• çərşənbə, 04 Dekabr, 07:02
  • Baku Bakı 4°C

Moldovanı parçalayan referendum

26.10.24 02:36 1650
Moldovanı parçalayan referendum

Referendumun nəticələri Moldovada vətəndaşları tam olaraq iki hissəyə bölüb. Faktiki olaraq vətəndaşların yarısı Avropa İttifaqı ilə, yarısı isə Rusiya ilə əməkdaşlığı dəstəkləyib. Böyük ehtimalla, ölkənin gələcəyi Ukraynada vəziyyət sabitləşdikdən sonra məlum olacaq.

Moldovalılar oktyabrın 20-də tarixi seçim edərək ölkələrinin gələcəyini Avropa İttifaqına (Aİ) inteqrasiyada gördüklərini bəyan etdilər. Düzdür, nəticələr ölkədə siyasi qütbləşmənin təhlükəli həddə çatdığını üzə çıxarsa da, istənilən halda seçim ortadadır. Bülletenlərin 99 faizinin sayılmasından sonra Aİ-yə “hə” deyənlərin 50,03%, “yox” deyənlərin isə 49,97% olduğu elan edilib. Moldovada prezident seçkiləri də referendumla birgə keçirilib. Seçkidə 11 namizəd mübarizə aparıb, onların arasında hazırkı prezident Maya Sandu (Hərəkət və Həmrəylik Partiyası), keçmiş baş prokuror Aleksandr Stoyanoqlo (Sosialist Partiyası) və “Bizim partiya”nın lideri Renato Usatıy da olub. Maya Sanduya 640 min 881 seçici səs verib ki, bu da seçkilərdə iştirak edənlərin 42,07 faizinə bərabərdir. İkinci yeri Aleksandr Stoyanoqlo tutub. Onu 400 min 208 vətəndaş dəstəkləyib ki, bu da seçicilərin ümumi sayının 26,27 faizini təşkil edir. Noyabrın 3-də baş tutacaq ikinci turda qərbyönümlü Maya Sandu və rusiyayönümlü Aleksandr Stoyanoqlo mübarizə aparacaqlar.

Paytaxt “hə”, muxtar respublikalar “yox” dedi

Ən maraqlı nəticə paytaxt Kişineu ilə bağlıdır. Burada əhalinin çox hissəsi Sanduya, əksəriyyəti referendumda Aİ-yə üzvlüyə səs verib. Muxtar respublikalarda səsvermənin nəticələri də geniş müzakirə olunur. Qaqauzda əhalinin 90 faizdən çoxu Aİ-yə "yox" deyərkən, Dnestryanı ərazidə iştirakçıların 60 faizi Qərbə "yox" deyib. Dnestryanı ərazi adətən Rusiyaya yaxınlığı ilə seçilir. Bu səbəbdən nəticələr bir qədər təəccüb doğurub. Həm prezident seçkiləri, həm də referendumun nəticələri moldovalıların hazırda faktiki olaraq iki yerə parçalandıqlarını və mütləq çoxluğun olmadığını göstərib. Ölkəni 2030-cu ilə qədər Aİ-yə daxil etməyi hədəfləyən Maya Sandunun təşəbbüsünü qərb dəstəkləyir. Oktyabrda Kişineuya səfər edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-nin növbəti üç il ərzində Moldova iqtisadiyyatına 1,8 milyard avro sərmayə qoymağa hazır olduğunu açıqlayıb. O, respublika sakinlərini “azad seçimlərini ifadə etmək” üçün referenduma gəlməyə çağırıb.

Ölkənin azadlıq şəraitində sülh yolu ilə inkişafı

Moldovada seçkilər sakit, insidentsiz keçsə də, ölkənin Rusiyadakı səfirliyinin ərazisində yerləşən iki seçki məntəqəsində böyük növbələr yaranıb. "Biz hələ seçkilərdən əvvəl Rusiya hakimiyyətini bəzi qrupların Moskvadakı səfirliyimizdəki məntəqələrə vətəndaşları mütəşəkkil şəkildə gətirmək cəhdləri barədə xəbərdar etmişdik. Buna görə də hesab edirik ki, bu iki məntəqənin yanında insan sıxlığı seçki prosesini təhlükə altına almaq üçün süni şəkildə yaradılıb", - deyə XİN-in bəyanatında bildirilir. Nazirlik vurğulayıb ki, Moskvadakı seçki məntəqələri maksimum sayda - hər məntəqə üçün beş min bülletenlə təmin edilib. 

Liderlərin ilkin dəyərləndirməsi 

Sandu səsvermədən sonra seçki məntəqəsində jurnalistlərə bildirib ki, vətəndaşların öz gələcəklərini müstəqil müəyyən etmək hüququ və ölkənin azadlıq şəraitində sülh yolu ilə inkişafı üçün səs verib. "Mən Moldova Respublikasının layiq olduğu və istədiyi gələcəyi qura bilməsi üçün səs verdim", - deyə Sandu vurğulayıb və ölkənin gələcəyini "Avropa ailəsində" gördüyünü əlavə edib. Sandunun əsas rəqibi, Sosialistlər Partiyasının dəstəklədiyi Aleksandr Stoyanoqlo deyib ki, sülh, müasir və çiçəklənən ölkə üçün səs verib. "Moldova bütün vətəndaşların hüquqlarına onların mənşəyindən, yaşından, siyasi baxışlarından və dinindən asılı olmayaraq riayət etməlidir. Bütün hərəkətlər ölkənin və onun sakinlərinin xeyrinə yönəlməlidir. Moldova daxili problemlərə diqqət yetirməli və Aİ, Rusiya, ABŞ və Çinlə balanslaşdırılmış xarici siyasət aparmalıdır", - deyə Stoyanoqlo vurğulayıb. O, Avropa inteqrasiyası ilə bağlı referendumda iştirak etməyib, baxmayaraq ki, prosesin özünü dəstəkləyir. 

Stoyanoqlonu dəstəkləyən keçmiş prezident Dodon seçiciləri seçkilərə gəlməyə və Maya Sandunun yenidən seçilməsinə imkan verməməyə çağırıb, onun qələbəsi halında Moldova üçün apokaliptik ssenari cızıb. "Sizdən xahiş edirəm ki, özünüzlə manipulyasiya etməyə imkan verməyəsiniz və vəziyyəti çox yaxşı təhlil edəsiniz. Bu seçkilərin nəticəsi sizin səsinizdən asılıdır. Stoyanoqlo xoşunuza gəlmirsə, Maya Sandudan başqa istənilən namizədə səs verin. Ölkəmizin taleyi sizin əlinizdədir", - İqor Dodon "Telegram" kanalında yazıb.

Rusiya seçkilərə müdaxilə edib?

Nəticələr dünyada da birmənalı qarşılanmayıb. “European Pravda”nın məlumatına görə, seçkilərdə ciddi saxtakarlıq olub və hökumətdə səslərin böyük miqyasda satın alınmasına dair sübutlar var. ABŞ-nin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirbi isə Rusiyanı birbaşa Moldovada referenduma müdaxilədə ittiham edib: “Rusiya Moldovanın seçkilərini və onun Avropaya inteqrasiyasını pozmaq üçün fəal işləyir. Son bir neçə ayda Moskva Moldovada prezident seçkilərinə təsir etmək üçün milyonlarla dollar pul xərcləyib”. 

Rəsmi Moskva isə səslərin avrointeqrasiya tərəfdarlarının xeyrinə artmasını anormal vəziyyət kimi qiymətləndirib. RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Kreml Moldovanın hazırkı Prezidenti Maya Sanduya verilən səslərin anormal artmasına və bu ölkədəki səsvermənin nəticələrinə əsasən Avropaya inteqrasiyanın dəstəklənməsinə diqqət yetirib... Bu gün müşahidə etdiyimiz göstəricilər, onların dəyişmə dinamikası, əlbəttə ki, çoxlu suallar doğurur”. Onun sözlərinə görə, bu, “izahı çətin olan artım tempidir”.

Beləliklə, əgər prezident seçkilərində Qərb və Rusiyapərəst namizədlər arasında fərq yarı-yarıya deyildisə, referendumun nəticələri vətəndaşları tam olaraq iki hissəyə bölüb. Böyük ehtimalla, Moldovanın gələcəyi Ukraynadakı vəziyyət sabitləşdikdən sonra məlum olacaq. 

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər