• cümə axşamı, 26 iyun, 07:01
  • Baku Bakı 19°C

Mesenatlıq məktəbi: tarixdən bu günümüzə

08.10.16 09:39 3986
Mesenatlıq məktəbi: tarixdən bu günümüzə
Dünyanın sosial-ictimai və biznes təcrübəsində mesenatlıq – xeyriyyəçilik xalqın mənəvi və sosial həyatında çox mühüm yer tutur. Sovet dövrü lüğətlərində "mesenat” sözü burjua-zadəgan cəmiyyətində varlı adamların elm və incəsənət sahəsində çalışanlara himayədarlıq fəaliyyəti kimi izah olunur. Bu izahın əsas hissəsi – yəni varlı adamların, bu günkü alınma sözlə ifadə etsək, biznesmenlərin elmə, incəsənətə himayədarlığı doğrudur. Lakin sovet ensiklopedik lüğətləri sinfi-ideoloji istiqamətdən çıxış etdikləri üçün belə xeyirxah bir insan əməlini "burjua cəmiyyətinə” aid olduğu kimi istiqamətə yönəltməsi bu müqəddəs aksiyanı gözdən salmışdı. Halbuki hansı cəmiyyətdə, hansı məkanda baş verməsindən asılı olmayaraq, mesenatlıq fəaliyyəti xalq yolunda, millətin tərəqqisi yolunda atılan xeyirxah addımdır. Təsadüfi deyil ki, islam dəyərlərində, Qurani-Kərimdə, peyğəmbərlərimizin deyimlərində xeyriyyəçilik həm də Allah dərgahında yüksək qiymətləndirilən bir fəaliyyət faktı kimi qəbul olunur.
Kökü çox qədimdən gələn mesenatlığın Azərbaycanda məktəb kimi başlanğıcı XIX əsrin ikinci yarısında Bakı neft sahibkarları sırasında xüsusi çəkisi olan Hacı Zeynalabdin Tağıyevin fəaliyyəti ilə rəsmi status almışdır. Məlumdur ki, Hacı Zeynalabdin Tağıyev kasıb bir insan olmuş, sonradan taleyin qisməti və özünün son dərəcə ağıllı, bacarıqlı fəaliyyəti ilə bu neft şəhərinin varlı adamları sırasında öncül yer tutmuşdur. Sözün həqiqi mənasında "hacı” tituluna sahib olmuş və bu titulu ömrünün bütün məqamlarında başlıca xətt kimi seçmiş Hacı Zeynalabdin Tağıyev özü savad sahibi olmasa da, xalqın maarifləndirilməsi yolunda fədakarlıq edən ziyalılarımızın köməyinə çatmışdır.
Yaxın tariximizdən o da məlumdur ki, XIX əsrin ortalarından neft istehsalının genişlənməsi ilə bağlı Bakıda xeyli dərəcədə varlanan iş adamlarının böyük əksəriyyəti xeyriyyəçilik fəaliyyətinə qoşulmağa çox da böyük həvəs göstərməmişdir. Tarixi faktlar və ədəbi-bədii əsərlər, dövrün acılarını yaşamış ziyalıların xatirələri bir daha sübut edir ki, Hacı Zeynalabdin Azərbaycan maarifçilər hərəkatına ürəklə kömək əli uzadan nadir iş adamlarındandır. Azərbaycanın ilk milli qəzeti olan "Əkinçi”nin, Bakıda qızlar məktəbinin, digər tədris ocaqlarının yaradılmasında Hacı Zeynalabdinin böyük maliyyə dəstəyi olmuşdur. Çox təəssüf ki, Azərbaycanda 70 il davam edən sovet ideoloji kanonları belə bir tarixi şəxsiyyəti – milli mesenatlıq məktəbinin banisini olduğu kimi işıqlandırmağa, dövrün həqiqətlərini ortaya qoymağa imkan verməmişdir. Nəinki həqiqətin dilə gətirilməsinə imkan verməmiş, əksinə, bir çox tarixi və ədəbi-bədii əsərlərdə bu böyük maarif xeyriyyəçisi "millətin qanını soran kapitalist ünsürü” kimi təqdim edilmişdir. Hətta iş o yerə çatmışdır ki, Hacı Zeynalabdinin var-dövlətini əlindən almış sovet hökumətinin dövründə Hacının doğmaca qızının Bakıda yaşamağı bir zillətə çevrilmiş, həyatının son anlarında köməksizlik, təklik, qayğısızlıq faciəsi ilə üz-üzə qalmışdır.
Amma özünün qan yaddaşı ilə seçilən, milli-mənəvi dəyərlərini hər cür ideoloji qadağalar çağında belə uca tutan sadə Azərbaycan xalqı Hacı Zeynalabdin xeyriyyəçiliyini heç vaxt unutmamış, onun mesenatlıq fəaliyyətini folklorda, pritçalarda yaşatmışdır. Belə bir xalq rəvayətində Hacının var-dövlət sahibi olandan sonra əvvəlki kasıb illərini heç vaxt unutmadığı qeyd olunur. Xalq rəvayətində göstərilir ki, Hacı Zeynalabdin Tağıyev ömrünün sonuna qədər çörək pulu qazandığı dövrdə işlətdiyi baltanı sonralar yarlı-yaraşıqlı, zəngin evinin qapısı ağzında divara asmış və bununla da bu səviyyəyə hardan gəldiyini hər gün xatırlamağı vacib saymışdır. Həm də xalq yaratdığı pritça ilə bu varlı insanın kasıblar dünyasına münasibətini ifadə etmişdir.
Təsəllimiz odur ki, Azərbaycanın yeni müstəqillik çağı bütün sahələrdə olduğu kimi, millət yolunda haçansa öz qeyrətini göstərmiş milli şəxsiyyətlərimizin tarixi xidmətlərinin həm elmi araşdırmalarda, həm də bədii publisistik əsərlərdə obyektiv qiymətini verməyə başlamışdır. Mən bu anda yazıçı-şair, publisist, filoloq alim Sona xanım Vəliyevanın bu yaxınlarda əbədi-ictimai rəydə hadisə kimi qiymətləndirilmiş «İşığa gedən yol» romanında Hacı Zeynalabdin Tağıyevin mesenatlıq fəaliyyəti ətrafındakı bədii həqiqətlərini xatırlatmaq istərdim. Romanda Həsən bəy Zərdabinin «Əkinçi» qəzetini yaratdığı məqamda Hacının ona ünvanladığı bir məktubu müəllif oxucuya təqdim edir. Əlbəttə, roman bədii əsərdir və Hacının Həsən bəyə o məktubu yəqin ki, həm də bədii cizgilərlə formalaşıb. Amma «İşığa gedən yol» tarixi faktları bədii həqiqətlə uyğunlaşdırdığına görə bu məktub böyük mesenatın xarakterini dərindən anlamağa imkan verir. Məktubun mətni: «Əzizim Həsən bəy, cani-könüldən təbrik edib, çox şad olduğumu bildirirəm. Mən sizə söyləmişdim: səbrli olun. Mənim fikrimcə, siz çox tarixi bir qəhrəmanlıq etdiniz. Onu da deyim ki, «Əkinçi» sizin adınızı tarixə qızıl hərflərlə yazdı. Var-dövlət paylaşdıqca azaldığı halda, sizin həyatda qazandığınız elm, xeyriyyəçilik, qəzetçilik işinin uğurları isə insanlarla paylaşdıqca çoxalır. Siz Allahın sevimli bəndəsisiniz. Sizi neçə il bundan əvvəl tanıdığıma çox sevinirəm. Həm də sizinlə bundan sonra da dostluq əlaqələrimizin davamında sədaqətli olacağımı bildirmək istəyirəm. Həsən bəy, göndərdiyim bu kiçik töhfəni qəbul edin. Hər zaman bütün işlərinizdə yanınızdayam, bundan əmin ola bilərsiniz!
Hörmətlə: Hacı Zeynalabdin Tağıyev. 5 avqust-1875»
Roman müəllifi bütün anlarda tarixi həqiqətlərə söykənib. Bu məktub həmin həqiqətlərdən biridir. Bu kiçik məktub parçası böyük mesenatın böyük obrazını bədii həqiqət fonunda ortaya qoyur.
Hacı Zeynalabdin Tağıyevin Bakıda yaratdığı qızlar məktəbi, müxtəlif ölkələrdə təhsil almağa göndərdiyi azərbaycanlı tələbələr haqqında tarixi faktlar bu gün obyektiv qiymətini almaqdadır. Bu gün Azərbaycan cəmiyyəti belə bir həqiqəti qiymətləndirməkdədir ki, iş adamları yalnız öz mənfəəti üçün deyil, həm də xalqa xidmət missiyasını gerçəkləşdirmək məqsədində olmalıdır. İndi iqtisadi cəhətdən yüksəlməkdə olan ölkəmizin bir sıra iş adamları Hacı Zeynalabdin məktəbinin davamçıları kimi millətin tərəqqisi yolunda xeyriyyəçilik işi görməkdədirlər. Hacı Zeynalabdinin mesenatlıq məktəbi müasirlərimiz üçün ciddi örnəkdir.
Cahangir Məmmədli
Filalogiya elmləri doktoru, professor
banner

Oxşar Xəbərlər