Milli ideallara bağlı vətənpərvər ziyalı xanım

Azərbaycanın ziyalı qızı, görkəmli
oftalmoloq, tanınmış ictimai və dövlət xadimi, professor Zəhra xanım Quliyevanın anadan
olmasından 95 il ötür. Şərəfli bir ömür yaşamış Zəhra xanım Quliyeva respublikada səhiyyənin,
tibb elminin inkişafına töhfələr vermiş, qadın hərəkatının liderlərindən
olmuşdur.
Azərbaycanda onu tanımayan yox idi. Zəhra
xanım Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri, görkəmli
oftalmoloq-alim, Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan
Oftalmoloqlar Cəmiyyətinin sədri, tanınmış ziyalı, ictimai xadim idi. Ancaq
bunların hamısından əvvəl o, doğmaları, ona öz problemləri, ağrıları ilə müraciət
edən hər kəs üçün fədakarlığa hazır olan qayğıkeş ana, əsl insan idi. Gözəl,
yumşaq xasiyyəti, müdrikliyi, savadı, tibb elminə verdiyi töhfələri, vətənpərvərliyi,
rəvan natiqlik bacarığı, yüksək mədəniyyəti ilə ölkədə böyük nüfuz qazanmışdı.
O, ömrünün əsas hissəsini tibb elminin, Azərbaycan səhiyyəsinin inkişafına həsr
etmiş, insanların sağlamlığı keşiyində durmuşdur.
Ziyalı ailəsində dünyaya gəlmiş Zəhra
Quliyeva bu ziyalılığı irsi bir sərvət kimi ömrü boyu şərəflə daşımışdı. Atası
Tahir bəy Moskvada ali təhsil almış dəmir yolu mühəndisi idi. O, professor
adına layiq görülən ilk azərbaycanlılardan olmuşdur. Zəhra xanımın belə bir ailədə
böyüməsi, sözsüz ki, onun gələcək taleyində izsiz qalmayacaqdı. Təcrübəli
pedaqoq, istedadlı alim, mahir cərrah Zəhra xanım Quliyeva uzun müddət Tibb
İnstitutunun Oftalmologiya kafedrasına rəhbərlik etmiş, yüksək səviyyəli həkim
və elmi-pedaqoji kadrların hazırlanmasında əzmlə çalışmış, ölkə üçün gənc tibb
kadrlarının hazırlanmasında xüsusi xidmət göstərmişdir. İnstitutun elmi işlər
üzrə dekan müavini, kafedra müdiri, tədris hissə üzrə prorektor vəzifələrində
çalışdığı zaman qazandığı zəngin təcrübə, idarəetmə məharəti, böyük elmi
potensialı, hərtərəfli dünyagörüşü, gözəl mənəviyyatı bütün həyatı boyu işlədiyi
sahələrdə ona yalnız uğurlar gətirmişdir. Zəhra xanım ilk növbədə təlim-tərbiyə
prosesinin təkmilləşdirilməsinə, intizamın möhkəmləndirilməsinə diqqət
yetirmişdir. Nəticədə instituta tələbə qəbulunun sayı artırılmış, yeni
kafedralar, təlim kursları yaradılmışdı.
O,
özünün ictimai fəaliyyəti ilə də respublikamızın həyatında mühüm rol
oynamışdır. Dəfələrlə SSRİ Ali Sovetinin, rayon və Bakı şəhər sovetlərinin
deputatı seçilmiş, müxtəlif beynəlxalq cəmiyyətlərin və şuraların üzvü
olmuşdur. Dünyanın bir çox ölkələrində keçirilmiş qadın qurultaylarında, elmi
simpoziumlarda, sülh günlərində, yüksək səviyyəli toplantılarda iştirak etmiş,
bir çox beynəlxalq tədbirlərdə Azərbaycan qadınlarını təmsil etmişdir. Yeni Azərbaycan
Partiyası Siyasi Şurasının üzvü olmuşdur. O, namizədlik və doktorluq
dissertasiyalarının elmi rəhbəri, bir çox monoqrafiya və elmi məqalələrin, Tibb
Universitetinin tələbələri və müəllimləri üçün tədris vəsaitlərinin müəllifi
olmuş, tibb elminin inkişafına böyük töhfələr vermişdir. Ayrı-ayrı illərdə səhiyyə
sahəsindəki xidmətlərinə görə vətənin yüksək mükafatlarına layiq görülmüşdür.
İki dəfə "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı", həmçinin
müstəqil respublikamızın "Şöhrət" ordenlərinə layiq görülmüşdür.
İctimai fəaliyyəti bir çox medal və fəxri fərmanlarla qiymətləndirilmişdir.
Ziyalı üçün vacib sayılan ən mühüm
keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda
xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət,
cəsarət nümayiş etdirməsidir. Zəhra Quliyeva da milli ideallara bağlı vətənpərvər
ziyalı kimi daim Azərbaycanın firavan gələcəyi naminə yorulmadan fəaliyyət göstərmiş,
dövrünün ictimai-siyasi hadisələrində həmişə ön sıralarda olmuşdur. İşinin
vurğunu olan Zəhra xanım ən ağır cərrahiyyə əməliyyatlarını uğurla apararaq
yüzlərlə xəstənin gözünə nur vermişdir. Hərdən bəzi peşə sahiblərinə, xüsusən həkimlərə
öz işlərini yerinə yetirməkdə yüksək vəzifələrin mane olmasından söz düşəndə Zəhra
xanım deyərdi ki, bu, hər kəsin şəxsi keyfiyyətlərindən, fərdi xüsusiyyətlərindən
asılıdır: "Doğrudur, həkim vəzifə kürsüsündə itirdiyi vaxtı xəstələrinə həsr
etsə, cəmiyyət bundan daha çox faydalanar. Lakin elə insanlar var ki, tutduğu vəzifəni
xəstələri üçün ayırdığı zamana xələl gətirmədən yerinə yetirə bilir. Peşəsində
də, ictimai işlərdə də eyni uğurla çalışır".
Zəhra xanım ağır, kəşməkəşli illər yaşayıb.
Öz sözləri ilə desək, "Həyatda büdrəmişəm,
amma əyilməmişəm. Həyatda çarpışmışam, mübarizə aparmışam”. Və bu mübarizədə
bütün çətinliklərə onun inamı, gərgin zəhməti qalib gəlib. Zəhra xanımın bir
xoşbəxtliyi də ondan ibarət idi ki, mənəviyyatca yüksək, qüdrətli insanlarla
birgə yaşamış, çalışmış, onları özünə arxa-dayaq saymışdır. Çətin anlarında
Əziz müəllimin ailəsi, xüsusən də Zərifə xanım ona arxa olub. Zəhra xanımın hələ
gənclik illərindən xalqımızın ziyalı qızı, ümummilli lider Heydər Əliyevin
ömür-gün yoldaşı Zərifə xanım Əliyeva ilə tanışlığı, onların mənəvi bağlılığı
sonradan yaxın dostluğa çevrildi. Onlar eyni peşəni seçdilər, birlikdə ciddi
oftalmologiya məktəbi yaratdılar, mötəbər elmi konfrans və simpoziumlarda
iştirak etdilər. Bu dostluq ömürlərinin sonunadək davam edərək sədaqət nümunəsi
oldu. Ümummilli Liderimiz Heydər Əliyev Zəhra xanımın biliyini, bacarığını, təşkilatçılığını,
ən əsası isə vətənpərvərliyini çox yüksək qiymətləndirirdi. Heç kimə sirr deyil
ki, Ulu Öndərin kadr seçmək bacarığı özü bir məktəbdir. Elə Zəhra xanımın
rektor təyin edilməsi, komitə sədri olması da bu dahi şəxsiyyətin ona göstərdiyi
etimadın, qayğının, münasibətin təzahürüdür.
1998-ci il yanvarın 14-də ümummilli lider
Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Respublikası Qadın Problemləri
üzrə Dövlət Komitəsinin sədri təyin olunması onun həyatını tamamilə dəyişdi; ölkədə
qadın məsələlərinin dövlət səviyyəsində həlli və Zəhra xanımın insanlara kömək
etməsi, eyni zamanda qadınların öz potensiallarından daha geniş istifadə etmələri
üçün yaxşı imkan yarandı. O, müxtəlif problemlərlə komitəyə müraciət edən
insanları səbirlə, təmkinlə dinləyərək məsələlərinin həllində imkan daxilində
kömək edir, mərhəmətini əsirgəmirdi. İnsanlara münasibətində olduqca xeyirxah və
müdrik idi. Hər hərəkətində, hər sözündə mərhəmət, şəfqət hiss olunurdu. Çünki
insanları çox sevir, onların problemlərinə biganə qala bilmirdi.
İşinə son dərəcə bağlı, zəhmətsevər
bir insan kimi Azərbaycan qadınlarının problemləri Zəhra xanımı həmişə narahat
edirdi. Bölgələrdə, kənd yerlərində qadınların fəallığını, tədbirlərdəki
çıxışlarını görəndə sevinc və fərəh hissi keçirirdi. Çox çalışırdı ki, qadınlar
öz hüquqlarını başa düşsünlər, daha fəal və təşəbbüskar olsunlar. Zəhra xanım
qadınların problemlərini yaxşı bilirdi. Ümumiyyətlə, o, başqalarının dərdini öz
ürəyindən keçirməyi bacarırdı. Yəqin ki, bu, həkimliyindən və daxili dünyasının
zənginliyindən irəli gəlirdi. "Qadın ailədə evin dayağı olduğu kimi, cəmiyyətin
də əsas sütunudur. Buna görə də qadınla hesablaşmaq, ona həmişə diqqət göstərmək
lazımdır", - bu da Zəhra xanımın sözləridir. O, qadının hər şeydən əvvəl
ana, ocağının çırağı olduğunu hesab etsə də, çox sevinirdi ki, bu gün
qadınlarımız təkcə ailə çərçivəsindəki fəaliyyətləri ilə kifayətlənmirlər.
Onlar cəmiyyətin həyatında bütövlükdə iştirak edirlər. Qadınlarımız rəhbər vəzifələrdə
çalışır, onlara göstərilən etimadı ləyaqətlə doğruldurlar. O, bir tərbiyəçi
kimi qadınları milli-mənəvi dəyərlərimizin qoruyucusu və təbliğatçısı olmağa, gənc
nəsli bu dəyərlər üzərində böyütməyə səsləyirdi. Ölkə Prezidenti cənab İlham
Əliyevin həyata keçirdiyi dövlət qadın
siyasətində bir komitə sədri kimi Zəhra xanım çox fəal iş aparırdı. Eyni
zamanda, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər və fondun prezidenti,
Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə
həyata keçirilən layihələrin icrasında öz əməyini əsirgəmirdi.
Özümü xoşbəxt hesab edirəm ki, Zəhra
xanımın rəhbərliyi altında işləmək mənə də nəsib olmuşdur. Onun bütün fəaliyyəti
bizim üçün əsl məktəb idi. Yaşından, vəzifəsindən asılı olmayaraq hər bir əməkdaşla
mehriban, səmimi rəftar edirdi. Özünə və başqalarına qarşı ciddi tələbkarlığı,
incə qəlbi, duzlu söz-söhbəti onu hamıya sevdirirdi. Özünün idarəçilik təcrübəsini
həvəslə gənclərə öyrədir, onların hər addımını dəstəkləyirdi. Hər hərəkəti, hər
sözü ilə qazandığı nüfuzu qoruyub saxlayırdı. Zəhra xanım yorulmaq bilmədən
respublikanın rayonlarına gedir, əhali ilə görüşürdü. Hər yerdə onu
mehribanlıqla, hərarətlə qarşılayırdılar. İnsanlarla son dərəcə mədəni və səmimi
davranışı, müdrik söhbətləri, kübarlığı ilə ətrafındakılarda inam oyatmışdı.
Ona ürəkdən inanır, etibar edirdilər. Çünki özünə son dərəcə tələbkar olan Zəhra
xanım sözünün üstündə durmağı bacarır, onun məsuliyyətini daşıyırdı. Təsadüfi
deyil ki, Zəhra xanım işlədiyi sahələrdə çoxlu sayda davamçılarının yetişdirilməsinə
nail olmuşdu. Heç kəsi narahat etmədən, daxili nigarançılığını üzə vurmadan
hamıya müsbət enerji bəxş edərdi. Onun zahiri sakitliyinin arxasında həssas bir
ürək döyünürdü. Zəhra xanım torpaqlarımızın işğalını, ailələrin qaçqın və
köçkün həyatı yaşamasını sakit qarşılaya bilmirdi. Xalqının taleyini
övladlarının taleyindən ayırmırdı. Bu, onun beynəlxalq forumlardakı nitqlərində
də öz əksini tapırdı.
O,
sadə, xeyirxah olduğu qədər də müdrik və təmkinli idi. İradəli insan,
məşhur alim, pedaqoq, sədaqətli dövlət xadimi, yüksək təşkilatçı olmaqla yanaşı,
çox gözəl xanım, qayğıkeş ana idi. Təkcə öz övladına deyil, yüzlərlə gəncə
analıq qayğısı göstərirdi. Ayrı-ayrı tanınmış şəxslər tərəfindən Zəhra xanım haqqında məqalələr
yazılıb, ona şerlər həsr olunub, həyatı
və fəaliyyətindən bəhs edən əsərlər çap edilib. Zəhra xanımın ömür yolunu, müəllim,
həkim, ziyalı, ictimai və dövlət xadimi kimi fəaliyyətini bir yazıya sığışdırmaq mümkün deyil.
Deyirlər
ki, insanların dəyərini onları itirəndən sonra anlayırlar. Əsl xoşbəxtlik
ondadır ki, insan sağlığında öz qiymətini
alsın. Bu mənada Zəhra xanım Quliyeva bəxti gətirənlərdəndir. O, hələ sağlığında
ikən xalqımız və dövlətimiz tərəfindən layiqli qiymətini almış şəxsiyyətlərdəndir.
Zəhra xanımın zəngin təcrübəsi, faydalı məsləhətləri bu gün də əlimizdin tutur.
Zəhra xanım mənalı, şərəfli bir ömür yaşayaraq, özündən sonra örnək olacaq bir
ömür yolu, alim ömrü, vətəndaş ömrü qoyub getdi. Odur ki, həmişə xatırlanır,
yada düşür, ona istinad edilir. Sadəliyin, nəcibliyin, kübarlığın, ziyalılığın
timsalı olan Zəhra xanım böyük qəlbə malik bir insan, ən əsası isə özünü təsdiq
edən şəxsiyyət kimi yaddaşlarda daim yaşayacaqdır.
Hicran HÜSEYNOVA,
Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinin sədri,
siyasi elmlər doktoru, professor
