• çərşənbə, 04 Dekabr, 06:53
  • Baku Bakı 4°C

Məhdud imkanlarla fantastik uğurlar

26.10.24 01:30 1717
Məhdud imkanlarla fantastik uğurlar

Unay Emeri futbolda hər şeyin maliyyəyə bağlı olmadığını, meydanda bacarığın, düzgün taktikanın daha böyük əhəmiyyət daşıdığını ən yüksək səviyyədə nümayiş etdirir. Onun rəhbərlik etdiyi müxtəlif klublarda əldə etdiyi nəticələr heyranedicidir.  

Müasir futbol taktiki elementlərlə daha zəngindir. Bu, oyunda baş məşqçilərin rolunu və əhəmiyyətini artırır. Mütəxəssisləri fərqli kriteriyalar üzrə müxtəlif cür təsnifləndirmək olar. Bəziləri sırf strateqdir, digərləri gənc oyunçuların inkişafına üstünlük verir, bir qismi yalnız əlində ulduz oyunçular olduğu zaman uğur qazana bilir. Bunların arasında aşağı büdcəli komandalarda böyük uğurlar qazananlar da var. Uzağa getməyə ehtiyac yoxdur, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun əlindəkilərdən maksimum yararlanıb son illər Avropada hansı nəticələr əldə etdiyi hər kəsə yaxşı tanışdır. Yaxud Klaudio Ranyerinin “Lester Siti”ni İngiltərə çempionu etməsi, Joze Mourinyonun “Portu”ya Çempionlar Liqasını qazandırması ciddi nümunələrdir. Bu kateqoriya baş məşqçilərin arasında xüsusilə qeyd ediləcək ad isə Unay Emeridir. İspaniyalı mütəxəssis məhdud imkanlarla fantastik uğurlar əldə edib və hazırda İngiltərənin “Aston Villa” klubundakı fəaliyyəti ilə yenidən Avropada diqqətləri üzərinə çəkib.

Püşklə başlayan macəra

Emeri heç də uğurlu futbolçu karyerasına malik olmayıb. Zədə səbəbindən butslarını mıxdan erkən asan ispaniyalı 33 yaşında son klubu “Lorka Deportivo”nun baş məşqçisi təyin olunub. İlk mövsümdəcə komandanı II Liqaya yüksəldən gənc çalışdırıcı ardınca “Almeriya”nın diqqətini çəkib. Orada isə ona komandanı tarixində ilk dəfə La Liqaya yüksəltmək üçün bir il bəs edib. İspaniyanın əsas Liqasında ilk turda Emeri qəribə addım atır. Futbolçu psixologiyasına yaxşı bələd olan mütəxəssis bütün oyunçularına inamını ifadə etmək üçün start heyəti püşklə müəyyənləşdirir. Komanda etibarı doğruldur və liqaya 3:0 hesablı qələbə ilə başlayır, mövsüm isə səkkizinci yerdə başa vurulur.
2008-ci ildə iqtisadi böhran səbəbilə maliyyə problemləri yaşayan “Valensiya” xilaskar kimi Unay Emerini dəvət edir. Büdcə məhdudiyyətlərinə baxmayaraq, mütəxəssis burada da bacarığını ortaya qoya bilir. Komanda onun rəhbərliyi altında ardıcıl üç mövsüm La Liqanın bürünc medallarını qazanır. David Villa və David Silva kimi ulduzların ön plana çıxması da məhz onun fəaliyyətinin nəticəsi idi.

“Sevilya” ilə Avropa nağılı

Emerinin karyerasının zirvəsi “Sevilya”dakı fəaliyyət dövrüdür. O, 2013-cü ildə başına keçdiyi Əndəlüs təmsilçisinə ardıcıl üç dəfə Avropa Liqasını qazandırır. İlk mövsümdə finalda penaltilərlə “Benfika”, növbəti il “Dnepr” məğlub edildi. 2016-cı ildə isə Yurgen Kloppun “Liverpul”u üzərində qazanılan qələbə Emerini turnirin rekordçusuna çevirdi.

Əslində Emeri üçün “Sevilya”da vəziyyət “Valensiya”dakından çox da fərqlənmirdi. Burada da hər mövsümdən sonra əsas heyət oyunçularından bir neçəsi daha böyük klublara satılırdı. Lakin Əndəlüs klubunda onun bəxti gətirmişdi ki, “transfer sehrbazı” Ramon Monçi idman direktoru idi. Gedən oyunçuların yeri hər dəfə uğurla doldurulurdu ki, bu da stabillik üçün kifayət edirdi. Sonradan ikilinin yolu yenidən kəsişəcəkdi. Bu dəfə “Dumanlı Albion”da...

Ulduzlarla ulduzu barışmır

Emerinin “Valensiya”, “Sevilya” kimi klublarla fəaliyyəti diqqətdən kənar qala bilməzdi. Beləliklə o, 2016-cı ildə daha iddialı PSJ-nin baş məşqçisi təyin olundu. Paris klubu Çempionlar Liqası gözləyirdi. Lakin ilk mövsümdə hətta Fransa çempionatında “Monako” irəli buraxıldı. Növbəti il onsuz da güclü olan heyətə Neymar, Mbappe kimi adlar da qoşuldu. Düzdür, Emerinin komandası Fransada bütün titulları qazanmağı bacardı, lakin Çempionlar Liqasında uğur əldə edilməməsi klubun onunla vidalaşmasına səbəb oldu. Həmin zaman çıxan xəbərlərə görə, Emeri Neymarın komandadakı nüfuzundan narazı idi. Onun ulduz oyunçuların idarəsində təcrübəsizliyi Parisdə daha uğurlu olmasına imkan vermədi.

PSJ-dən sonra mütəxəssis daha ağır bir yükün altına girdi. Bu dəfə Arsen Vengerin uzun müddətli fəaliyyətindən sonra “Arsenal” ona tapşırılmışdı. Çalışdırıcı ilk mövsümdə komandanı Avropa Liqasının finalına çıxara bilsə də, Bakıda keçirilən həlledici qarşılaşmada “Çelsi”yə məğlubiyyət titulun əldən verilməsi ilə nəticələndi. Növbəti il isə Premyer Liqada ardıcıl yeddi qələbəsiz oyun onun İngiltərə paytaxtını əli ətəyindən uzun tərk etməsi ilə nəticələndi.

Reinkarnasiya

Emerinin yenidən doğuluşu 2020-ci ildə “sükanı arxası”na keçdiyi “Vilyarreal”da yaşandı. “Sarı sualtı qayıq” onun rəhbərliyi altında ilk mövsümdə Avropa Liqasının yarımfinalında köhnə klubu “Arsenal”ı, finalda isə “Mançester Yunayted”i məğlub edərək qalib oldu. Bu, “Vilyarreal”ın ilk böyük kuboku idi. Növbəti mövsüm isə klub Çempionlar Liqasında “Yuventus”, “Bavariya” kimi komandalara qalib gəlməklə yarımfinala qədər irəliləməyi bacardı. Beləliklə, Emerinin yolu yenidən İngiltərəyə düşdü.

Birminqemin “Aston Villa” klubu turnir Çempionlar Liqası adlanandan sonra ilk dəfə Avropanın top-klub yarışında iştirak edir. Komanda üç turdan sonra maksimum nəticə ilə liderlərdən biridir. İkinci turda kollektiv əsas favoritlərdən “Bavariya”nı məğlub etməyi bacarıb. Birminqemliləri top səviyyəyə çatdıran isə Emeridir. O, 2022-ci ildə komandanın baş məşqçisi təyin ediləndə “Aston Villa” Premyer Liqada ən yaxşı halda ortabab sayılırdı. Lakin keçmiş tanışı Ramon Monçi ilə iş birliyi sayəsində komanda 2023/24 mövsümünü dördüncü yerdə başa vuraraq ÇL-ə yüksəldi. Çempionlar Liqası ilə yanaşı, Premyer Liqada da komanda möhkəm təsir bağışlayır. 

Emeri yenidən futbolda hər şeyin maliyyəyə bağlı olmadığını, meydanda bacarığın, düzgün taktikanın daha böyük əhəmiyyət daşıdığını ən yüksək səviyyədə nümayiş etdirməkdədir. Bu, elə Azərbaycan kimi kiçik futbol ölkələri üçün də bir nümunə olmalıdır...

banner

Oxşar Xəbərlər