• cümə, 26 Aprel, 08:19
  • Baku Bakı 12°C

Murad Hüseynov: “Muğam genetik kodumuzdur”

18.09.19 10:30 2195
Murad Hüseynov: “Muğam genetik kodumuzdur”
10 ildir ki, Dənzikənarı Bulvarın sahilində ecazkarlığı, füsunkarlığı ilə vətəndaşlarımıza və şəhərimizin qonaqlarına xidmət edən, muğam sənətinin ocağı funksiyasını daşıyan Beynəlxalq Muğam Mərkəzinin qonağı olduq. Bizi Mərkəzin direktoru, Xalq artistiMurad Hüseynov qarşıladı. Murad bəylə söhbət edə-edə Mərkəzin girişində yer alan "Alətlərimizin dünəni, bugünü, sabahı” adlı eksponatları izləyib, milli musiqimizin tarixinə, musiqi alətlərimizi özündə əks etdirən kiçik muzey guşəsində olan yeniliklərə şahidlik etdik.Burada müxtəlif əsrlərdən yadigar olan musiqi alətlərinin nümunələri sərgilənib. Murad Hüseynovla söhbət əsnasında qısa da olsa, keçmişə səyahət etmiş olduq. Həmçinin müasir musiqi alətlərimizin sərgiləndiyi guşədə onların bu gün dünya arenasında tanıdılmasından, sabaha boylanan ümidlərdən danışdıq.

- Beynəlxalq Muğam Mərkəzi 10 ildir ki, fəaliyyət göstərir. İstərdik, bir neçə kəlmə ilə Mərkəzin 10 illik yoluna güzgü tutasınız.
- Beynəlxalq Muğam Mərkəzi dünyada misli olmayan möhtəşəm bir Mərkəzdir. Bura Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunub. 2008-ci ilin 27 dekabrında təntənəli açılış mərasimi baş tutub. Bu Mərkəzin açılması muğam dünyası üçün bir bayrama çevrilərək əsl musiqi hadisəsi oldu. Sevindirici haldır ki, indi yalnız Bakıda deyil, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bölgələrimizdə, Qarabağ torpağında, işğal altındakı torpaqlarımızla sərhəd şəhərlərimizdə də istedadlı gəncləri yetişdirmək və muğam sənətinə töhfə vermək üçün gözəl muğam mərkəzləri istifadəyə verilib. Bu gün, tarixdə heç vaxt olmadığı kimi, muğam Azərbaycanın dünyaya töhfəsi kimi sevilir və tanınır. Bu da təbii ki, Prezident İlham Əliyevin və Mehriban xanımın işıqlı və parlaq fəaliyyətinin nəticəsidir. Muğam sənəti, bu sənətin əsas alətləri – tar, kamança YUNESKO-nun Ümumdünya irsi siyahısındadır. Bunun özü böyük uğurdur və muğamın təbliğində vacib rol oynayır. Dünyanın elə bir ölkəsi yoxdur ki, muğam ifaçılarımız orada çıxış etməsinlər. Heydər Əliyev Fondu dünyada musiqimizin təbliğatı ilə məşğuldur və böyük tədbirlər keçirir. Belə olduğu təqdirdə, Azərbaycan muğamı dünyada daha çox tanınır. Dünyanın məşhur musiqiçiləri ilə bizim musiqiçilərimiz arasında sıx əlaqə, dostluq münasibətləri yaranır.Beynəlxalq Muğam Mərkəzimizdə irimiqyaslı layihələr, elmi konfranslar, dəyirmi masalar, konsertlər, böyük tədbirlər keçirilir. Beynəlxalq Muğam Festivalının məhz bizim Mərkəzdə də olmaqla keçirilməsi böyük əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Muğam Televiziya Müsabiqəsi bütün dünyaya televiziya vasitəsilə musiqimizi və muğamımızı tanıtdıran misilsiz bir layihədir. Burada neçə-neçə istedadlı gənclər tanınırlar. Bu müsabiqə çərçivəsində 140 tanınmış ifaçı yetişib. Hansı ki, bu gün onlar Azərbaycanı dünyada uğurla və böyük məsuliyyət hissi ilə təmsil edirlər və onların əksəri bu gün Beynəlxalq Muğam Mərkəzinin solistləridir. Bu günə kimi gənc xanəndələrə bu qədər diqqət və qayğı demək olar ki, ayrılmayıb. Dövlət hər zaman onların yanındadır.Milli irsimiz, muğamımız həm qızıl, həm də intibah dövrünü yaşayır. Bu intibah get-gedə daha da yüksəlir. Heydər Əliyev Fondu sənətkarların unudulmasına imkan vermir. Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir.

- Mərkəzin beynəlxalq tərəfdaşları ilə işbirliyi nəinki Azərbaycanda, ölkədən kənarda da eşidilir.
- Bəli, bu 10 ildə muğamın təbliği yolunda, gözəl əsərlərin təmsil olunması məqsədilə konsertlər təşkil olunub. İfaçılarımız Hindistanda keçirilən "World Sacred Spirit" adlı beynəlxalq festivalda Mərkəzin təşkilatçılığı ilə çıxış etdilər. Tək Hindistanda yox, Fransa, Çin, Rusiya, İsveçrə, Almaniya və başqa ölkələrdə bizim musiqiçilərimiz Muğam Mərkəzinin xətti ilə konsert proqramları ilə çıxış ediblər. Bizim səhnədə isə Venesuela, Çin və bir çox xalqların nümayəndələrinin konsert proqramları baş tutub. Artıq bu, bir ənənəyə çevrilib. Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondununtəşəbbüsüvə bilavasitərəhbərliyialtında2009, 2011, 2013, 2015-ci illərdə"Muğam Aləmi” Beynəlxalq Muğam festivalları keçirilib. Bu festivallardaAzərbaycan, Türkiyə, İtaliya, Suriya, İraq, Çin, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistanın nümayəndələri iştirakediblər. Bundan başqa, Muğam Mərkəzində çoxsaylı tədbirlər, genişmiqyaslı layihələr həyata keçirilir. Belə ki, "Muğam axşamları”, "Aşıq musiqisi gecələri”, "Etnik musiqi inciləri" adlı layihələr təşkil olunur. Çoxsaylı layihə və konsertlər bizim fəaliyyətimizin əsas hissəsidir.

- Məsələn, bir ayda təqribən nə qədər konsert proqramı keçirilir?
- Sizə təkcə onu deyim ki, may ayında mərkəzimizdə 32 konsert proqramı baş tutub.

- Bu, kiçik rəqəm deyil.
- Elədir. Bura bir mərkəzdir.Muğam Mərkəzi tək xaricdə deyil, regionlarımızda, Bakının ətraf kəndlərində də böyük konsertlər təşkil edir.

- Muğam Mərkəzində bir neçə şöbənin yaradılması xəbərini eşitmişik. İstərdik, bu yeniliklər barədə bizi xəbərdar edəsiniz.
- Bəli, mərkəzimizdə elmi-tədqiqat və mətbuatla əlaqəli bir neçə şöbə yaradılıb. Bundan başqa, dəyirmi masa ətrafında müzakirələr aparılır və elmi araşdırmaların nəticəsində Azərbaycan muğam sənətinin dünyada tanıdılması məqsədi ilə kitab çap etdiririk. Misal üçün, tanınmış ifaçılarımızın iştirakı ilə milli musiqi irsimizin şah əsəri olan tara həsr olunmuş dəyirmi masa keçirdik. Daha sonra Avstraliyadan, Almaniyadan gəlmiş, tanınmış alimlərlə görüşlər keçirilib, fikir mübadilələri aparılıb.
- Artıq Beynəlxalq Muğam Mərkəzi, eyni zamanda elmi-tədqiqat işləri ilə məşğul olur və araşdırmalar edir. Bu çox gözəl haldır. Bu haqda nə deyə bilərsiniz?
- Azərbaycan muğamı tarixində misilsiz xidmətləri olan, 19-cu əsrdə böyük fəaliyyəti ilə fərqlənən, indi isə çox da yada düşməyən görkəmli sənətkarların irsini və yaradıcılığını tədqiq edərək onları yenidən tanıtmağa çalışırıq. Çünki bu araşdırmalar muğam sənətimizin inkişafına xidmət edir. Onların yaradıcılıqlarına həsr olunmuş dəyirmi masa, təqdimat mərasimi, ədəbi-musiqili gecələr təşkil edirik. Məsələn, Bülbülcan kimi böyük xanəndə artıq unudulmaq təhlükəsi ilə üz-üzə idi. Məhz dövlətimizin və Heydər Əliyev Fondunun sayəsində onun tanıdılması üçün əlimizdən gələni etdik. O, 40 il Tbilisidə yaşayıb, ömrünün sonunda Azərbaycana gəlib. Bizim dahi sənətkarlarımızın müəllimi olub. Hətta bu layihə çərçivəsində Muğam Mərkəzi çəkiliş qrupunu Tbilisiyə göndərib, xanəndənin həyat və yaradıcılığı ilə bağlı film çəkilib. Muğam Mərkəzi Bülbülcan haqqında iki dildə böyük bir kitab nəşr etdirib. Mərkəzin həm təbliğatla bağlı, həm də unudulanların yenidən aşkar olunub təqdim olunmasında müstəsna xidmətləri var. İnsanlar bizim dahi sənətkarlarımızı nə qədər çox tanısalar, xeyrimizədir. Bəzi anlarda alimlərlə söhbətlər edir, çəkiliş qrupumuzu məhz həmin sənətkarların yaşadıqları bölgələrə göndəririk. Bizim bütün tədbirlərimiz və dəstək verdiyimiz layihələr Heydər Əliyev Fondunun muğama göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olur. Biz bu işi fəxr hissi duyaraq, məmnuniyyətlə görürük.

- Bəzən Beynəlxalq Muğam Mərkəzinin səhnəsində nəinki muğam və xalq mahnıları, hətta əcnəbi ifaçıların konsertləri ilə qarşılaşırıq.
- Afrika ölkələrindən Yaponiyaya qədər ifaçılar bizim Beynəlxalq Muğam Mərkəzində konsertlərlə çıxış edirlər. Bu konsertlər "Etnik musiqi inciləri" layihəsi və ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin səfirlikləri ilə birgə əməkdaşlıq nəticəsində reallaşır.

- Sizi, həmçinin klassik ifaçı kimi də yaxşı tanıyırıq. Bu qədər gərgin inzibati iş qrafiki ilə şəxsi yaradıcılığınıza zaman ayıra bilirsinizmi?
- Mən klassik ifaçı olsam da, bu işin öhdəsindən layiqincə gəlməyə, mənə verilən etimadı doğrultmağa çalışıram. Əlbəttə, özümə də zaman ayırıram. Muğam Mərkəzində muğamımızın təbliği yolunda əməyimin olmasını çox istəyirəm. Muğam bizim qanımızdır. Hamımızın içindədir. Genetik kodumuzdur, musiqi DNK-mızdır. Muğam Azərbaycan xalqının böyük sərvətidir. İstər pianoçu, istərsə də bir vətəndaş olaraq hamımız fəxr edirik ki, muğamımız beynəlxalq arenada tanınır və daima uğur qazanır.

- Klassik musiqi ifaçılığı və muğam sənəti - bunların hansı sizin ruhunuza daha yaxındır?
- Klassik musiqinin və muğam sənətinin arasındakı tarix baxımından deyə bilərik ki, Azərbaycan xalqı nə vaxt var olubsa, muğam da onunla birgə var olub. Dahi Üzeyir bəy XX əsrin əvvəlində tarixi fəaliyyəti nəticəsində dünyada qəbul olunmuş ənənələri bizim Azərbaycan musiqisi ilə sintez edib, dünyada incəsənətə, mədəniyyətə misilsiz töhfə verib, təməl qoyub. Üzeyir Hacıbəylidən sonra Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Rauf Hacıyev, Cövdət Hacıyev, Arif Məlikov, Xəyyam Mirzəzadə və başqaları bu ənənəni davam etdirib. Simfonik orkestrdən tutmuş, estrada mahnı janrına qədər musiqimiz o qədər zəngindir ki, o zənginlik bizim musiqilərimizdə öz əksini tapıb.

- Sentyabrın 18-də Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılışı olacaq. Bu mötəbər tədbir çərçivəsində sizin də bolqar ifaçısı ilə konsertinizin olacağı gözlənilir. İstərdik, konsert öncəsi fikirlərinizi alaq.
- Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilənfestivalda dünyaca məşhur musiqiçilər iştirak edir və bu festival Musiqi Günü üçün əsil töhfə olur. Festival çərçivəsində mən də çıxış etmək imkanı əldə edəcəm. Bu konsertdə Bolqarıstandan gələn gözəl violonçel ifaçısı Veliçka Yocheva ilə birlikdə səhnəyə çıxacam. O, çox istedadlı sənətkardır. Onunla birgə dünya musiqisinin klassiklərinin əsərlərinə müraciət edəcək, fransız, alman və rus bəstəkarlıq məktəbindən nümunələr təqdim edəcəyik. Həmişəki kimi mənim proqramımda Azərbaycan klassiklərinin əsərləri də yer alacaq. Bizim həm bəstəkarlıq məktəbimiz güclüdür, həm də musiqimiz. Bir dəfə Polşada kral sarayında çıxışımız var idi. Maraqlı bir trio yaratmışdıq. Trio adətən royaldan, violonçeldən və skripkadan ibarət olur. Biz orada violonçel və skripkanın əvəzinə tarı aparmışdıq. Hər zaman gözümün qabağına bu təəssürat gəlir. Biz violonçellə Azərbaycan əsərlərini ifa etdik, tarla isə dünya. Məsələn, Şopeni Polşada, Varşavada tarda ifa etdik. O zaman Azərbaycan musiqisinin və musiqi alətinin dərinliyinə vardım. Azərbaycan musiqisi çox zəngindir və bu musiqi sərhədləri aşaraq dünyaya təqdim edilməlidir. Bu səbəbdən inanıram ki, festival çərçivəsində tamaşaçıları çox maraqlı və zəngin proqram gözləyir.

Xəyalə Rəis





banner

Oxşar Xəbərlər