitet
yaradıldığını və bu qurum üçün 10 milyard dollar vəsait ayrıldığını deyən millət
vəkilinin fikrincə, normal maliyyə imkanları olan universitetlər çox ciddi nəticələr
əldə edə bilərlər: "Hesab edirəm ki, türk dünyasının birgə universiteti türkdilli
respublikaların elm adamlarının bir məxrəcə gəlməsi və təkcə regional deyil,
qlobal elmi məsələlərlə bağlı tədqiqatlar aparmasına və nəticələr əldə etməsinə
böyük təkan verə bilər. Nəzərə alsaq ki, bu gün müsəlman dünyasında texniki
elmlər üzrə Nobel mükafatları alan cəmi iki alim var. Hər ikisi Qərb
universitetlərində nəticələr əldə ediblər. Müsəlman və türk dünyasında dünyanın
diqqətini cəlb edə biləcək tədqiqatlarla bağlı boşluqlar mövcuddur. Fizika,
kimya, texniki elmlər üzrə bu gün yəhudilərin 79 Nobel mükafatçısı var. Bu
baxımdan, elmi tədqiqatların genişləndirilməsinə, türk dünyasında ortaq elmi tədqiqat
müəssisələrinin yaradılmasına böyük ehtiyac var”. 8-ci əsrin ortalarından 13-cü
əsrin ortalarınadək müsəlman alimlərinin dünya elmini idarə etdiklərini deyən
E.Nəsirov bildirdi ki, böyük
ensiklopediyaçı alim Əl-Biruni 9-cu əsrdə yerin öz oxu və günəş ətrafında
fırlanmasını bəyan edəndən 500 il sonra polyak astronomu Nikolay Kopernik Günəş sisteminin heliosentrik
modelini irəli sürdü: "O cümlədən xarəzmli alim Əl-Xarəzmi "Əl-Cəbr” əsərini
yazıb və Cəbr elminin əsasını qoyub. Bu gün deyilən "Al-Gebra” həmin əsərdən
götürülüb. Həmçinin Nəsrəddin Tusi rəsədxanası dünyada məşhur idi. Bu alimlər
dünya elminə böyük töhfələr veriblər. Məsələyə bu kontekstdən yanaşdıqda, ortaq
Türk Dünyası Universitetinin yaradılması təklifi kifayət qədər diqqəti cəlb edən
və aktualdır”.
Türk xalqlarının birlikdə qloballaşması
Ortaq Türk
Dünyası Universitetinin yaradılması ideyasını məntiqli hesab edən Təhsil Şurasının sədri, professor Əjdər
Ağayev belə bir qurumun faydalı nəticələr verə biləcəyinə inanır: «Müxtəlif
tədbirlər və layihələrlə istər Azərbaycan, istər Türkiyə, istərsə də digər
türkdilli dövlətlərdə türk xalqlarının birliyinin formalaşmasını müşahidə
edirik. Onlar həmçinin bir-birinin tarixini öyrənərək müasir, ortaq mədəniyyətin
yaradılmasına çalışırlar. Belə bir məqsəd varsa, müəyyən vasitələrdən istifadə
edilməlidir”. Ə.Ağayev türk dövlətlərinin birgə televiziyası, radiosu, mətbuatı,
o cümlədən təhsil mərkəzinin olmasını məqsədəuyğun hesab edir: "Hesab edirəm
ki, təhsil mərkəzi daha çox vacibdir. Çünki təhsil vasitəsilə hər bir təhsil müəssisənin
təmsilçisi olan türk dövlətinin tarixi, mədəniyyəti mükəmməl öyrəniləcək,
tarixi köklərinə görə bir-birinə yaxın olması araşdırılacaq, coğrafi sərhədlərlə
bir-birindən uzaqlaşdırılan dəyərləri bərpa olunacaq. Bu baxımdan, belə bir
universitetin yaradılması hətta türk xalqlarının birlikdə qloballaşmasına gətirib
çıxara bilər”. Onun fikrincə, qloballaşan dünyaya hər bir türk dövlətinin
ayrıca daxil olmasındansa, onların özlərinin türk birliyi olaraq qloballaşması
daha faydalı nəticə verə bilər. Belə ki, təhsil öncə kadr hazırlayır:
"Hazırlanmış kadrlar istədiyi türk dövlətində işləyə biləcək və hər bir türk
dövləti o kadrın vətəninə çevriləcək. Həmin kadr çalışdığı ölkənin
iqtisadiyyatı, mədəniyyəti, təsərrüfatında və s. sahələrdə vətəndaşlıq borcu
hiss edəcək. Çox istərdim ki, bu təklif tez bir zamanda reallaşsın və nəticəsini
görək».
Ortaq bilgi mənbəyi
Hacettepe Universitetinin professoru Tufan Gündüz də ortaq Türk Dünyası Universitetinin yaradılması
ideyasının vacib olduğunu deyir: "200 milyonluq türk dünyası, bu qədər çox elm
adamı və universitet var. Bizə ortaq bilgi mənbəyi lazımdır. Belə bir
universitetin yerini Bakı, Astana, Ankara və ya Aşqabad olmasının heç bir önəmi
yoxdur. Sadəcə, onların bir yerdə olması lazımdır”. İlk böyük Türk
Akademiyasının Qazaxıstanda qurulduğunu deyən professor belə bir qurumun
yaradılmasına da çoxdan ehtiyac olduğunu deyir: "Bu, çox önəmli bir addım olar.
Biz illərdən bəri özümüzə türk deyirik. Bu sözü bizdən sonra ən çox səsləndirən
Azərbaycandır. Digər tərəfdən, Qırğızıstan, Qazaxıstanda yaşayanlar da özlərinə
türk deyirlər. Onlar buna görə böyük bir türk akademiyası qurdular. İndi isə
belə bir birgə universitetə ehtiyacımız var. Bu universitet öncə türk adını
yüksəldəcək”. Türk milləti olaraq eyni bilikləri əldə etməyimizi vacib hesab edən
professor ortaq universitetin yaradılmasını əhəmiyyətli və düşünülmüş təklif
kimi dəyərləndirir: "Bakıda öyrədilən bir bilginin Astanadan və ya Balkandan
duyulması lazımdır”.
Təranə Məhərrəmova