• çərşənbə, 24 Aprel, 10:34
  • Baku Bakı 13°C

Nuran Abdullayev: “Prezident Administrasiyasının səhiyyə məsələləri üzrə institutu yaradılmalıdır”

09.09.22 08:59 685
Nuran Abdullayev: “Prezident Administrasiyasının səhiyyə məsələləri üzrə institutu yaradılmalıdır”

Nazirlər Kabineti “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Qaydası”nı təsdiq edib. Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda qeyd olunub ki, Səhiyyə Nazirliyi beynəlxalq təcrübə nəzərə alınmaqla, donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması prosesinin təşkilinə və transplantasiya metodu ilə tibbi yardım göstərilməsinə dair tələbləri iki ay müddətində təsdiq etməli və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Azərbaycanda orqan transplantasiyası ilə bağlı vahid bazada xəstənin, həmçinin donorun məlumatları yer alacaq. Eyni zamanda sağlığında orqanını bağışlamaq istəyənlər də bu sistemə daxil ediləcək. Şəxsin hansı orqanlarını bağışlamaq istədiyi sənəddə qeyd olunacaq.

Yada salaq ki, ölkə Prezidentinin fərmanına əsasən, 2022-ci ilin yanvarın 1-dən Azərbaycanda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun qüvvəyə minib. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunda bir çox mühüm müddəalar yer alıb.

Qanuna əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Meyit donordan isə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürmək mümkündür.

"Həkimlərin göstəriş olmadan xəstənin üzünə "sənə ya transplantasiya etməliyəm, ya da öləcəksən" demələri doğru deyil"
Qanunda yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxsin sağlığında ölümdən sonra transplantasiya məqsədilə orqanlarının götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtinası nəzərdə tutulub. Şəxs ölümündən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsini istənilən vaxt dəyişdirə bilər. Qanuna əsasən, transplantasiya mərkəzlərində koordinatorlar olmalıdır. Bu koordinatorlar işin təşkili, orqan alınması, çıxarılması baxımından idarəedici işləri həyata keçirəcək.

Ölkədə orqana ehtiyacı olan və illərlə növbə gözləyən xəstələr var. Onların intizarına son qoyacaq qanun necə icra olunacaq, ölkə səhiyyəsi həyati əhəmiyyətli qanunun icrasına hazırdırmı? İlk dəfə tətbiq olunacaq meyitdən orqan götürülməsi prosesi gözləntiləri doğruldacaqmı?

Tibb elmləri doktoru, Köln Universitetinin dosenti, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev bildirib ki, Azərbaycan səhiyyəsində orqan transplantasiyasını təşkil etmək və qanunlarla bu istiqamətdə olan müəyyən çətinlikləri tənzimləmək özlüyündə inkişafa gedən yoldur. Onun sözlərinə görə, bu gün qoyulmalı olan ən böyük sual ondan ibarətdir ki, hazırda Azərbaycan səhiyyəsində orqan transplantasiyasına qədər həll edilməli vacib məsələlər öz həllini tapıb və ya tapmayıb: "Buna qədər qurulmalı olan digər çox vacib xidmət mərkəzləri qurulubmu? Ümumiyyətlə, orqan transplantasiyası üçün etik normalar elmi səviyyədə qəbul olunubmu? Buna nəzarət oluna biləcəkmi? Xalq arasında orqan bağışlama mədəniyyətinin inkişafı layihəsi işlənib hazırlanıbmı? Ümumiyyətlə, bu məsələlərdə həddindən çox ehtiyatlı davranmaq vacibdir. Unutmaq olmaz ki, bu gün Azərbaycanda orqan transplantasiyasını cəmi iki-üç nəfər icra etməyə cəhd edirsə, bu, o demək deyil ki, artıq mütləq bu cür mərkəz yaradılmalıdır. Həmin şəxslərin özləri də çox gözəl bilir ki, arzuolunan səviyyədə transplantasiyanı müxtəlif səbəblərdən bu gün Azərbaycanda icra edə bilmirlər və bu gedişlə onun məktəbini qurmaq da gələcək nəslin işi olacaq. Qeyd etdiyim kimi, müxtəlif səbəblər var.  Şəxsi təcrübəmdən isə deyə bilərəm ki, o həkimlərin göstəriş olmadan xəstənin üzünə "sənə ya transplantasiya etməliyəm, ya da öləcəksən" demələri doğru deyil. Həmin xəstələrin bir qisminə şəxsən özüm köməklik göstərmişəm, onlar transplantasiyasız bu günə qədər də həyatdadırlar. Digər nümunə də çəkə bilərəm: məsələn, transplantasiyadan sonra məlum olur ki, əməliyyatdan öncə kiçik diqqətsizlik olub, hansı ki, əməliyyatdan öncə mütləq baxılmalı idi. Bu səbəb də daxil olmaqla, bir neçə başqa problemlər də xəstənin vəziyyətinə təsir edir və bir müddətdən sonra onun səhhəti ciddi şəkildə ağırlaşır. Əməliyyat edən transplantoloq xəstəni bu vəziyyətdə yenidən qəbul etmir və bir müddət sonra xəstə dünyasını dəyişir. Tibbi etik normalara bu cür yanaşmaqla təbii ki, istənilən və ya planlaşdırılan səviyyədə transplantasiya mərkəzi yaratmaq olmayacaq.

Digər bir məsələyə də toxunaraq bildirmək istəyirəm ki, mərkəzin yaranmasına əsas kimi də orqana ehtiyacı olan və illərlə növbə gözləyən xəstələrin sayı göstərilərsə, bu yanaşma kökündən yanlışdır. Mən bir neçə xəstəliklər saya bilərəm ki, müalicə olunma prioriteti də, rast gəlmə sayı da orqan köçürmədən öndə gəlir, amma onlara göstərilən xidmət bu gün Azərbaycanın inkişaf səviyyəsinə uyğun deyil. Çünki ümumilikdə Azərbaycan, o cümlədən ölkəmizin iqtisadiyyatı kifayət qədər inkişaf edib".

N.Abdullayev Almaniya təcrübəsinə istinad edərək ciddi müqayisələr aparıb: “2021-ci ildə 933 orqan donoru olub və ümumiyyətlə, 2021-ci il üçün 1 milyon əhaliyə 11,2 orqan donoru düşür. Növbədə isə təxminən 8700 insan gözləyir və növbədə olan 826 nəfər 2021-ci ildə dünyasını dəyişib. Təsəvvür edin, səhiyyəsinin səviyyəsi və tibbi etik normalara ən yüksək səviyyədə əməl olunan səhiyyə sisteminin birində bu cür rəqəmlər görürüksə, Azərbaycanda bu rəqəmlər nə qədər bərbad olar və unutmaq olmaz ki, vəziyyəti ciddi çətinləşdirən məqamlardan biri də bizim əhalinin orqan bağışlama məsələsinə birmənalı yanaşmayacağı olacaq.

Tövsiyə edərdim ki, orqan transplantasiyasına illik ehtiyacı olan xəstələr illik beyin insultu keçirən xəstələrlə müqayisə edilsin, sonra hər iki xəstəliyə göstərilən xidmətin səviyyəsi və doğru xidmət göstəriləcəyi təqdirdə həyatda sağ qalma illərinə baxılsın və yaşam keyfiyyəti müqayisə edilsin, hətta hər iki qrupdan həyatda qalan insanın dövlətə verdiyi vergi də müqayisə edilə bilər. O zaman anlaşılar ki, səhiyyə sistemində nələrdən başlamaq vacibdir və nələri paralel olaraq inkişaf etdirmək lazımdır. İnsult xəstələri çəkə biləcəyim nümunələrdən hələ sadəcə biridir. Bu siyahı uzundur. Mənim fikrimcə, ümumiyyətlə, Azərbaycan səhiyyəsində olan potensial lazımi səviyyədə istifadə edilmir. Zamanında təklif etdiyim Azərbaycan Respublikası Prezidentinin səhiyyə məsələləri üzrə köməkçisi - Prezident Administrasiyasının səhiyyə məsələləri institutunun yaradılmasının vacibliyini bir daha vurğulayıram və dövlətçilik prinsiplərinə əsaslanan və hüquqi dövlət quruculuğunda mühüm rol oynaya biləcək strateji təkliflər layihələrinə bu institutun birbaşa özünün nəzarət etməsini bir daha təklif edirəm".

Qeyd edək ki, bu ilin may ayından Azərbaycanda donor bankı yaradılıb. Ölkədə orqan və transplantasiya həyata keçirəcək klinikaların adları da təsdiq olunub. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”  Qanun komitə tərəfindən hazırlanıb və Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Milli Məclisin səhiyyə komitəsinin iclasında bildirilib ki, donor sahəsində Türkiyə ilə əməkdaşlıq nəzərdə tutulub.

banner

Oxşar Xəbərlər