• cümə, 29 Mart, 14:48
  • Baku Bakı 14°C

Mövsümi depressiyaların səbəbi nədir? - Diskussiya

14.10.17 10:00 9225
Mövsümi depressiyaların səbəbi nədir? - Diskussiya
Hava dəyişkənliyi səhhətimizə olduğu kimi, psixologiyamıza da təsir edir. Xüsusilə yay mövsümündən sonra gənclərin ən çox rast gəldiyi problemlərdən biri də depressiya adlandırdıqları əhval dəyişikliyidir. Bəs mövsümi depressiyaların səbəbi nədir? Depressiyaya düşməmək üçün nə etməliyik? Bu sualı Gənc Psixoloqlar Birliyinin psixoloqları ilə müzakirə etdik.


Səyyarə Yusubova:
- Depressiya ağır psixi xəstəlikdir. Cəmiyyətdə bu sözü tez-tez işlədirik. Ən yüngül psixoloji vəziyyətə belə depressiya deyirik. Depressiya psixoloji xəstəliyin ağır formasıdır və xəstə mütləq psixoloq, həkim nəzarətində olmalıdır. Xəstəliyin üç əsas əlaməti var. Birincisi insanın enerjisi ilə bağlıdır. Enerji kəskin düşür və heç nə edə bilmirsən, passivləşirsən. İkincisi, insanın maraq dairəsi olmur. Depressiyada olan insana həyatda heç nə maraqlı deyil və zövq almır. Üçüncüsü isə, insanda gələcəklə bağlı planlar olmur. Bundan əlavə, özünü qiymətləndirmə aşağı düşür, kəskin iştahasızlıq olur, insan yuxudan doymur və s. Sadaladığım bu hallar 2 həftədən artıq davam edərsə, artıq həmin şəxs depressiyadadır. Mövsümi depressiya isə daha çox yüngül xəstəlik səviyyəsində olur, mühit dəyişməsiylə insana təsir edən psixoloji haldır. Amma bəzi hallarda bu psixoloji vəziyyət uzun müddət davam edir. Belə olduqda, həkimə müraciət edilməlidir. Bizim cəmiyyətdə depressiya sözü o qədər adiləşib ki, insanlar onun ciddiliyinin fərqinə varmırlar. Depressiya insanı intihar həddinə kimi gətirib çıxara bilər.

Atəş Musazadə:
- İnsanlar arasında mövsümi depressiya yanlış anlaşılıb. Sanki daha yüngül hal kimi qəbul edilib. Depressiya psixoloji xəstəlikdir. Amma "depressiyadayam” deyib gənclərin nəzərdə tutduğu başqa haldır. Onlarda əhval dəyişiklikləri olur və əsasən də yağış yağanda müəyyən romantik hisslər üzə çıxır. Yaşanan keçmiş travmalardan hansısa epizodalar yada düşür. Bunun nəticəsində həmin hava onların əhval-ruhiyyəsinə təsir edir. Belə olan halda, onlar deyə bilərlər ki, mən mövsümi depressiyadayam. Əslində, bu, mövsümi depressiya deyil, güzəran psixologiyasına aiddir. Elmdə mövsümi depressiya yoxdur.
Rövşən Hümbətov:

- Payızdan əvvəl yay olur. Yayın da öz xüsusiyyətləri var. İstirahət müddəti yay mövsümünə təsadüf edir. Günəşlənirik, dənizə gedirik, xoş zaman keçiririk, dostlarla əylənirik. Yəni ilin ən yaxşı dönəmini yaşayırıq. Payız fəslində isə hava dəyişir, istirahət müddəti bitir və iş başlayır. Artıq günəşli hava yerini boz, tutqun havalara verir. Bu, "Payız depressiyası” deyil, sadəcə, fəslə alışana qədər hər bir insanda müəyyən əhval-ruhiyyə pozğunluğu olur.
Atəş Musazadə:
- Bəzi insanlar var ki, payızı çox sevirlər və belə insanlarda payız depressiyası olmur. Onlar yayda deyil, payızda aktivləşirlər. Ona görə də bu, əslində fərdi bir şeydir. Biz mütləq deyə bilmərik ki, hər insan mövsümi depressiyadan əziyyət çəkəcək.
Zümrüd Əkbərova:
- Bir şeyi vurğulamaq istəyirəm ki, son vaxtlar depressiya sözünü gündəlik münasibətlərdə çox işlədirik və yanlış başa düşülür. Hamı fəslə normal adaptasiya müddətinə depressiya deyir. Depressiya adlandırdıqda isə, ondan çıxmaq da bir o qədər çətinləşir. Məsələn, adam payızı sevmirsə, bu, depressiya deyil, sadəcə, adaptasiya müddəti keçir.

Aytac Sahil:
- Hər bir psixoloji hadisənin bioloji, sosial və individual tərəfi olur. Bioloji tərəfi odur ki, günəş işığı azaldıqca, hormonların ifrazı da azalır. Bizim hisslərimizi, emosiyalarımızı idarə edən hormonlardır. Ona görə də, istər-istəməz, bu bizə təsir edir. Sosial tərəfi odur ki, aktivliyimiz məhdudlaşmağa başlayır və əgər sosial insanlarıqsa, bu bizə təsir edir. İndividual tərəfi isə bu ola bilər ki, bizim hansısa fəsillərlə bağlı xatirlərimiz olur. İnsanın hansı fəsli sevməsi onun özündən asılı olur.
Səyyarə Yusubova:
- İnsan beyninə nə yerləşdirsə, onunla da işləyir. Buna biz sosial yönəlişlik deyirik. Əgər biz tətilimizin axırında yeni iş rejiminə fikrən hazırlaşırıqsa, işə qoşulduqda stress yaşamırıq. Günəş işığı azaldıqca, biz düşüncələrimizdə bunu qəbul ediriksə, təzyiq də bizə az olur. Biz insanlara tövsiyə verə bilərik ki, orqanizm tutqun havalarda pis düşüncələrə meyillidirsə, düşüncələrini dəyişsinlər. Düşüncələrimizi idarə edə bilərik. Bizim cəmiyyətdə vaxtı idarə edə bilməmək problemi var. Bu, həyata passiv yanaşmadır. Biz bu barədə düşünsəydik, payızda daha yaxşı olardıq.

- Düşüncələrimizi yönəltmək üçün nə etməliyik?
Rövşən Hümbətov:
- İnsan daim özünü mənfiyə kökləyir. Tutaq ki, iş üçün müraciət edib və işə qəbul ola bilməyib. Özünü günahlandırır ki, mən bacarıqsızam. Nəticədə yeni düşüncə ortaya çıxır: "Uğursuzamsa, geri qalacam və nailiyyət əldə edə bilməyəcəm”. Bu kimi ardıcıl düşüncələr onu neqativə kökləyir. İnsana reallıq hissini aşılamaq lazımdır. Hər hadisəyə pozitiv baxmaq lazımdır. Mövcud olan şansları dəyərləndirməliyik. Şanslardan düzgün istifadə etdikdə, düşüncələrimizi də doğru yönəldə bilirik.
Atəş Musazadə:
- Əsas şərtlərdən biri insanın özünə səhv etmək şansı verməsidir. Həyat həmişə uğurlardan ibarət deyil. İnsan bəzən uğursuzluğa düçar ola bilər və bu zaman depressiyaya düşməli deyil, dərs çıxarmağı öyrənməliyik. Hər bir uğursuzluq bizə nə isə öyrədir. İnsan yaşanan uğursuzluqdan o dərsi öyrənib yoluna davam edərsə, artıq ikinci dəfə həmin uğursuzluğa düçar olmayacaq. Bəzən ətraf və valideynlər gənclərə səhv etmək şansını vermir, bu da depressiyaya gətirib çıxarır. Yolda gediriksə, o yol eniş, yoxuş, düz ola bilər. Sadəcə, bu yolda cəsarətlə irəliləmək lazımdır.
Zümrüd Əkbərova:
- İnsan evlilikdən subaylığa keçəndə belə, hansısa dəyişiklik yaşayır. Amma bu, bu vəziyyətə öncədən hazırlaşanların psixologiyasına təsir etmir. Deməli, düşüncələrini düzgün yönəldə bilir.
Səyyarə Yusubova:
- Biz sevinməliyik ki, çox yaxşı iqlimdə yaşayırıq. Coğrafiyamızda hər cür havanı görürük. Avropanın bəzi ölkələri var ki, əhalinin çox hissəsi depressiyanı dərman olmadan keçirə bilmir. Bu mənada, bizim mövsümlər çox yaxşıdır. İkinci məsələ isə bizim gənclərin ailədən asılılığıdır. Gənc şəxsiyyət olaraq öz qərarlarını özləri verməlidir. Valideynlər bir çox hallarda buna icazə vermir. Amma gənclər müstəqil qərar verməyi, ayaq üstə durmağı öyrənməlidir. Yaxın ətraf, dostlar gənclik dövründə çox önəmlidir. Kollektiv olaraq bir-birini dəstəkləməlidirlər. Ünsiyyətlə çox şeyi həll etmək mümkündür.

Aytac Sahil:

- İnsan özünü idarə etməsi üçün özünü kifayət qədər tanımalıdır. Düşüncələrimizi dəyişməkdə özümüzə güvənməliyik. İnsan özü real vəziyyətini qiymətləndirə bilmir. Qiymətləndirmək üçün ətrafdan güzgü lazımdır. Bu bizim ailəmiz, dostlarımız və psixoloq ola bilər.
Zümrüd Əkbərli:
- Sən o vaxt sağala bilərsən ki, xəstə olduğunu qəbul edəsən. Danışmaq, fikirləri bölüşmək, yazmaq, şəkil çəkmək, təmiz havada gəzmək lazımdır. Hərəkətdə ol, həyatı sev və gülümsə.

Rövşən Hümbətov:

- Əhval-ruhiyyəni salan stress faktorlarıdır. Stressdən uzaq qalmaq lazımdır. Fəsil dəyişəndə, yaşam tərzini, yemək vərdişlərini, gündəlik yuxu rejimini dəyişirsən. Neqativ düşüncələr əhval-ruhiyyəyə təsir edir. Bu məsələdə dostlarla, qohumlarla ünsiyyət önəm daşıyır.

Aytac Sahil:

- Yuxu rejiminə riayət etmək, normal qidalanmaq və hərəkətdə olmaq depressiyanın ən yaxşı dərmanıdır.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər