• cümə axşamı, 25 aprel, 10:42
  • Baku Bakı 14°C

Müharibə cinayəti, beynəlxalq humanitar hüququn pozulması

29.11.22 17:52 1228
Müharibə cinayəti, beynəlxalq humanitar hüququn pozulması

Ombudsman Səbinə Əliyeva: “Cəzasızlıqdan ruhlanan Ermənistan hərbi-siyasi rəhbərliyi regionda ədalətli sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi təhdid yaradır”

Birinci və İkinci dünya müharibələri, eləcə də XX əsrdə baş vermiş digər qanlı münaqişələr kütləvi insan tələfatı ilə nəticələnib. Lakin müharibələrin bəşəriyyətə, insanlığa vurduğu ziyan bununla yekunlaşmayıb. Müharibələr bitsə də, savaş dönəmində istifadə edilən silah-sursatların qalıqları, xüsusən təhlükəsizlik və müdafiə məqsədilə torpağa basdırılan minalar uzun illərdir can almaqda davam edir. Birinci cahan savaşında Fransa, İkinci dünya müharibəsində Danimarka ərazisində basdırılan minaların çoxsaylı insan faciəsinə səbəb olması deyilənlərə nümunədir. Müxtəlif metodlarla hər iki Avropa ölkəsi ərazisində təmizlik işləri aparılmasına rəğmən, müharibədən qalma minaların aşkarlanması, partlayışların baş verməsi halları ötən əsrin sonlarına qədər yaşanıb.

Ottava müqaviləsi, beynəlxalq konvensiya

Bütün bu təhlükələr nəzərə alınaraq, Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası vasitəsilə bir sıra layihələr həyata keçirilib. Kampaniya çərçivəsində təşkil olunan təşviqat qruplarının təzyiqi ilə 1997-ci ildə Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair konvensiya imzalanıb. Ottava müqaviləsi adlanan razılaşmaya bu günə qədər 160-dan çox dövlət qoşulub. Üzv dövlətlər konvensiyaya daxil olduqdan sonra 10 il ərzində mövcud minaları məhv etmək öhdəliyi götürüblər. Lakin Çin, Rusiya, ABŞ, Hindistan kimi dövlətlər hələ də bu müqaviləyə qoşulmayıb. Ona görə də dünyada istər hərbi əməliyyatlar, istərsə də dinc dövrlərdə torpağa basdırılan piyada və tank əleyhinə minalar can almaqda davam edir. Qeyri-rəsmi statistikaya görə, hazırda dünyanın 78 ölkəsi minalarla çirklənib və hər il 15 milyon insan bu partlayıcı qurğuların partlaması nəticəsində ya ölür, ya da sağlamlığını itirir. Mina qurbanlarının 80 faizi mülki şəxslər, ən çox təsirlənən yaş qrupu isə uşaqlardır.

Azərbaycan ərazilərində 1 milyona yaxın mina basdırılıb

Azərbaycan da minalardan əziyyət çəkən ölkələr sırasındadır. Birinci Qarabağ savaşı və ondan sonrakı 30 ilə yaxın dövr ərzində Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində 1 milyona yaxın mina basdırıb. 44 günlük Vətən Müharibəsində məğlub olaraq geri çəkilən Ermənistan ordusu itirdiyi hər bir mövqeyi, qoyub qaçdığı hər bir ərazini, dağı-dərəni, yolu-bərəni yenidən minalayıb. 1962-ci ilə qədər Əlcəzairi işğal altında saxlayan Fransa bu ölkə ərazisində 5 milyondan artıq mina basdırıb və həmin minaların xəritələrini verməkdən bu günədək imtina etdiyi kimi, Ermənistan da “böyük bacısı”nın yolu ilə gedərək, minaladığı ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edib. Rəsmi Bakının haqlı tələbi və beynəlxalq birliyin təzyiqi altında sonradan mina xəritələri Azərbaycan tərəfinə təhvil veriləndə isə aydın olub ki, xəritələrdəki məlumatların səmərəliliyi cəmi 20-25 faizdir. Bu da işğaldan azad olunan ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işini xeyli çətinləşdirib.

Evlərin giriş qapılarında və həyətdə mina tələlər

Düzdür, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Minatəmizləmə Agentliyinin bu işə səfərbər olan əməkdaşlarının gərgin əməyi sayəsində xeyli ərazi minadan təmizlənib. Amma biz  hələ də mediada mina partlayışı nəticəsində mülki şəxslərin və hərbçilərin yaralanması, həlak olması xəbərlərini oxuyuruq. Özü də son mina partlayışlarının təqribən 55 faizi məhz Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verir. Ermənistan hələ də diversiya qrupları vasitəsilə minalama işləri aparmağa cəhdlər edir. 2022-ci ilin ilin avqust ayından etibarən erməni əhalinin Laçın rayonu ərazisini tərk etməsindən sonra yalnız Laçın rayonu ərazisində 1400-dən artıq 2021-ci il Ermənistan istehsalı E-001M markalı piyada əleyhinə mina, habelə cari il oktyabrın 3-də Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələləri aşkarlanıb. Bu faktlar təhlükənin miqyasının və ağırlığının, regionda Ermənistan tərəfindən sülh və təhlükəsizliyə nə dərəcədə ciddi zərbə vurulduğunun göstəricisidir.

Beynəlxalq ictimaiyyətə çağırış

Təbii ki, bu, qəbuledilməz haldır və buna beynəlxalq ictimaiyyət də öz kəskin münasibətini bildirməlidir. Məhz bu zərurətdən irəli gələrək, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən beynəlxalq təşkilat və qurumlara dəfələrlə müraciət ünvanlanıb. Ermənistanın mina terrorunun qarşısının alınması məqsədilə Ombudsman beynəlxalq ictimaiyyətə çağırışlar edib. Qeyd olunub ki, Ermənistanın Azərbaycanın mülki yaşayış məntəqələrində təsadüfi qaydada basdırdığı işarələnməmiş minalar insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmaqla, onların fundamental hüquqlarının pozulmasına gətirib çıxarır. Ombudsman bəyan edib ki, minalanmış ərazilərin etibarlı xəritələrinin təxirə salınmadan Azərbaycan tərəfinə verilməsinin həyati önəm daşıdığı dəfələrlə vurğulansa da cəzasızlıqdan ruhlanan Ermənistan hərbi-siyasi rəhbərliyi bu məsələdə etinasızlıq göstərib, beynəlxalq hüquqa saymazyana münasibət nümayiş etdirib. S.Əliyeva dünya ictimaiyyətinə müraciət edərək, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn normalarına zidd olaraq Azərbaycan ərazilərində işarələnmədən basdırılmış minaların insanların həlak olmasına, sağlamlığını itirməsinə və ya əlilliyinə səbəb olduğunu,  regionda ədalətli sülhün və təhlükəsizliyin təmininə ciddi təhdid yaratdığını diqqətə çatdırıb.

Qarabağda bərpa-quruculuq işlərinə ciddi maneə

Ombudsman Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə tədbirləri nəticəsində cari il noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılmış və 2021-ci ildə Ermənistanda istehsal olunan 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi aşkar edilməsinə də münasibət bildirib. Qeyd edib ki, minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə əlaqədar dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də beynəlxalq hüquq normalarına hörmətsizlik edərək bu istiqamətdə heç bir əməli addım atmır. Ombudsmanın qənaətincə, məhz bunun nəticəsidir ki, İkinci Qarabağ müharibəsindən sonra yüzlərlə mülki şəxs Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların partlaması nəticəsində həlak olub və ya ağır xəsarətlər alıb. S.Əliyeva deyib ki, Ermənistanın bu davranışı regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük zərbə vurmaqla yanaşı, işğaldan azad edilmiş tarixi torpaqlarımızda həyata keçirilən geniş bərpa-quruculuq işlərinə və keçmiş məcburi köçkünlərimizin əzəli ata-baba yurdlarına qayıtmasına ciddi maneə yaradır. Ermənistanın bu əməllərini kəskin şəkildə pisləyən Ombudsman bir daha beynəlxalq təşkilatları rəsmi İrəvana qarşı qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb.

Mina qurbanı olan 38 qadın və 357 uşaq

Sonda xatırladaq ki, Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olaraq, ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil edib. 2020-ci il Vətən müharibəsinin başa çatmasından cari il oktyabrın sonuna kimi 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist olmaqla 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın, 357 nəfəri uşaqdır. Sadalanan faktlar, Ombudsmanın dünyaya çağırışında qeyd edilən fikirlər, mina qurbanı olanların sayının artması bir daha sübut edir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycana qarşı hərbi təhdidləri bu gün də davam etdirir. Sözsüz ki, Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və işğalçı ölkənin öhdəliklərinin ciddi pozuntusudur, bunun qarşısının alınması üçün İrəvan hakimiyyətinə təzyiq edilməlidir.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər