• çərşənbə, 24 Aprel, 02:10
  • Baku Bakı 14°C

Müşfiq Quluyev: “Daha yaxşı sabah üçün texnologiyadan maksimum yararlanmalıyıq”

01.10.22 12:06 2881
Müşfiq Quluyev: “Daha yaxşı sabah üçün texnologiyadan maksimum yararlanmalıyıq”

Hazırda Elektrik və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) Azərbaycandan 31 nəfər aktiv üzvü vardır və onlardan yalnız 3 nəfər yüksək dərəcəli, yəni “Senior Member” üzvlərdir. Həmin şəxslərdən biri də təşkilatın yüksək dərəcəli üzvlüyünə yeni seçilmiş Müşfiq Quluyevdir. O, 15 ildən çoxdur telekommunikasiya sahəsində fəaliyyət göstərir, hazırda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı, telekommunikasiya sahəsində BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının İnkişaf Bürosunun 2-ci Rəqəmsal Transformasiya işçi qrupunun sədr müavini, Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun katibidir. Prezident İlham Əliyevin 6 dekabr 2021-ci il tarixli 3027 nömrəli Sərəncamı ilə M.Quliyev Azərbaycanda rabitə və informasiya sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

- Müşfiq müəllim, tərcümeyi-halınızdan göründüyü kimi, Siz IEEE-nin yüksək dərəcəli 3 üzvündən birisiniz. Yaxşı olardı ki, ilk öncə üzv olduğunuz qurum haqqında oxucularımıza ətraflı məlumat verəsiniz.

- Elektrik və Elektronika Mühəndisləri İnstitutu, ingiliscə “Institute of Electrical and Electronics Engineers” texnologiyanı bəşəriyyətin xeyrinə inkişaf etdirməyə həsr olunmuş dünyanın ən nüfuzlu peşəkar texniki təşkilatıdır. İlk dəfə 1884-cü ildə ABŞ-ın Nyu York şəhərində Tomas Edison, Aleksander Graham Bell kimi dövrün aparıcı şəxslərinin də iştirakı ilə bir qrup şəxslər tərəfindən yeni yaranan və inkişaf edən elektrik, teleqraf, simli rabitə kimi sahələrdə texniki peşəkarları və bəşəriyyətin yaxşılaşdırılması üçün innovasiyaları tətbiq etmək səylərini dəstəkləmək məqsədilə yeni təşkilat - Amerika Elektrik Mühəndisləri İnstitutu yaradılıb. 1963-cü ildə isə Amerika Elektrik Mühəndisləri İnstitutu və Radio Mühəndisləri İnstitutunun birləşməsi nəticəsində IEEE yaradılıb. 2009-cu ildən başlayaraq hər il 4 oktyabr tarixi IEEE-nin təsis günü kimi dünyanın müxtəlif ölkələrində qeyd edilir. Hazırda təşkilatın dünyanın 160-dan çox ölkəsində 400000-dən artıq aktiv üzvü vardır. Bunlardan təqribən 126 min nəfərədək tələbə və təqribən 153 min nəfər ABŞ-dan, 60 min nəfər Hindistandan, 35 min nəfər Çindən olan üzvlər üstünlük təşkil edir. Bu texniki təşkilat kompüter, informasiya texnologiyaları, fizika, biologiya və tibb, riyaziyyat, kommunikasiya, təhsil, idarəetmə, hüquq, elmi-texniki siyasət və mühəndislik kimi sahələrdən olan mühəndis, texnoloq və digər ixtisaslı mütəxəssisləri bir araya gətirir. IEEE bəşəriyyətin rifahı üçün texnologiyanı inkişaf etdirmək missiyasını dəstəkləyərək, öz üzvlərini texnologiya mütəxəssisləri kimi gücləndirmək və uğur əldə edilməsi üçün alətlər və resurslarla təmin etmək öhdəliyini öz üzərinə götürüb. IEEE və onun üzvləri yüksək sitat gətirilən nəşrlər, konfranslar, texnologiya standartları, peşəkar və təhsil fəaliyyətləri ilə cəmiyyətə əhəmiyyətli töhvələr verir. Belə ki, təkcə 2021-ci ildə təşkilatın dəstəyi ilə 102 ölkədə 1899 konfrans təşkil edilib, bu konfranslarda 572 mindən artıq onlayn və fiziki iştirakçı olub, 91444 yeni məqalə dərc edilib, 131 standart təsdiqlənib, IEEE-yə aid mənbələrdən 232 milyondan artıq sənəddən istifadə olunub. IEEE tərəfindən ümumilikdə 200-ə yaxın resenziyalı jurnal və dünya üzrə elektrik, elektronika və kompüter elmləri ədəbiyyatının 30%-dən çoxu dərc edilməkdədir. Yəqin ki, qeyd edilənlərlə IEEE-nin texniki sahədə nə qədər əhəmiyyətli və nüfuzlu beynəlxalq təşkilat olduğunu qismən izah etmək olar və bu barədə daha geniş məlumatı təşkilatın rəsmi www.ıeee.org veb səhifəsindən əldə etmək mümkündür.

- IEEE-yə üzvlük və “Senior Member” dərəcəsinə layiq görülmək üçün tələblər nədən ibarətdir?

- İstər yüksək ixtisaslı peşəkar olmanızdan, istərsə də iş fəaliyyətinə yeni başlamanızdan asılı olmayaraq IEEE-yə üzv ola və bu təşkilatın təqdim etdiyi imkanlardan istifadə edə bilərsiniz. Bunun üçün müxtəlif dərəcələrdə üzvlük seçimləri mövcuddur. “Senior Member” dərəcəsi isə IEEE üzvlərinə verilən ən yüksək dərəcədir. “Senior Member” dərəcəsinə qəbul olmaq üçün namizəd ümumilikdə 10 il müddətində IEEE tərəfindən təyin edilmiş sahələrdə mühəndis, alim, pedaqoq, texniki rəhbər kimi işləməli, ən az 5 illik əhəmiyyətli layihələrdə fəaliyyəti olmalı və ən az 3 nəfər “Senior Member” üzv tərəfindən müsbət tövsiyə almalıdır. “Senior Member” dərəcəsinə qəbul olmaq üçün müraciətlərə ildə 6 dəfədən az olmayaraq keçirilən panel görüşlərdə baxılır və nəticələr bir həftə ərzində müraciətçilərə təqdim edilir. Cari ilin sentyabr ayında tələb olunan məlumatlar və təsdiqedici sənədlərlə birgə, ABŞ, Türkiyə və Hindistandan olan 6 nəfər “Senior Member” üzvün tövsiyələri ilə birgə “Senior Member” dərəcəsinə qəbul olmaq üçün müraciətimə 24 sentyabr 2022-ci il tarixində Malasiyanın Kuala Lumpur şəhərində keçirilən IEEE-nin “Senior Member” müraciətlərə baxış panel görüşündə baxılıb və müsbət cavab verilib. Məlumat üçün bildirim ki, panel baxışı IEEE-nin Malasiya bölməsinin 76 yüksək səviyyəli üzvü tərəfindən həyata keçirilib və 540-dək namizədin “Senior Member” dərəcəsi almaq üçün müraciətlərinə baxılıb.

- IEEE-yə üzvlük hansı imkanları təqdim edir?

- IEEE-yə üzv olmaqla “Məsləhətçilər Şəbəkəsi”, “IEEE Sahibkarlıq”, “IEEE Gənc Peşəkarlar”, “Mühəndislikdə Qadınlar” kimi maraq qrupları, “Aerokosmik və Elektron Sistemlər Cəmiyyəti”, “Yayım Texnologiyaları Cəmiyyəti”, “Sxemlər və Sistemlər Cəmiyyəti”, “Rabitə Cəmiyyəti” kimi ümumilikdə 40-a qədər texniki cəmiyyətlər, “Biometrik Şura”, “Elektron Dizaynın Avtomatlaşdırılması Şurası”, “Nanotexnologiyalar Şurası”, “Radiotezliklərin İdentifikasiyası Şurası”, “Sensorlar Şurası”, “Superkeçiricilər Şurası”, “Sistemlər Şurası” kimi texniki şuralar, “Biq Data”, “Blockchain”, “Bulud Hesablama”, “Kibertəhlükəsizlik”, “Rəqəmsal Məxfilik”, “Rəqəmsal Reallıq” kimi 20-dən artıq texniki icmalar, “Aerokosmik Elektronika”, “Rabitə”, “İnformasiya texnologiyaları”, “Mikrodalğalı nəzəriyyə və texnikalar”, “Güc elektronikası”, “Güc və enerji”, “Şərtlər və anlayışlar”, “Nəqliyyat texnologiyası” sahələri üzrə 30-a qədər işçi qruplarına daxil olmaq, onların işində yaxından iştirak etmək mümkündür. Həmçinin IEEE tərəfindən təşkil edilən görüş, konfrans, forum və tədbirlərdə məruzəçi, təşkilatçı qismində yaxından iştirak, təşkilatın geniş bilik bazasından istifadə imkanlarından yararlanmaq olar. Bununla yanaşı, yeni biliklər əldə etmək, ən müasir texnoloji həllərin inkişaf etdirilməsi və standartların yaradılmasında iştirak etmək, digər texnologiya mütəxəssisləri ilə əlaqələr qurmaq, müxtəlif texniki maraqlar üzrə müzakirələrə qoşulmaq, layihələri bölüşmək, maraq sahəsi üzrə mütəxəssis kimi inkişaf etmək, bütün dünyada IEEE hadisələrini və fəaliyyətləri barədə mütəmadi məlumat almaq kimi imkanları əldə etmək mümkündür. Bu imkanlardan istifadə etməklə texniki sahədə ən son proses və yeniliklərdən məlumatlı olmaq, beynəlxalq səviyyədə karyera resursları və tanınma imkanları əldə etmək, peşəkar əlaqələrin yaratdığı imkanlarından istifadə etmək, davamlı bilik və təhsil almaq mümkündür.

- Qarşıdan 4 oktyabr IEEE-nin təsis günü gəlir. Bu əlamətdar tarix öncəsi texniki sahədə peşəkar fəaliyyət göstərən həmkarlarınıza nə söyləmək istərdiniz?

- Əvvəla məlumat və fikirlərimi bölüşmək üçün yaratdığınız bu imkana görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu imkandan istifadə edərək texniki sahədə peşəkar fəaliyyət göstərən, eləcə də bəşəriyyətin rifahı naminə texnologiyanı inkişaf etdirmək missiyasını dəstəkləyən bütün həmkarlarımı təbrik etmək, onlara işlərində uğurlar arzu etmək istərdim. Hazırda texnoloji sahədə inkişaf və yeniliklər o qədər sürətlə baş verir ki, hər bir mütəxəssis öz üzərində davamlı olaraq çalışmalı, bu proses və dəyişikliklərdən birbaşa mənbədən məlumatlar almalı, ümumiyyətlə, daha yaxşı sabah üçün texnologiyadan maksimum yararlanmalıdır. Bu baxımdan IEEE tərəfindən geniş imkanlar və üstünlüklər təqdim edilir. Belə bir əlamətdar hadisənin mətbuatda işıqlandırılması isə bu sahədə əhəmiyyətli töhvələr vermək potensialı olan gənclərimizin və digər mütəxəssislərin məlumatlandırılması, texniki sahədə fəaliyyətin və mütəxəssislərin inkişafının təbliğ edilməsi baxımından çox vacibdir.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər