• çərşənbə, 24 Iyul, 18:26
  • Baku Bakı 30°C

“Onların bizim səhnədə nə işi var?”

24.06.23 01:30 16642
“Onların bizim səhnədə nə işi var?”

“Azərbaycan nə qədər açıq, demokratik ölkə olsa da, hər adam istədiyi kimi gəlib burada konsert verə, xalqımızın qarşısında sənətini nümayiş etdirə bilməz. Ona görə də, bu iş Mədəniyyət Nazirliyinin icazəsi və razılığı ilə həyata keçirilməlidir”.

Bu gün ölkəmizdə, xüsusən də paytaxt Bakıda bir çox əcnəbi sənətçilərin konsert proqramları təşkil olunur. Əsasən də rus və türk estrada ulduzları tez-tez səhnələrimizi bəzəyir. Bəs bu sənətçilər ölkəmizə hansı kriteriyalara əsasən dəvət olunur? Ümumiyyətlə, bu məsələdə nəzarət mexanizmi varmı? Hansı sənətçilər ölkəmizə gələ bilər, hansıları isə bizim mədəniyyət və siyasət prinsiplərimizə uyğun deyil? 

Mədəniyyət Nazirliyi ilə razılaşdırma olmalıdırmı?

Məsələ ilə bağlı ilk növbədə Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, ölkəmizdə keçirilən bir çox teatr-konsert müəssisələrində tədbir və konsertlər Mədəniyyət Nazirliyinin bilavasitə təşkilatçılığı ilə həyata keçirilir: “Burada dəvət olunan kollektiv, ifaçı, onun yaradıcılığı tərəfimizdən ətraflı araşdırılır. Ancaq onu da qeyd etməliyik ki, bir çox özəl şirkətlər, tədbir təşkilatçıları da müstəqil tədbirlər həyata keçirməkdədirlər. Ölkəmizdə fəaliyyət göstərən bütün zallar, auditoriyalar nazirliyin tabeliyində deyil. Nazirliyin tabeliyində olmayan müəssisələrdə sözügedən tədbirlərin nazirliklə mütləq razılaşdırılması kimi bir qayda mövcud deyildir”.

Amma bir sənətkar Azərbaycanı sevmirsə...

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı da bu məsələyə ciddi yanaşılmasının tərəfdarıdır: “Bu məsələ bədii-özfəaliyyət deyil. Azərbaycan nə qədər açıq, demokratik ölkə olsa da, hər adam istədiyi kimi gəlib burada konsert verə, xalqımızın qarşısında sənətini nümayiş etdirə bilməz. Ona görə də bu iş Mədəniyyət Nazirliyinin icazəsi və razılığı ilə həyata keçirilməlidir. Nazirliyin icazəsindən sonra hansısa şirkət bu konsertin təşkilatçılığını boynuna götürməlidir. Yəni istənilən halda ölkəmizdə baş tutacaq konsertlər birbaşa Mədəniyyət Nazirliyinin ciddi nəzarəti altında olmalıdır. Kriteriyanı da Mədəniyyət Nazirliyi özü müəyyənləşdirməlidir. Düzdür, biz sənəti, musiqini siyasiləşdirmirik. Amma bir sənətkar Azərbaycanı sevmirsə, ölkəmizin əleyhinə çıxışlar edirsə,  Qarabağ məsələsində ermənilərin yanında olubsa, bircə pul qazanmaq, özünü reklam etmək xətrinə gəlib burada konsert verə bilməz. Bundan başqa, mən əxlaqi keyfiyyətlərə də toxunmaq istərdim. Bu gün dünyada bu sənətin daşıyıcılarının çoxu cinsi azlıqların nümayəndələridir. Dünya musiqisi əsasən onların əlindədir. Onların bizim səhnədə nə işi var?”

“Bizim üçün biznesdən öncə Azərbaycan dəyərləridir”

Konsert təşkilatçılığını həyata keçirən şirkətlərdən birinin direktoru Fatimə İmanzadə isə deyir ki, sənətçini dəvət etməmişdən öncə araşdırma aparırlar: “Sənətçinin ölkəmizdə nə qədər tanındığına baxırıq. Öz ölkəsində çox populyar olan sənətçi, bizim ölkəmizdə bir o qədər də tanınmaya bilər. Bu cür sənətçi ilə konsert təşkil etmək risklidir. Çünki çox da uğurlu olmaya bilər. Gənc kütləyə xitab edən müğənni ilə klassik musiqiçilər də fərqlidir. Buna görə konsertə gələn insanların yaş kateqoriyası dəyişir. Digər məsələ isə budur ki, rus və türk müğənniləri indi daha çox gündəmdədir. Amma biz istərdik ki, digər xarici ölkələrin də sənətçilərini dəvət edək. Sadəcə, burada bir məsələ var ki, xarici müğənnilərin Azərbaycana gəliş qiymətləri də çox bahadır. Bu da öz növbəsində avtomatik olaraq bilet qiymətlərinə öz təsirini göstərir, qiymət bahalaşır. Təbii olaraq, bilet satışı çətinləşir. Heç bir təşkilatçı bu riskə gedə bilmir. Eyni zamanda, hər hansı xarici sənətçi bir ölkəyə konsertə getmir. Dünya turuna çıxır və bu tur çərçivəsində Azərbaycana gəlir. Bunun da təşkilati hissəsini Azərbaycanda hər hansı bir təşkilat öz üzərinə götürür. 3-cü və ən vacib məsələ isə budur ki, hər hansı bir sənətçi Azərbaycan haqqında haradasa, nə vaxtsa siyasi və ya başqa bir formatda müəyyən mənfi rəy bildiribsə, biz təşkilatçı şirkət olaraq həmin konserti ləğv edirik. Çünki biznesdən də öncə bizim üçün Azərbaycanın dəyərləridir”.

Xanım Aydın

banner

Oxşar Xəbərlər