• çərşənbə, 14 May, 07:36
  • Baku Bakı 17°C

“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi nə vəd edir?

06.09.16 14:12 10287
“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi nə vəd edir?
Valideynlər uşaqları üçün məktəbəqədər təhsil müəssisəsi axtararkən çox vaxt xəyal qırıqlığına uğrayırlar. Tez-tez sosial şəbəkələrdə də rastlaşdığımız bu kimi narazılıqlar məktəbəqədər təhsil müəssisələri sahəsində böyük problemlərin olduğunu təsdiqləyir. Məcbur qalan valideynlər bəzən fərdi şəkildə övladlarına dayə tutur, ya da özəl hazırlıq müəssisələrindən istifadə etməli olurlar. Dövlət məktəbəqədər müəssisələrinin fəaliyyəti isə valideynlərin ehtiyacını tam ödəyə bilmir. Üstəlik bu sahədə peşəkar kadrların azlığı da övladlarının inkişafı üçün çalışan valideynlərin ümidlərini qırır. Ölkə prezidenti tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda məktəbəqədər təhsilin inkişafı nəzərdə tutulsa da, 2018-ci ilə kimi birinci sinifə gedəcək uşaqlar üçün birillik məktəbəhazırlıq təhsilinin icbari olacağı qeyd edilsə də, mövcud problemlər həllini tam tapmır. Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsinin Milli Məclisin qarşıdan gələn payız sessiyasında müzakirəyə çıxarılma ehtimalı bu sahədə olan ümidlərin artmasına təkan verə bilər. Belə ki,qanun layihəsi üzərində Təhsil Nazirliyi, ekspertlərlə birgə ciddi iş aparılır və layihənin ilkin variantı artıq hazırdır. İlkin variant Elm və təhsil komitəsinin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin payız sessiyasının gündəliyinə çıxarılacaq.
İstər-istəməz sual yaranır: qanun layihəsi məktəbəqədər təhsil sisteminə hansı yeniliklər vəd edir? Bu, övladının təlim və tərbiyəsini evdən sonra etibar etməyə yer axtaran valideynlərin ümidini dogruldacaqmı? Hər şeydən əvvəl təhsilin əsas özülünün möhkəmliyini təmin etməyə yardım edəcəkmi?
Bütün məktəbəqədər uşaq müəssisələrini əhatə edəcək layihə
«Təhsil haqqında» qanunda 5 yaşlı uşaqların məktəbə hazırlığı zərurətinin qeyd edildiyini deyən Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bu sahədə xeyli işlər görüldüyünü və işlərin davam etdiyini bildirib. Belə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ölkədə çoxlu uşaq bağçaları tikilib, təmir olunub və istifadəyə verilib. O cümlədən Təhsil Nazirliyi bu sahədə mühüm addımlar atıb. Bu mənada artıq məktəbə hazırlıqla bağlı görüləcək tədbirlərin böyük bir hissəsi həyata keçirilib. Ancaq bunların hüquqi bazası da formalaşmalıdır. Bununla bağlı Elm və təhsil komitəsi tərəfindən işçi qrupunun yaradıldığını bildirən deputat bu qrupa Təhsil Nazirliyinin nümayəndələri, ekspertlər, eləcə də deputatların cəlb olunduğunu bildirib: «Artıq işçi layihə hazırdır və sənəd işçi qrupu ilə müzakirə olunub. Ümid edirik ki, payız sessiyasının ilk iclaslarında bu layihəni müzakirəyə çıxaracağıq”. Azərbaycanda təhsilin inkişaf strategiyasına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən kifayət qədər böyük işlər görüldüyünü deyən millət vəkilinin sözlərinə görə, yeni sənədə əsasən məktəbəqədər təhsil təkcə 5 yaşlıları əhatə etməyəcək. Yəni bu, bütövlükdə məktəbəqədər uşaqların hamısını əhatə edən sənəddir: "Bilirsiniz ki, uşaq bağçalarında kiçik yaş qrupları var. Bu yaş qruplarında uşaqların qabiliyyətlərinin inkişaf etdirilməsi lazımdır. Əgər o yaş dövründə buna kifayət qədər fikir verilməsə, sonradan inkişaf etdirilməsi çətindir. Burda yük heç də bütünlüklə məktəbin üzərinə qoyulmur. Həmçinin ailənin üzərinə qoyulur. Çünki uşaq ilk tərbiyəni ailədən alır. Günün sonuna qədər də bu tərbiyə prosesi davam edir. Bu da uşağın sosiallaşmasına təsir edir”. B.Əliyevin sözlərinə görə, bütün məktəbəqədər uşaq müəssisələrini əhatə edəcək layihəni hazırlamaq üçün Azərbaycanda aparılan işlər ümumiləşdirilməklə yanaşı, dünyanın qabaqcıl ölkələrinin təcrübəsi də öyrənilib: «Bu nüansların hamısı qanun layihəsində yığcam şəkildə öz əksini tapıb. Məktəbəqədər təhsil və uşaqların hazırlığı, onların həm fiziki, həm də psixi cəhətdən sağlamlığı, eyni zamanda, məktəb proqramını ciddi mənimsəməsi, ən başlıcası, müstəqil şəxsiyyət kimi formalaşması əsas məsələlərdir».
Tam qənaətbəxş deyil
Məktəbəqədər təhsil haqqında qanunun hazırlanmasını vacib hesab edən professor Əjdər Ağayevin sözlərinə görə, əslində bu sənəd çoxdan hazırlanmalı idi. Belə ki, Azərbaycan təhsil sistemində məktəbəqədər təhsil sistemi diqqətdən kənar qalıb və passiv fəaliyyət göstərir: "Bildiyiniz kimi, ölkədə məktəbəqədər təhsil sisteminin əhatə etdiyi uşaqların sayı olduqca azdır. Yəni uşaq bağçalarında uşaqlar lazımınca təlim-tərbiyə almırlar, ailələrdə olurlar. Bu əvvəldən qalma məsələdir və indi də davam edir”. Ekspertin sözlərinə görə, işin xoşa gəlməyən bir cəhəti də məktəbəqədər təhsilin Təhsil Nazirliyinin deyil, rayon icra hakimiyyətlərinin səlahiyyətində olmasıdır: "Bu orqanlar təhsil sahəsinə nə məsuliyyət daşıyırlar, nə də cavabdehdirlər. Bəzi icra hakimiyyətləri məktəbəqədər təhsilin maddi-texniki bazasına diqqət yetirsələr də, təlim-tərbiyə işinin keyfiyyətinə, kadrların düzgün seçilməsinə diqqət yetirmirlər. Çünki onlar bu sahədə özləri də məlumatlı deyillər”. Ekspert hesab edir ki, yeni qanun hazırlandıqdan sonra ölkədə məktəbəqədər təhsil sahəsi də inkişaf edər, uşaq bağçalarının sayı artar və nəticədə uşaqların heç olmasa yarısı məktəbəqədər təhsil müəssisələrinin təlim-tərbiyəsindən keçər: "Təhsil Nazirliyi bir tərəfdən məktəbə hazırlıq qrupları yaradır və bu cür qrupları əsasən məktəblərdə təşkil edir. Çünki icra hakimiyyətlərinin tabeliyində olduğundan məktəbəqədər təhsil müəssisələrinə müdaxilə edə bilmir. Nazirlik nə qədər çalışsa və metodik kömək göstərsə də, dövlət hesabına hazırlıq qrupları yaratsa da, bunların hamısı tam qənaətbəxş deyil. Yaxşı olar ki, təhsil sistemi bütövlükdə nəzərə alınsın. Çünki məktəbəqədər təhsil sisteminin özülünü təşkil edir. Qanun həmçinin əmək haqqının artırılmasına diqqət yetirərsə, mövcüd uşaq bağçalarındakı qanundankənar pul yığımlarının aradan qalxmasına xidmət edərsə, onda bu, işin xeyrinə olar».
Kadrların öz ixtisası üzrə olmaması
Dünya təcrübəsində məktəb yaşına çatmamış, ancaq məktəbə gedəcək uşaqların psixoloji və fiziki hazırlığına görə məktəbəqədər təhsilin həyata keçirilməsinin əsas prioritetlərdən hesab edildiyini deyən təhsil eksperti Kamran Əsədov Azərbaycanda bu sahədə irəliləyişin olmamasını təəssüflə bildirir. Belə ki, məktəbəqədər təhsil müəssisələrinin sayı məktəb yaşlı və ya 3-5 yaş arasında olanların çox cüzi faizini təşkil edir. Ekspertin sözlərinə görə, bu gün Bakıda məktəbəqədər təhsil müəssisələrinə cəlb edilən uşaqların sayı ümumi uşaqların sayının 27 faizini təşkil edir: "Amma Azərbaycan üzrə məktəbəqədər təhsilə cəlb olunan ümumi uşaqların sayının 21 faizini təşkil edir. Bu, heç də xoşagələn nəticə deyil. Nəzərə alsaq ki, bu, Finlandiyada 90, Kanadada 85 faizdir, onda başa düşərik ki, bu, vacib nüansdır”. Ekspertin fikrincə, ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalı, özəl təhsil müəssisələrinə daha geniş səlahiyyətlər verilməlidir: "Bu gün bizdə belə bir qanun layihəsinin hazırlanması bu sahənin inkişafına gətirib çıxaracaq. Ancaq nəzərə almaq lazımdır ki, bu gün məktəbəqədər uşaqların böyük əksəriyyəti ya özəl təhsil müəssisələrinə, ya da ayrı-ayrı müəllimlərin yanına hazırlığa gedənlərdir. Həmin məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinə tabe olmadığına görə, bu, bir qədər ziddiyyət təşkil edir. Həmçinin həmin müəssisələrə rəhbərlik edən və orada dərs deyən şəxslərin pedaqoji hazırlığı yüksək səviyyədə olmalıdır”. K.Əsədov son dövrlər müəllimlər və təhsilə aid şəxslər üçün treninqlər keçirildiyini desə də, məktəbəqədər təhsil müəssisələri ilə bağlı hər hansı bir layihənin həyata keçirilmədiyini də qeyd edir: "Bu sahədəki kadrların öz ixtisası üzrə olmaması çox ciddi problemdir. Hesab edirəm ki, burda maddi-texniki baza dəyişdirilməlidir. Bununla bağlı Heydər Əliyev Fondu müəyyən işlər görür. Kadrlarla bağlı isə ciddi problem var. Həmçinin uşaqların qidalanması üçün ərzaqlarla da bağlı ciddi problemlər mövcuddur. Hesab edirəm ki, bu sahədə yeni qanun layihəsini hazırlayandan sonra layihənin ciddi inkişafı nəzərdə tutula bilər. Çünki bu, vacib məsələlərdən biridir”. Ekspert hesab edir ki, əgər uşaqlar həmin müəssisələrdə yaxşı hazırlanmasa, məktəbdə də yaxşı nəticə əldə etmək olmaz: "Əgər bu sahəyə diqqət ayrılsa, təhsilin sonrakı pilləsində inkişaf gözləmək olar. Həmçinin ümid edirəm ki, qanun layihəsi qəbul olunandan sonra həmin məktəbəqədər təhsil müəssisələri icra hakimiyyətlərinin tabeliyindən alınaraq Təhsil Nazirliyinə və aidiyyəti qurumlara veriləcək”.

Ekspertlər həmçinin məktəbəqədər təhsil sahəsində ayrıca idarənin yaradılmasını da bu sahədə problemlərin həlli yolu hesab edirlər. Belə ki, birbaşa nəzarət və idarəetmə daha dəqiq və əhatəli ola bilər.
Mövzu ilə bağlı Təhsil Nazirliyinə ünvanladığımız suallara günün sonuna qədər cavab ala bilməsək də, məsələnin həlli ilə bağlı payızda Milli Məclisdə müzakirəyə çıxarılacaq qanun layihəsinə ümid edək...
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər