• cümə, 19 Aprel, 23:50
  • Baku Bakı 24°C

“Mənə nə”lər – fəlakətlərimizə yol açmırmı?

14.09.17 11:00 1216
“Mənə nə”lər – fəlakətlərimizə yol açmırmı?
Çoxdandır bu məqaləni yazmaq istəyirdim. Amma qınaq olacağımdan ehtiyat edirdim. Ona görə yox ki, qınaq olacağımdan qorxuram, ona görə ki, bəzilərinin ədəb-ərkanını, ləyaqətini dərk etməyərək "indi zaman o zaman deyil” deyə dodaq büzərək utanmadan özlərinə haqq qazandırmaqlarından qorxuram. "Ləyaqət! Qorxuram elə bir vaxt gələ ki, izahlı lüğətlərdə bu sözün qabağına "köhnəlib” yazıla”. Görkəmli şairimiz Bəxtiyar Vahabzadə "Gəlin açıq danışaq...” adlı publisistik əsərində yazırdı ki: "Ləyaqət hər kəsin dəyəridir, insanlıq sifətidir. Ləyaqətini itirən adam həm dəyərini, həm də insanlıq sifətini itirmiş olur”. Bax cəmiyyətin faciəsi də o zaman başlar ki, insan insanlığını, ləyaqətini, abır-həyasını itirir. Axı əxlaq, ədəb "cəmiyyətdə, ailədə və əmək kollektivində insanların davranışını nizamlayan norma və qaydaların toplusudur”.
Rəhmətlik nənəm həmişə deyərdi ki: "Abır-həyasını itirən, böyük-kiciyi olmayan adamdan həmişə uzaq ol”. Doğrusunu deyim ki, əvvəllər bu sözləri dərk etməzdim. Böyüdüm, həyatı dərk etdim və nənəmin nə qədər haqlı olduğunun şahidi oldum. Bəlkə də çoxları məni qınayar, bu onların öz işidir. Amma mən bu fikirdəyəm ki, abır-həyasını itirən, böyük-kiçiyi olmayan insan dünyada ən təhlükəli cinayətkardan da qorxuludur. Çünki yer üzündə olan bütün varlıqlar içində yalnız insanın mənəviyyat barədə anlayışı var və o, zamanından, məkanından asılı olmayaraq hər an əxlaqa, mənəviyyata ehtiyac duyur. O, yaxşı, ya pis əməlləri ilə, əxlaqı ilə ya mənəviyyatlı, ya da mənəviyyatsız olur.
Xalqımız zəngin mədəniyyətə, böyük milli ənənələrə malik olan bir xalqdır. Deməli hər şey kökdən, soydan başlayır. "Köksüz ağac xəfif əsən küləyin belə qurbanı olur”. İnsan da belədir. Kiçik yaşlarında aldığı tərbiyə (vay o günə ki, tərbiyə verənin özünün tərbiyəyə ehtiyacı ola), ailədəki sağlam mühit bütün ömrü boyu özünü büruzə verir. Əgər bu gün tərbiyə etdiyimiz övladın, təhsil verdiyimiz şagirdin, vətəndaş kimi yetişdirdiyimiz gəncliyin mənəviyyatında, əxlaqında qüsurlar varsa, ilk növbədə biz valideynlər, müəllimlər, pedaqoqlar günahkardır. Əgər biz mənim övladım yaxşıdır, başqasından "MƏNƏ NƏ?” deyə laqeydlik ediriksə, dolayısı ilə elə öz övladımızı da uçuruma yuvarlamırıqmı? Axı o tək-tənha yaşamır, o da cəmiyyətin bir üzvüdür. Qonşumuzda bir əxlaqsız, bir narkoman yaşayırsa, istər-istəməz o çirkaba bir gün övladımız olmasa da, nəvəmiz, nəticəmiz düçar olacaq. Çünki buna "mənə nə?”lərimizlə, laqeydliyimizlə yol açırıq. Unutmayaq ki, bu biganəliyi, laqeydliyi gənc nəsil bizdən görüb-götürür. Odur ki, ailədə valideyn, təhsil ocaqlarında müəllim, pedaqoq, ictimai yerlərdə ağsaqqallar özlərini "təqlidə layiq apara bilmirsə” gənclikdən ləyaqət ummağa haqqı varmı? Əsla! Əgər bu gün mənim övladım və yaxud tələbəm cəmiyyətdə özünü apara bilmirsə, onun təlim-tərbiyəsində qüsurlar varsa, bunun günahı məndədir. Çünki onu cəmiyyətə mən hazırlamışam. Mən pedaqoqam. Ölkənin ən böyük, ən nüfuzlu ali məktəbində (BDU) təlim-tədrisin təbliği ilə məşğulam. İlk vəzifəm tərbiyəli, ləyaqətli vətəndaş yetişdirməkdir. Hər şey kamil, gözəl, düzgün tərbiyədən başlayır: "Elm, bilik sonrakı məsələdir”. Tərbiyəli vətəndaş yetişdirmək üçün müəllim bütün hərəkətləri; danışıq tərzi, geyim mədəniyyəti, cəmiyyətdə özünü aparmaq bacarığı ilə nümunə olmalıdır. Axı müəllim ilk növbədə mənəvi təmizlik, paklıq timsalıdır. Unutmayaq ki, gənclik bizdən nəyi görür, necə görür, elə də götürür. Bunun üçün şahidi olduğum bir necə hadisəni qısa da olsa xatırlatmaq istərdim.
Bir-iki il bundan əvvəlin söhbətidir. Qohumlarımdan biri universitetimizdə oxuyan bir tələbə qızla ailə qurmaq fikrində idi. Qohum-qardaş qızın kimliyi, necəliyi haqqında maraqlanmağımı xahiş etdi. Bir müəllimə yoldaşımla qızın oxuduğu fakültəyə gəldik. Məlum oldu ki, dekan müavini qadındır, qızları da o yaxşı tanıyır. Ədəb-ərkanla qapını döyüb içəri girdik, dekan müavini çox əsəbi olduğundan salamımızı da götürməyi unutdu və ilk sözü bu oldu: "Daha mən bezdim, nə qədər tapşırıq olar, balam qoyun bir özümüzə də tələbə qalsın da”. Gəlişimizin tam başqa bir məqsədli olduğunu xanıma anlatmaq istəsəm də, cəhdim boşa çıxdı. Çünki onun qışqır-bağırı bütün otağı bürümüşdü, özü deyib, ozü də eşidirdi. Gah əlindəki kağızları yerə çırpır, gah da onları əsəbi halda yığırdı. Hadisə baş verən zaman xanımın otağında hec olmasa on-onbeş tələbə var idi və çaşqın halda müəllimənin bu hərəkətini "seyr” edirdilər...
Bir dəfə universitetin böyük zalında tədbir keçirilirdi. Müəllimə yoldaşlarımdan biri əl çantasını və telefonunu oturacağa qoyub çölə çıxdı. Bu zaman cavan bir müəllimə yaxınlaşaraq əsəbi halda "mən dedim axı bura mənim yerimdir” deyə oturacağa qoyulan əl çantasını və telefonu arxadakı oturacağa tulladı (onlar yerə düşdü). Bu hərəkət də tələbələr tərəfindən çaşqınlıqla "seyr” edildi...
Bir-iki həftə bundan əvvəl müəllimə yoldaşımla Ali Attestasiya Komissiyasına getmişdik. Qayıdan zaman dərsə gecikməmək üçün taksi ilə gəlməli olduq. Hava bir az yağışlı və soyuq olduğu üçün taksi sürücüsü maşını universitetin giriş qapısına yaxınlaşdırdı. Bu zaman arxadakı maşının sürücüsü qışqıra-qışqıra taksi sürücüsünü təhqir etməyə başladı (Sonradan öyrəndim ki, bu qışqır-bağırı salan universitetin müəllimi imiş, özü də filoloq).
Mənə elə gəlir ki, nəql etdiyim bu üç hadisənin heç birinin şərhə ehtiyacı yoxdur. Bu hadisələr tələbələrimizin gözləri qarşısında baş verir. Onlar yaxşını da, pisi də bizdən öyrənirlər. "Gözəl tərbiyə vermək vətənə, millətə və insanlığa xeyir verən insan yetişdirməkdir”. O insan ilk olaraq ailədə, sonra cəmiyyətdə yetişir. "Odur ki, xeyirli övlad üçün hüzurlu bir ailə yuvası nə qədər vacibdirsə, xeyirli nəsil üçün də təmiz bir mühit şərtdir”. Yetər ki, o yuvanı könüllə, sevgiylə quraq, hörmətlə-izzətlə qoruyaq. Kökümüzə, soyumuza xas olan abır-həyanı, alicənablığı, nəcabəti itirməyək. Bizə miras qalan "Əxlaqnamə”lərimizi "xaricpərəstlik, müasirlik pərdəsi altında yad meyillərin təsiri ilə itirməyək, dəyişməyək, unutmayaq”.
Mən pedaqoji fəaliyyətimlə yanaşı, bir jurnalist kimi dövrü mətbuatla müntəzəm əlaqə saxlayıram. Xüsusən də "Kaspi” və "Ədalət” qəzetlərinin, "Füyuzat” və "İşıq” jurnallarının daimi yazarıyam. Onlarla əməkdaşlıq etdiyim ilk gündən (kollektivin böyük əksəriyyəti gənclərdir) onlardakı ədəb-ərkana, yaşlarına uyğun olmayan dünyagörüşünə, özünü aparma tərzinə heyran qaldım (Hətta hərdən elə düşünürəm ki, onlar sanki secilmişlərdir).
May ayında "Füyuzat” və "İşıq” jurnallarının təsisçisi olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təşkilatçılığı ilə "Könlüm keçir Qarabağdan” adlı inşa müsabiqəsi kecirildi. Müsabiqə qaçqın və məcburi köçkünlər üçün Müşviqabadda salınan qaçqın şəhərçiyində yerləşən Ağdam rayon 33 nömrəli orta məktəbi, Cəbrayıl rayon akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbi, Füzuli rayon 50 saylı tam orta məktəbi və Xocavənd rayonu Nərimanlı kənd tam orta məktəbləri arasında keçirildi. "İşıq” jurnalının məsul redaktoru Əsəd Aslanoğlunun, "Füyuzat”ın redaktoru Elçin Bilaloğlunun, məsul katib Mübariz Yunusovun və texniki şöbənin müdiri Samir Ramizoğlunun tədbiri yüksək səviyyədə keçirmələri, oxucular və tədbir iştirakçıları ilə həddən ziyadə xoş ünsiyyətdə olmaları hər kəsi məmnun etdi.
...Fransız alimi Bernar yazırdı ki: "İnsan çox şey olmadan keçinə bilər, təkcə insansız keçinə bilməz”. Bəli məhz insansız. Ləyaqətini, mənliyini, insanlığını itirməyən insansız. Mənəvi zənginliyini, şəxsi ləyaqətini hər şeydən üstün tutan ulularımızın məsləki-məramı gəncliyimizə örnək olmalı, ləyaqətsizliyinin qurbanı olanlardan ibrət dərsi götürülməli. Yoxsa itirərik! Gələcəyimizin təminatı olan ləyaqətli gənclərimizi itirərik. Onları itirmək sabaha inamımızı, əqidəmizi itirmək deməkdir. İnamsız, əqidəsiz isə şeytan olur. Şair demiş: "Məslək dediyin şey, bir ağır yük”. O yükü daşımaq üçün ləyaqətli bir vətəndaş olmaq lazımdır. Elə bir vətəndaş ki, Vətəninin daşına, torpağına layiq olan VƏTƏN DAŞI!
Son 20 ildir ki, hər sahədə qloballaşmadan bəhs edirik. Şair demiş: "Əgər biz qloballaşmaya getmək adı ilə min illərin sınağından keçmiş dəyərlərimizdən, əxlaqımızdan əl çəkiriksə, mən o qloballaşmanın əleyhinəyəm”. Mənə elə gəlir ki, təkcə mərhum şairimiz B.Vahabzadə yox, elə milli-mənəvi, əxlaqi dəyərlərini hər şeydən üstün tutan hər bir azərbaycanlı bu fikirdədir. Həyatda həmişə ləyaqətini, nəcabətini qoruyanlar qalib gəlib. Həyatın fəlsəfəsi də budur. Bu fəlsəfənin meyarını duyan, ona "səcdə edən”lər həmişəyaşarlıq qazanıb. Yoxsa "bu həyat adiləşər, cılızlaşar” və bu gözəl həyatda yaşamaq da mənasız olar!
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər