“Müəllimin dərsdə üç dəfə dərman qəbul etməsinə səbəb olmuşam” - Tələbəlik illəri
Tələbəlik illəri hər kəsin yadına, müxtəlif acılı-şirinli xatirələr
düşən dövrlərdəndir. Əslində, xatirələr çox olur, amma onların içərisində elələri
olur ki, yaddan heç vaxt çıxmır. Bu dəfərejissor, aktyor Kamal Yaşar o illərdən xatirəsini bizimlə bölüşdü:
"Tələbəlik
xatirələrim ancaq dərs prosesləri ilə bağlıdır. Praktik və zehni məşğələlərdə həmişə
müzakirələr genişlənir və maraqlı anlar yaşanırdı. Düzdür, indi xatırlayanda
narahat oluram və bunun doğru olmadığını bilirəm, amma müəllimimin belə müzakirələrdə
düz üç dəfə dərman qəbul etməsinə səbəb olmuşam, zorla özünə gəlib, sakitləşib.
Xüsusilə, aktyor sənəti məşğələlərində praktik işin zehni həll və yozumunu
düşünəndə fikirlərim haçalanırdı. Bir dəfə müəllim yeni məşğələ verdi. Döşəməni
göstərib dedi ki, bu, sıldırım qayalıq arasındakı uçurumdur və üzərində nazik,
10 santimetr enində taxtadır, burdan o tərəfə keçməlisiniz. Mən də dirəşmişdim
ki, mən keçmirəm. Əgər keçib, özümü guya qorxurmuş kimi göstərməliyəmsə, onu edə
bilərəm. Amma mən düşünmürəm ki, bu, uçurumdur və uçurum olsa, mənə güllə
atsalar da, burdan o tərəfə keçmərəm. Müəllim isə deyirdi ki, yox, bu,
uçurumdur və keç, keçməyi "göstərmə", uçurumdan keç. Hər yadıma düşəndə
gülməkdən özümü saxlaya bilmirəm. Aləm bir-birinə qarışmışdı. Bu, həm də həqiqətlə
yalanın qəribə sərhədidir. Əslində burda söhbət aktyor sənətindəki "əgər"
və "təklif olunan vəziyyət"dən gedirdi. Sadəcə, zehin və bədən belə
şeyləri qəfil anlaya, duya və idrak edə bilmir. Bu kimi də bir çox müzakirələrimiz,
tapşırıqlarımız, beləcə, "qanlı-qadalı" olurdu və belə xatirələrin
sayı çoxdur”.
Aygün