• cümə, 29 Mart, 05:00
  • Baku Bakı 7°C

Norma həddindən artıq “Parasetamol”dan istifadə etmək yolverilməzdir

28.01.23 10:30 615
Norma həddindən artıq “Parasetamol”dan istifadə etmək yolverilməzdir

Adətən qripə yoluxanlar ilkin vasitə kimi yüksək temperatur əleyhinə ağrıkəsici təsirə malik “Parasetamol”dan istifadə edir. Digər analgetiklərlə müqayisədə onun əks-təsirləri daha az olsa da, dərmanı həkim məsləhəti olmadan, düzgün dozada qəbul etmədikdə orqanizmdə müxtəlif fəsadlara səbəb olur. Həkimlər bildirirlər ki, mütəmadi “Parasetamol” və dərmanların istifadəsi böyrək və qaraciyər çatışmazlığı kimi xəstəliklərə aparıb çıxarır.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Emin Məmmədov deyib: “İlk iki-üç gün xəstənin temperaturu 38 dərəcəni aşmırsa, yüksək hərarətlə əlaqədar qıcolma, özündəngetmə, bayılma hallarına meyilli deyilsə, temperaturu qəfil aşağı salmaq düzgün deyil. İmmun sisteminin aktivləşməyinə imkan vermək lazımdır. “Parasetamol” həm də qaraciyərə çox güclü toksiki təsir göstərən bir maddədir. Xüsusilə gündəlik icazə verilən 2 qram həddini aşmaq çox ciddi dərman toksikozu kimi təsir göstərir, qaraciyər çatışmazlığına və kəskin dərman hepatitinə səbəb ola bilər”.

“Parasetamol”u digər preparatlarla qarışdırmaq yolverilməzdir: “Bu, həm mədə-bağırsaq sisteminə, həm qaraciyərə toksiki zəhərli təsir göstərən bir qarışıqdır. Temperatur qalxan kimi qıcolmaları, epileptik tutmaları və özündəngetmə halları ilə üzləşənlər dərhal temperaturu aşağı salan dərmanlardan istifadə edə bilər. Həmin hallar olmadıqda ilk iki gün temperaturu aşağı salmağa cəhd göstərmək lazım deyil. Temperatur iki gündən sonra davamlı yüksəlməyə doğru gedirsə, antiviral preparatlar qəbul etmək olar”,- deyə həkim-terapevt bildirib.

Ümumilikdə “Parasetamol”un gündə iki dəfədən artıq istifadəsi məsləhət görülmür. Dərmanın qəbulundan sonra ürəkbulanma, halsızlıq, iştahasızlıq kimi əlamətlər müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

banner

Oxşar Xəbərlər