• bazar ertəsi, 29 aprel, 10:42
  • Baku Bakı 16°C

Moldovada separatizm alovlandırılır 

02.03.24 04:07 3097
Moldovada separatizm alovlandırılır 

Kişineunun qərbpərəst mövqeyi, NATO-ya və Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımların intensivləşməsi Rusiyanı hərəkətə keçirib. İndi də “qaqauz kartı” işə salınır. Ekspertlər vəziyyətin təhlükəli həddə doğru inkişaf etdiyi qənaətindədir.  

Postsovet məkanının ən narahat ölkələri sırasında olan Moldovada vəziyyət gərginləşə bilər. Səbəb yenə separatizmdir. Dnestryanı bölgənin ardınca, Qaqauzda da mərkəzdənqaçma meyilləri güclənib. Kişineunun qərbpərəst mövqeyi, NATO-ya və Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımların intensivləşməsi Rusiyanı sərt qərarlar qəbul etməyə sövq edir. Gərginlik o həddə çatıb ki, ölkənin cənubundakı muxtariyyətdə deputatlar qurultay keçirmək barədə qərar qəbul ediblər. Dnestryanı bölgədən nümunə götürən qaqauzlar bu tədbiri keçirmək üçün bəhanə də tapıblar. İddia ediblər ki, Kişineudan artan təzyiqlər praktiki olaraq region iqtisadiyyatını iflic edib. Qaqauzlar bildiriblər ki, muxtar qurumun mərkəzi hakimiyyət tərəfindən “məhv edilməsinə” qarşıdırlar. Onlar deyiblər ki, Rusiya və Türkiyə rəhbərliyinə müraciət edərək, liderlərdən Qaqauzun xüsusi hüquqi statusu haqqında qanunun icrasının təminatçısı olmağı istəyəcəklər.

Gərginliyə səbəb olan qərar

Qeyd edək ki, inzibati mərkəzi Komrat şəhəri olan Qaqauzda 200 minə yaxın qaqauz türkü yaşayır. Qaqauz coğrafi olaraq elə də böyük bir ərazi deyil, etnik və linqvistik olaraq əhalinin 92 faizi türkdür. Qaqauzlar türk Oğuz boyuna aid toplumdur. Xristianlığın pravoslav məzhəbinə etiqad edirlər. 1991-ci ildə Sovet imperiyası dağıldıqdan sonra müstəqillik qazanan Moldova hökuməti 1994-cü ildə qaqauzlara muxtariyyət verib. Muxtar vilayətdə üç rəsmi dil var - moldovan, rus və qaqauz dilləri. Məktəblərdə dördüncü sinfin son rübünə kimi ana dilləri olan qaqauz türkcəsində dərslər keçilir. Bu yaxınlarda Qaqauz parlamenti gərginliyə səbəb olan qərar qəbul edib. Kişineu ilə dialoqun olmamasını əsas gətirərək yerli parlamentlərarası təmas qrupunda işini dayandırıb. Deputat İvan Qaraca deyib: “Qapıları bağlamırıq. Amma əgər bizə elə münasibət bəsləyirlərsə, Kişineuya gedib alçalmağın nə mənası var? Biz ikinci dərəcəli insanlar deyilik”.

Moldova regionları sırasında ən kasıb bölgə

Qeyd edək ki, Qaqauz Avropada Rusiyanın ən böyük nüfuza malik olduğu bölgələrdən biri hesab olunur. Moldovanın tərkibindən çıxmaq hüququna sahib olan region ölkədə keçirilən səsvermələrdə daim rusiyayönlü siyasətçi və partiyalara səs verir. Misal üçün, sabiq prezident İqor Dodon sözügedən türk bölgəsindən 99 % səs ala bilib. Qaqauz həm də Moldova regionları arasında ən kasıb bölgədir. Kremlə meyllilik qaqauzları hökumətin bir çox iqtisadi və sosial layihələrindən, investisiya proqramlarından kənarda qoyub. Qaqauzlar Moldovanın müstəqillikdən imtina edib Rumıniyaya birləşməsinə də qarşı çıxırlar. 

Qurultay separatizmə dəstək verəcəkmi?

Baş tutacaq qurultaya gəldikdə, təşkilat komitəsinin üzvləri  Qaqauz muxtariyyətinin yaradıcılarını, ictimai xadimləri, deputatları (indiki və keçmiş) Moldova Respublikasının öhdəliklərini yerinə yetirməsilə bağlı müzakirələrə dəvət edirlər. Qurultayın təşəbbüskarlarından biri, “Qaqauz Xalki” ictimai təşkilatının rəhbəri İvan Burqudji hesab edir ki, indiki şəraitdə Qaqauz prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğana rəsmi müraciət etməlidir.

Moldovanın keçmiş baş naziri İon Çiku bildirib ki, muxtariyyətin yerli büdcəsi maliyyə təzyiqinə tab gətirməyəcək. Qaqauz bölgəsi sakinlərinin qəzəbinə və etirazına səbəb olan da budur: “Vəziyyətdən çıxış yolu bütün ölkə ərazisində ƏDV-nin toplanması və ödənilməsi üçün ümumi qayda tətbiq etməkdir”.

Bu arada, 2023-cü ilin aprelində xalq tərəfindən muxtariyyətin başqanı seçilən Yevgeniya Qutsul Moldova hakimiyyəti tərəfindən tanınmadığı üçün hələ də tam olaraq vəzifələrini yerinə yetirə bilmir. Moldova Prezidenti Mayya Sandu bildirib ki, Qutsul rüsvay edilmiş siyasətçi İlan Şorun rəhbərlik etdiyi cinayətkar dəstənin üzvüdür. Prezidentin sözləri ötən gün Avropa İttifaqının Kişineudakı missiyasının rəhbəri Yanis Mazeiks tərəfindən də təkrarlanıb. Jurnalistlərin Qərb ölkələrinin səfirlərinin niyə başqanla görüşməməsi ilə bağlı sualını cavablandıran Mazeiks deyib: “Cinayətkarla əlaqəsi olan başqanla dialoq aparmaq mümkün deyil”. 

Yeri gəlmişkən, Dnestryanı bölgədə də proseslər yeni mərhələyə adlayıb. Separatçıların “parlamenti” Rusiyaya onları “xilas etmək” üçün müraciət ünvanlayıb. 

Referendum olacaqmı?

Moldovanın 2030-cu ildən daha tez Avropa İttifaqına üzv olması üçün referendum keçirilməsinin zəruriliyindən danışılır.  Parlamentin spikeri İqor Qrosu deyib ki, bu il referendumun keçirilməsi və danışıqlar prosesinə tam sürətlə başlamaq çox vacibdir: “Hesab edirəm ki, bizim Aİ-yə qoşulma anını daha da yaxınlaşdırmaq üçün mümkün olan hər şeyi etmək imkanımız və öhdəliyimiz var. Mən ukraynalı həmkarlarımda da eyni ruhu və yanaşmanı hiss edirəm”.

Türkiyə də regionda güclənməyə çalışır

Yeri gəlmişkən, Türkiyə də Moldovada, xüsusən də Qaqauzda mövqelərini gücləndirməyə çalışır. Məsələn, Türkiyə Beynəlxalq Ticarət və Əməkdaşlıq Şurasının prezidenti Əziz Şahin deyib ki, Qaqauza 2 milyard dollar həcmində sərmayə qoymağa hazırdırlar. 
2016-cı ildə Türkiyə və Moldova arasında sərbəst ticarətin aparılmasına dair razılaşma Qaqauzda da yeni imkanlara yol açıb. Son 8 ildə buradan Türkiyəyə ixrac dörd dəfə artıb. Bölgədə Türkiyə sərmayəli 100-dən artıq şirkət rəsmi qeydiyyatdadır. Tək 2020-ci ildə Türkiyədən Qaqauza 40 milyon dollara yaxın idxal gerçəkləşdirilib. Hələ 2018-ci ildə prezident R.T.Ərdoğan işgüzar səfər çərçivəsində Moldovada olarkən Qaqauzu da ziyarət etməyi unutmamışdı. 2020-ci ildə burada Türkiyə konsulluğu açılıb. 

Beləliklə, bölgədə vəziyyət gərginləşməyə doğru gedir. Qaqauzun da Dnestryanı bölgə kimi separatizmə doğru yuvarlanacağı proqnozlaşdırılır. Bu isə Moldova tərəfindən sərt addımlarla qarşılana bilər.

Azər Nuriyev

banner

Oxşar Xəbərlər