• çərşənbə, 24 Iyul, 14:18
  • Baku Bakı 31°C

Mesopotamiyanın qəlbindən REPORTAJ

21.10.23 04:00 6831
Mesopotamiyanın qəlbindən REPORTAJ

Diyarbəkir şəhəri Sur Mədəniyyət Yolu festivalının 9-cu və ən əhəmiyyətli dayanacaqlarından hesab olunur. Festival bölgənin tarixini və mədəniyyətini əks etdirən bir sıra sərgilər, tarixi məkanlar, muzeylər və digər özəlliklərlə tanış olmaq üçün yaxşı imkan oldu. 

“Türkiyə Mədəniyyət Yolu” (Türkiyə Kültür Yolu) festivalları bu il coğrafiyasını daha da genişləndirib. 100 gün boyunca ölkənin 11 şəhərini əhatə edəcək festival dünyanın ən uzunmüddətli mədəniyyət layihələrindən sayılır. Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən festival günlərində ölkənin mədəni mirasını - tarixi bölgələrini, incəsənətini, turizmini, əl sənətini, qastronomiya və s. dəyərlərini qonaqlara və ölkə əhalisinə tanıtmaq məqsədilə silsilə təbirlər keçirilir. Nazirlik bu festivalların bütün Anadoluya yayılmasını hədəfləyib.

Festivalın 9-cu dayanacağı

Diyarbəkir şəhəri festivalın 9-cu və ən əhəmiyyətli dayanacaqlarından hesab olunur. 14-22 oktyabr tarixlərində keçirilən Diyarbəkir Sur Mədəniyyət Yolu festivalında Türkiyənin ölkəmizdəki Səfirliyi və Türkiyə Mədəniyyət Nazirliyinin dəvəti ilə Azərbaycandan media nümayəndələrinin də qatılması bölgənin tarixi və mədəniyyətini əks etdirən bir sıra sərgilər, tarixi məkanlar, muzeylər, habelə bu şəhərin geyim mədəniyyəti, mətbəxi və s. ilə yaxından tanışlıq fürsəti yaratdı.

Diyarbəkirə - Mesopotamiyanın qəlbinə ziyarət edən qonaqlar sırasında xarici turistlərlə bərabər, ölkənin hər yerindən gələn sakinlər də çoxluq təşkil edir. Festival öncəsi “Diyarbəkir olaraq çox qonaqpərvərik, hər kəsi festivalda gözləyirik”, - demələri isə təkcə bayrama deyil, ümumən bölgəyə olan marağı artırıb. Yaxından-uzaqdan gələn sakinlər “Məmləkəti gəzməyə gəldik”, - deyə bizimlə söhbətlərində bildirirdilər. Son dərəcə sadə və mehriban Diyarbəkir əhalisi isə qonaqlarını özlərinə xas şirin ləhcə və sevgi ilə qarşılayırlar. Azərbaycandan olduğumuzu bilincə, “Azərbaycana salamımızı yetirin”, - deyirdilər.

Səfər boyunca bizi müşaiyət edən peşəkar tur rəhbəri Ramazan Celikturk festivalın keçirildiyi məkanlar haqqında ətraflı məlumat verir.

Sur – sivilizasiyanın mərkəzi

Diyarbəkirdə Mədəniyyət Yolu Festivalı Sur rayonu ərazisindən başlayıb. Sur - Diyarbəkir qalasının içərisində yerləşən tarixi yer kimi məşhurdur, həm də sivilizasiyanın mərkəzidir. Rayon adını qala divarlarından götürüb. Festivalın da bu qədim divarlar arasında - “İçkale Muzey Kompleksi”ndə açılan sərgilərlə başlaması təsadüfi deyil. Sur rayonu artıq ikinci ildir keçirilən festivalın həyəcanını yaşayır. Festivalın bu məkanda ənənəvi olaraq keçirilməsi qərara alınıb. Diyarbəkir festivalı bölgənin tarixi və mədəniyyətini tanıtmaq, turizmin inkişafı üçün önəmli fürsətdir.

Ziyarətçilər festival günlərində tarixi Diyarbakır evləri, Diyarbəkir Arxeologiya muzeyi, Cahit Sıtkı Tarancı muzeyi, Assur Pravoslav Kilsəsinə aid Müqəddəs Məryəm kilsəsi, Həsən Paşa karvansarası, Süleyman peyğəmbərin məscidi, Məhəmməd peyğəmbərin 27 səhabəsinin türbələri, Nəbi Məscidi, Şeyx Məttar Məscidi və onun dördayaqlı minarəsi, Diyarbəkir Ulu Cami Məscidi və Diyarbəkir qalası, həmçinin çoxsaylı karvansaralar, mədrəsələr, çeşmələr və müxtəlif tarixi abidələrlə tanış olurlar.  

8000 illik tarixi ilə dünyanın ən qədim bağlarından biri hesab edilən “Hevsel Bahçeleri”ni seyr etmək ayrıca zövqdür.

Əl-Cəzarinin əsərlərinin sərgisi

Festival çərçivəsində İç Qala Artuqid Sarayında mühəndis Əl-Cəzarinin əsas əsərlərinin yer aldığı “Cəzarinin Fövqəladə Avtomobilləri Sərgisi” böyük maraqla qarşılanır. İstanbul Cəzari Muzeyinin istehsalı olan sərgidə mühəndisin 818 il əvvəl, 25 il çalışdığı sarayda hazırladığı robotların, maşınların surətləri yer alıb. Sərgidəki 11 obyekt arasında Əl-Cəzarinin mum heykəli, içki təklif edən avtomat, qayıqçı ilə su saatı, uşaqlarla dəstəmaz alan avtomat, öküzlü içki satışı aparatı, su qaldırma sistemi var. “Artuqilər dövründə uzun illər saray mühəndisi işləmiş məşhur islam alimi və kibernetika elminin banisi Əl-Cəzarinin əsərləri dərindən araşdırılıb. Əl-Cəzari həm islam dünyası, həm Diyarbəkir, həm də texnologiya dünyası üçün önəmli bir şəxsdir. Bu baxımdan sərgi festivalın ziyarətçiləri və diyarbəkirlilər üçün gözəl fürsətdir”, - deyə sərgi haqqında Özgur bəy məlumat verdi. Sərgidə həmçinin 2018-2022-ci illər arasında Artuqlu Sarayında aparılan qazıntıdan 35 fotoşəkil sərgilənir.  

İlk yaşayış məskənlərinin başlandığı yer

Festival ziyarətçiləri İçkale Muzeyi içərisində yerləşən Tematik Muzeydə Diyarbəkirin tarixindən bəhs edən nadir eksponatlarla tanış olurlar. Ekspozisiyalarda Diyarbəkirə islamın gəlişi, tarixi surlar, tarixi mədrəsələr, camilər, köhnə evlərin fotoları haqqında ətraflı məlumatlar yer alıb.
Diyarbəkir Arxeoloji Muzeyini ziyarət edənlər eramızdan əvvəl 7000-ci illərə (Orta Neolit Dövrü) aid əşyaların tapıldığı qazıntılarda arxeologiyaya da böyük maraq göstərirlər. Bu, Diyarbəkirin mərkəzində ilk yaşayış məskənlərinin başladığı yerdir və qədim yerlərdə Amida Höyük adlanır. Kurqan Diyarbəkirin inzibati mərkəzidir. Amida Kurqan 9 min il fasiləsiz olaraq inzibati mərkəz olub və dünyada yeganə nümunə olduğu üçün YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Fərq yaradan qadınlar

Sur Sivilizasiya Yolu üzərindəki digər mühüm yer isə 17-ci əsrdə tikilmiş Mar Petyun Keldani kilsəsidir. 2015-2016-cı illərdə Sur rayonunda baş verən terror aktları nəticəsində böyük ziyan görən və yararsız hala düşən kilsə 2018-ci ildə bərpa edilib. Yeddi ildən sonra yenidən ibadətə hazır olan Keldani Katolik Kilsəsi “Fərq yaradan Qadınlar Foto Sərgisi” ilə ziyarətçiləri toplayır. Sərgi qadınların üstün olduqları sektorlarda yoxsulluq haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır və uğurlarına görə seçilən qadınlara diqqət çəkir.
Kilsələrin yaxınlığında yerləşən tarixi Paşa hamamında “Qoxu mədəniyyəti təqdimatı qədim zamanlardan bu günə” sərgisi keçirilir.

“Gözümüz üstündə yeriniz var”  

Diyarbəkir mədəniyyət festivalı həmçinin bölgənin əl işlərini, zəngin mətbəxi - ətri uzaqdan duyulan çörək və şirniyyatlarını, türk qəhvəsini, ləziz təamlarını dadmaq üçün əla fürsətdir. 

“Şərqin göz bəbəyi”nin sakinləri qonaqları “Başımız üstündə yeriniz var”, - deyə yenidən dəvət edirlər...

Təranə Məhərrəmova
Diyarbəkir-İstanbul-Bakı

banner

Oxşar Xəbərlər