• cümə axşamı, 28 mart, 23:16
  • Baku Bakı 13°C

“Məlahətli söhbətlər” iki ölkə arasında mədəni körpü rolunu oynayacaq - Fotolar

07.09.17 17:41 2433
“Məlahətli söhbətlər” iki ölkə arasında mədəni körpü rolunu oynayacaq - Fotolar
Dünən əməkdar artist Məlahət Abbasovanın ATV telekanalında aparıcılıq edəcəyi "Məlahətli söhbətlər” verilişinin təqdimatı keçirildi. Təqdimata Türkiyənin tanınmış və sevilən sənətçisi Petek Dinçöz də dəvət edilmişdi. Verilişin ilk qonaqlarından olan tanınmış ifaçı ilə görüşdə maraqlı anlar yaşandı.

Türkiyədə olduğu qədər Azərbaycanda da sevilən sənətçi Petek Dinçöz mətbuat nümayəndələrini salamlayaraq, onlarla görüşdüyü üçün həyəcan hissi keçirdiyini dedi: "Azərbaycana hər gələndə buradan ayrılmaq istəmirəm. Mən bu ölkəni çox sevirəm. Mənim canım, dostum Məlahət Abbasovanın yeni bir layihəsinə görə burdayam. Onun proqramında qonaq olmaq mənim üçün çox gözəl hissdir. Sizinlə burda bir yerdə olduğumuz üçün çox qürurlanıram”.
Tanınmış ifaçı çıxışı zamanı Azərbaycan qədər sənətə qiymət verən başqa ölkə görmədiyini də vurğuladı: "Təbii ki, bizim ölkəmizdə də sənətə və sənətçiyə qiymət verirlər. Amma siz sənətçiyə çox böyük hörmət edirsiniz, bu böyük bir şeydir. Mən izmirliyəm, sizi doğma şəhərimin sakinlərinə bənzədirəm. Buna görə də elə hesab edirəm ki, siz mənim doğmalarımsınız”.
İfaçı Azərbaycan tamaşaçılarına gözəl görünmək üçün imicində dəyişiklik etdiyini deyərək tədbirdə xoş ab-hava yaratdı: "Baxın görün saçlarım necədir? Sizlər üçün saçlarımı uzadıb, boyamışam. Təki sizə gözəl görünüm”.
ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov qonaqları salamlayaraq layihə haqda məlumat verdi: "Öncə onu nəzərinizə çatdırım ki, layihənin təşkilatçısı Məlahət xanımdır. Verilişin məqsədi Türkiyədən sənətçiləri Azərbaycana gətirmək və ölkəmiz ilə yaxından tanış etməkdir. Burada bizim əsas məqsədimiz sözügedən verilişdən reytinq qazanmaq deyil. Azərbaycan tamaşaçıları kifayət qədər türk sənətçilərini tanıyır və sevirlər. Məqsədimiz ondan ibarətdir ki, bizim yerli korifeylərimizi Türkiyədə tanısınlar. Bilirsiniz ki, Məlahət xanım Türkiyədə yaşayır, orada fəaliyyət göstərir, şəxsi karyerasını inkişaf etdirir, orada səviyyəli şəkildə ölkəmizi təmsil edir. Azərbaycan mədəniyyəti, incəsənəti ilə bağlı ciddi layihələr həyata keçirir. Onun dostluq etdiyi şəxslər də Türkiyədə tanınan və sevilən simalardır. O insanların bizim sənətkarlarla görüşməsi iki ölkənin mədəni əlaqələrinin xəbərçisidir”.

T.İbrahimov "Məlahətli söhbətlər” verilişinin bir neçə bölümünün çəkilişi olduğunu və bu çəkilişlərin maraqlı keçdiyini dedi: "Bu gün təqdimat etməkdə məqsəd isə həm Petek xanımı media mənsubları ilə görüşdürmək, həm də veriliş haqqında sizləri məlumatlandırmaqdan ibarətdir. Onu da diqqətinizə çatdıraq ki, layihənin dəstəkçisi Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyidir”.

Layihənin rəhbəri Məlahət Abbasova uzun müddətdir bu günü gözləməsindən və sözügedən layihənin məsuliyyətinin ağırlığından danışdı: "Çox xoşbəxtəm ki, öz ölkəmdə belə bir layihə ilə tamaşaçılarımızla görüşəcəm. Düzdür, mən hərdən vətənimə gəlib-gedirəm, ancaq bu mənə kifayət etmir. Bilirsiniz ki, İstanbul Şəhər Teatrında direktor müavini vəzifəsində çalışıram. Sizin burada sevərək izlədiyiniz türk seriallarından tanıdığınız aktyorlar, aktrisalar, müğənnilərin demək olar ki, hamısı mənim çox yaxından tanıdığım insanlardır. Çünki 26 ildir Türkiyədə yaşayıram. Sizin burada heyranlıqla baxdığınız aktyorlarla teatrın içində bərabər böyümüşük. Mən bir neçə il öncə belə bir layihəni hazırlamışdım. Qismət bu günə imiş”.
Təqdimat bitdikdən sonra mətbuat nümayəndələri M.Abbasovaya və Petek xanıma suallarını ünvanladılar.

Xəyalə Rəis



banner

Oxşar Xəbərlər