• şənbə, 27 Iyul, 13:35
  • Baku Bakı 28°C

Neft sektorundan vergi daxilolması azalır

04.11.23 01:18 2063
Neft sektorundan vergi daxilolması azalır

Buna səbəb qaz qiymətlərinin ucuzlaşması, əsas neft yatağımız olan “Azəri-Çıraq-Günəşli”də hasilatın azalmasıdır. Yaranmış boşluğun aradan qaldırılması üçün gələn il Dövlət Neft Fondundan büdcəyə transfertin miqdarı 1 milyard manat artırılacaq.    

“Gələn ilin dövlət büdcəsinin proqnozlarında neft sektorundan vergi daxilolmalarında iki dəfəyə qədər azalma gözlənildiyinə görə ümumi vergi daxilolmalarında geriləmə olacaq”. “Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deyib. Onun sözlərinə görə, bu, dövlət büdcəsinin vacib məqamlarından biridir: “Biz maliyyə imkanlarımıza real olaraq baxmalıyıq. Cari ildə dövlət büdcəsində dürüstləşdirmə apardıqdan sonra, edilən dəyişikliklər nəzərə alınmaqla, 2024-cü ilin dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozlarında azalma var. Neft sektorundan vergi daxilolmaları 2 milyard manatdan artıq azalıb. Bu, bizi kifayət qədər narahat etməlidir”.

Neft hasilatımız da azalır 

Nazir deyib ki, azalmanın müəyyən səbəbləri var. Onlardan biri odur ki, cari ilin əvvəlində dünya miqyasında qaz qiymətləri kəskin surətdə artmışdı: “Yanvar-fevral aylarında hətta 3 min ABŞ dolları olmuşdu. Şübhəsiz ki, Azərbaycan da bundan bəhrələnmişdi. Artıq cari ilin iyul ayında biz bu gəlirləri dövlət büdcəsində əks etdirdik. Gəlirlərin azalmasına təsir edən ikinci faktor neft hasilatının azalmasıdır. Biz bunları tam reallıqla dərk etməliyik. Bizim əsas neft yatağımız olan “Azəri-Çıraq-Günəşli”nin neçə illər ərzində istismarı nəticəsində ehtiyatları tədricən tükənir. Nəticədə hasilatımız azalır”, - nazir bildirib.

Enerji bazarlarında münbit qiymət konyukturası

S.Şərifov vurğulayıb ki, dünya enerji bazarlarında hazırda olduqca müsbət münbit qiymət konyukturası mövcuddur. Bu nəzərə alınmaqla dövlət büdcəsində neftin qiyməti 60 ABŞ dolları nəzərdə tutulub. Nazir bildirib ki, neftin 10 ABŞ dolları bahalaşması dövlət büdcəsinin gəlirlərini təxminən 420 milyon manat artırıb: “Bu, Dövlət Neft Fondunun gəlirlərini daha da çoxaldıb. Bu gün dövlət büdcəsində neftin qiyməti 60 ABŞ dolları təşkil edir, beynəlxalq təşkilatların proqnozlarında təxminən 80 ABŞ dollarıdır. Söhbət təxminən 850 milyon manat əlavə gəlirdən gedir. Biz növbəti ilin vergi daxilolmalarını qiymətləndirsək, 2 milyard 27 milyon manat neft sektoru üzrə kəsirimiz əmələ gəlir. Lakin, Azərbaycan Dövlət Neft Şirkətinin vergi daxilolmaları gələn il cari illə müqayisədə 240 milyon manat çox olacaq”.

Qeyri-neft sektoru üzrə daxilolmalar artır

Nazirin sözlərinə görə, dövlət büdcəsinə ən əsası qeyri-neft sektoru üzrə daxilolmalar əhəmiyyətli dərəcədə artır: “Bu sektordan daxilolmalar bir milyard manatdan yuxarıdır. Bunları da nəzərə almaqla bizim fərqimiz təxminən 850 milyon manat təşkil edir. Amma bizim qarşımızda proqramlar var və böyük vəzifələr qoyulub. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiə qabiliyyətimizin gücləndirilməsi kimi çağırışlar var. Bu işlərin görülməsi üçün bizim xərclərimiz təxminən cari ilin səviyyəsində saxlanılıb. Yəni cüzi, 170 milyon manat artımdan söhbət gedir. Bunu təmin etmək üçün biz Dövlət Neft Fondundan dövlət büdcəsinə transferti gələn il cari illə müqayisədə bir milyard manat artırmaq məcburiyyətindəyik. Münbit müsbət qiymət konyukturası bizə imkan verir ki, büdcə qaydalarını pozmayaq, Dövlət Neft Fondunun vəsaitlərinin qalığını da saxlayaq”.

 

banner

Oxşar Xəbərlər