• cümə, 29 Mart, 01:37
  • Baku Bakı 7°C

Məsuliyyət, çalışqanlıq və həvəs - Uğur hekayəsi

24.02.14 08:06 8328
Məsuliyyət, çalışqanlıq və həvəs - Uğur hekayəsi
Rubrikamızın budəfəki qonağı “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Korporativ idarəetmə üzrə meneceri, dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif edilən Rövşən Rüstəmovdur. Həmsöhbətimiz nəinki gündəlik həyatını planlı şəkildə qurur, hətta 50 yaşına qədər ailə, şəxsi və iş həyatını əhatə edən həyat strategiyasını da hazırlayıb. Rövşənlə yaxından tanış olaq…
- İş həyatına jurnalistikadan başlayan rubrikamızın bir çox qonaqları kimi siz də uğurlu karyera qurmusunuz. Jurnalistikanı tramplin kimi istifadə etmək üçün seçdiniz?

- İxtisas seçimimi atamın məsləhəti ilə etdim. Məndən böyük qardaşım da Dövlət İdarəçilik Akademiyasında oxuduğundan bilirdik ki, burada dərslər keyfiyyətli keçirilir. Həm də atam məni dövlət idarəçiliyi sistemində, iqtisadiyaat-maliyyə yönümlü sahədə görürdü. Mən də onun məsləhətinə qulaq asdım. Amma açığını desəm, uşaq vaxtı müəllimlər inşa yazdıranda ən çox sevdiyim peşələr içərisində həmişə jurnalistikanı qeyd edirdim. Buna görə də bu istək bakalavr pilləsini başa vuranda da məni tərk etməmişdi. Magistraturada oxuya-oxuya qəzetlərin birində iqtisadiyyat müxbiri kimi işə başladım. Amma jurnalistika ümidlərimi doğrultmadı. Bəlkə də xəyallarımda canlandırdığım jurnalistika olsaydı, orada qalardım. Hesab edirəm ki, seçimimdə səhv etmədim. Qeyd edim ki, hazırda jurnalistika sahəsində olmasam da, təhlillər, analitik yazılar hazırlayarkən jurnalistikadakı yazı qabiliyyətim mənə çox kömək edir. Beləliklə, 2 il jurnalist kimi çalışandan sonra 2004-cü ildə o vaxtkı Rabitə Nazirliyinin (indiki Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi – L.M.) “Azərpoçt” Dövlət Müəssisəsində müxtəlif vəzifələrdə - Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri, müxtəlif işçi qruplarının rəhbəri kimi çalışdım. Eyni zamanda, “Azərpoçt” Dövlət Müəssisəsinin mindən artıq üzvü olan Gənclər Təşkilatının sədri kimi ictimai fəaliyyətlə də məşğul oldum. Dünya Bankının həyata keçirdiyi “Maliyyə xidmətlərinin inkişafı” layihəsində Texniki direktor işlədim. 2012-ci ildən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində Korporativ idarəetmə üzrə menecer vəzifəsində fəaliyyətə başladım.
- 33 yaşınızda ölkə prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edildiniz. Təbrik edirik.

- Çox sağ olun. Azərbaycanın ilk süni peyki uğurla peykə çıxarıldığına görə cənab Prezidentin 6 fevral tarixli sərəncamı ilə bir qrup rabitə işçisi təltif edildi, eyni zamanda mənə “Tərəqqi” medalı verildi. Onu da qeyd edim ki, uğurlu fəaliyyətimə görə 2011-ci ildə Rabitə Naziri cənab Əli Abbasovun əmri ilə “Rabitə ustası” fəxri adına da layiq görülmüşəm. İşimi dəyərləndirdiklərinə görə həm cənab prezidentə, həm də cənab nazirə dərin təşəkkürümü bildirirəm.
- “Azərpoçt” Dövlət müəssisəsində 8 il ərzində müxtəlif rəhbər vəzifələrdə çalışmısınız. Hazırda da rəhbər vəzifədəsiniz. Uğurunuzun sirri nədədir?

- Məsuliyyətli olmaq, çox çalışmaq və güclü həvəs. Qeyd edim ki, hər gün işə 8-in yarısı, 8-də çatıram və işdən 7-8-də çıxıram. Özü də heç kim məni məcbur etmir ki, işə hamıdan tez gəlib, hamıdan gec çıxım. İşə daha tez gəlməyimin səbəbi ofis rahatlığından, sakitliyindən yararlanaraq işlərimi günün əvvəlində planlaşdırmaq və gündəlik qaçhaqovdan sonra səni heç kimin narahat etməyəcəyinə əmin olub sakit mühitdə çalışmaq. Hesab edirəm ki, güclü həvəs olmasa, hətta ən sərt rejimli iş yerlərində də səni heç kəs bu qədər çalışdıra bilməz. Bu rejimdə çalışmaq işə olan marağımdan irəli gəlir. İşdə məsuliyyət də əsasdır. Hesab edirəm ki, məsuliyyət hissi olmayan insan heç vaxt uğur qazana bilməz. Ümumiyyətlə, mənim üçün iki seçim var. Ya işimi sevərək çox ciddi çalışmaq və uğur qazanmaq, ya da oranı tərk etmək. Üçüncü seçim – vaxt keçirmək seçimim yoxdur. Yəni işə gəlim, günüm keçsin, maaşımı alım. Əks təqdirdə, bu yanaşma ilə karyera pilləsində irəliləmək mümkün deyil. Karyerasında uğur qazanmış insanların uğurlarının sirri məncə, daha çox çalışmaqdır. “Google”nin əvvəlki rəhbər şəxslərindən biri, “Yahoo”nun hazırki İdarə Heyətinin sədri xanım Marissa Mayer cavan ikən bütün şəxsi istəklərini bir tərəfə qoyub ailəli ola-ola həftədə 130 saat işləyib. Onun çalışmaq həvəsi və iş rejimi həmişə məndə böyük rəğbət hissi yaradıb.
- Rövşən, bəs karyera yolunuzda özünüzə örnək götürdüyünüz kimsə varmı?

- Müasir dünyada örnək götürdüyüm adam Amerikan biznesmeni Varin Baffetdir. O, böyük şirkətlər qrupunun rəhbəridir. Varidatı 50-60 milyard dollarla ölçülür, dünyanın ən zəngin şəxsləri siyahısında öndə gedir. Varin Baffet varidatının 30 milyard dollarını 1 gün ərzində xeyriyyə fonduna köçürüb. Hazırda 1955-ci ildən qalma ikimərtəbəli dördotaqlı evində yaşayır, orta statistik amerikalının da özünə yaraşdıraraq sürmədiyi maşını sürür, ildə bir dəfə insanlarla səhər yeməyi üçün müsabiqə keçirir və müsabiqələrdə yığılan pulları xeyriyyə məqsədilə istifadə edir. Ötən il bir ərəb şeyxi iki milyard dollar verib hərracda onunla səhər yeməyini udmuşdu. 80-dən artıq yaşının olmasına, xərçəng xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, Baffet bu gün də gərgin iş rejimində çalışır. Bu cür insanların həyat təcrübəsini öyrənirəm ki, həyatımda təcrübədən keçirim.
- Özünü inkişaf təlimlərindən necə, yararlanırsınız?

- Bəli. Özünü inkişaf təlimlərini yazan müəlliflərin təlimlərini oxuyuram, video və audio dərsliklərinə qulaq asıram və öyrəndiklərimi həyatda tətbiq edirəm. Özünü inkişaf üzrə qabaqcıl təlimçilərdən olan Brayan Treysinin də tövsiyyə etdiyi kimi, illik gəlirimin 3 faizini təhsil, elm, kitabların alınması, kurslara yazılma və s. sahələrə xərcləyirəm. İnsan nə qədər çox qazanırsa, o qədər də çox inkişafına yönəltməlidir ki, daha çox səmərəli çalışsın. Hesab edirəm ki, özünü inkişaf təlimləri ilə məşğul olduqda, daha yaradıcı, proqressiv olur, ən azı işlərini düzgün planlaşdıra bilir və məhsuldar işləyirsən.
- Planlaşdırma demişkən, plan quraraq işləyirsiniz?

- Əlbəttə. Uğurun əsas sirlərindən biri də işlərini düzgün planlaşdırmaq və prioritetləşdirməkdir. Həm gündəlik plan tuturam, həm də özüm üçün 50 yaşıma qədər olan dövrü əhatə edən 16 illik həyat strategiyama uyğun hərəkət edirəm.
- Nə vaxt qərara gəldiniz ki, bu strategiyaya ehtiyac var?

- 50 yaşımda harada olacağım həmişə məni düşündürürdü və ötən il bu strategiyanı hazırladım. 50 yaşımda ailə, şəxsi və iş həyatımda harada olacağımı özümə sual verdim və 50 yaşımda arzu etdiyim nöqtədən indiyə qədər planımı tutdum. Həmin nöqtədə olmaq üçün məndə hansı bacarıq və qabiliyyətlər olmalıdır, o vaxta qədər hansı addımlar atılmalıdır. Oradan geriyə bu addımları planlaşdıra-planlaşdıra gəlib 2014-cü ilə çatdım.
- Stategiyanıza əsasən, 50 yaşınızda, yəni 16 ildən sonra harda olacaqsız?

- 50 yaşımda özümü biznes sahəsində görürəm. Biznesimi adını çəkdiyim milyarderlərin qurduğu şəkildə qurmağı planlaşdırıram. Gəlirimin böyük bir hissəsini xeyriyyəçiliyə sərf etməyi düşünürəm. İslam dininin qayda-qanunlarına riayət etdiyimə görə, biznesim də dinə-imana köklənmiş olacaq. Pul qazanmağı da ona görə qarşıma məqsəd kimi qoyuram ki, o pul mənə xeyriyyəçilik işləri üçün vasitə olsun.
- Rövşən, ailə, şəxsi və iş həyatınızın strategiyasını çox dəqiq işləmisiniz və xırdalığına qədər hansı ildə nəyi əldə edəcəyinizi qeyd etmisiniz. Bunu necə planlaşdırmısınız?

- Üçünün də arasında məntiqi bağlılıq qurmuşam. Çünki arzu etdiyim vəzifələrə hansı ildə çatacağım, nə vaxt doktorluq işimin müdafiəsi, kitabımın dərc olunması və s. bir-biri ilə sırf bağlı olmalıdır.
- Gün ərzində 12-13 saatlıq iş rejimindən sonra necə istirahət edirsiniz?

- Meditasiya musiqiləri dinləyirəm, həftədə 3 dəfə idmanla məşğul oluram, ailəmlə gəzməyə çıxıram. Bir də vaxt olduqca fürsət tapıb doğulduğum kəndə gedirəm. Orada təbiət və insanlar hələ ki, daha safdır.
- Bu qədər işləyirsiniz, həyat yoldaşınız ailəyə az vaxt ayırmağınızdan narazılıq etmir ki?

- Yoldaşım da, qızım da artıq bu rejimə alışıblar. Çalışıram ki, bu qaçhaqovun içərisində balansı qoruyum. Ailə ilə iş arasında balans yaratmaq həm çətin, həm də vacib məsələdir. Əsas o deyil ki, gününün böyük hissəsini işinə ayırırsan. Əsas odur ki, ailənə nə qədər səmimi diqqət göstərirsən. Adam bütün günü evdə otura bilər, amma fikri-zikri kənarda olar. Söhbət səmimi diqqətdən gedir ki, mən də bunun öhdəsindən gəlməyə çalışıram. İş həyatında böyük uğur qazana bilərsən, amma ailənə də diqqət ayırmağın vacibdir. Nə qədər yaxşı ailə başçısı olmağın da sənin uğurunun göstəricisidir.
Lalə MUSAQIZI
Doğum tarixi: 06.10.1980
Doğulduğu yer: İmişli rayonu, Cəfərli kəndi.
Ailə vəziyyəti: Evli, 1 övladı var.
Təhsili: Ali (iqtisadiyyat üzrə fəlsəfə doktoru).
İş yeri və vəzifəsi: “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Korporativ idarəetmə üzrə menecer.

banner

Oxşar Xəbərlər