• cümə, 29 Mart, 16:19
  • Baku Bakı 14°C

Orta əsr Şəmkir qalası bərpa olunur

17.08.17 16:40 1721
Orta əsr Şəmkir qalası bərpa olunur

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitunun Şəmkir arxeoloji ekspedisiyası 2006-cı ildən başlayaraq Narınqala ərazisində tədqiqatları davam etdirir.
AMEA-dan APA-ya verilən xəbərə görə, indiyə kimi Azərbaycanda orta əsr şəhər mədəniyyəti, buradakı insanların məşğuliyyəti, həyat tərzi öyrənilib. Tədqiqat zamanı məlum olub ki, həmin dövrdə şəhərdə saxsı borular vasitəsilə kanalizasiya xətləri də çəkilib. Şəhərdə dulusçuluğun inkişaf etdirildiyi, rəngli keramik və saxsı qabların, müxtəlif bəzək əşyalarının istehsal edildiyi müəyyənləşdirilib. Orta əsr Şəmkir qalası istər monqolların, istərsə də rusların istilası zamanı dağıdılıb. Buna baxmayaraq, şəhərin arxitekturasını, binatikmə mədəniyyətini tam şəkildə öyrənmək mümkün olub.
Ekspedisiyanın rəhbəri, tarix üzrə elmlər doktoru Tarix Dostiyev bildirib ki, orta əsr Şəmkir qalasının ümumi ərazisi 28 hektardır. Builki tədqiqatlar nəticəsində monumental binanın şimal hissəsi tamamilə öyrənilib. Məlum olub ki, bu hissədə 3 otaq yerləşir. Bütövlükdə isə əvvəllər düşünüldüyü kimi, monumental binanın 10-dan çox otağı olub və bütövlükdə iki min kvadratmetr sahəni əhatə edib.
Arxeoloq qeyd edib ki, orta əsr Şəmkir qalasının tarixi öyrənilməklə yanaşı, bu qədim memarlıq abidəsinin qorunub gələcək nəsillərə ötürülməsi üçün bərpa işləri də görülür.

banner

Oxşar Xəbərlər