AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Media, sosial şəbəkələr və intihar - Özünə qəsd yolunu seçmək ictimai motiv daşıya bilməz

Media, sosial şəbəkələr və intihar - Özünə qəsd yolunu seçmək ictimai motiv daşıya bilməz

Cəmiyyət
23 Fevral 2021, 17:00 834
Qədim Romada intiharların kütləvi yayıldığı, müəyyən dini ayin icrası olaraq həyata keçirildiyi bəzi dövlərdə intihar edən şəxslərin cəsədlərini asılmış halda şəhərin mərkəzi meydanında nümayiş etdirirdilər. Düşünürdülər ki, bu yolla insanlarda özünü qəsd istəklərinə qarşı hiddət formalaşacaq. Sözüm onda deyil ki, müasir dövrdə qədim tarixdəki üsul və vasitələrə qayıdılmalıdır. Nə də mübarizənin effektivliyini təqdir edirəm. Sadəcə onu bildirmək istədim ki, bəşəriyyət əzəldən intihara qarşı mübarizə aparıb.

Ancaq insanlığın intihar arealı genişdir. Bu genişlikdə üzə çıxan səbəblər və motivlər əksər hallarda həddən artıq dardır, primitivdir. Görünür, qədim romalılar da bunu bildiklərindən qeyd etdiyim mübarizə yolunu tutmuşdular.

Müqəddəs kitabımız olan Qurani-Kərimdə də insanın özünü həyatdan məhrum etməsi böyük günah kimi göstərilmişdi. Bunu da dinimizin intiharla mübarizəsi kimi götürək. Və son günlər intiharlarla bağlı xəbərlərin yayılmasına diqqət edək. Mən məsələni qəsdən "xəbərlərin yayılmasına” şəklində qoyuram və tədricən anlaşılacaq ki, belə yanaşmam nədən qaynaqlanır.

Bəli, intihar xəbərləri istər mediada, istərsə də sosial şəbəkələrdə geniş yayılır. Əlbəttə, intiharı doğuran səbəblər müxtəlifdir. Bununla kimlərsə, hansı qurumlarsa mütləq şəkildə məşğul olmalıdırlar. Ancaq düşünək, görək, xəbər artımı problemin həlli istəklərinə nə dərəcədə adekvat sayıla bilər? İntiharlarla bağlı paylaşımlar kiminsə özünə qəsd niyyətinin qarşısını alacaqmı?

Statistikaya görə, dünyada ən çox intihar halları Skandinaviya ölkələrinin payına düşür. O ölkələrin ki, orada həyat şəraiti kifayət qədər yüksəkdir. Yəni buradan çıxış etmək olar ki, belə hadisələrin baş verməsində birbaşa motiv maddi durum və ya vətəndaşın üzləşdiyi hansısa xoşagəlməz situasiya göstərilə bilməz. Bu vəziyyət yalnız hadisənin baş verməsi üçün müəyyən katalizatordur. Buna daha çox əks katalizator da deyə bilərik. Onun nəticəsində yaranmış insan halı problemin həllinə münasibətdə müqavimət hissini aşağı salır, itirir, dözümsüzlük yaradır.

Hər kəs özünə baxsın, heçmi çətinliklə, çıxılmaz durumla üzləşməmişik? Hər kəs az və ya çox dərəcədə həyatında kritik dönəm yaşayıb. Yaşayıb və vəziyyətdən çıxıb. Yəni demək istədiyim odur ki, vəziyyətdən çıxa bilməmək, özünə qəsd yolunu seçmək ictimai motiv daşıya bilməz.

Media fəaliyyəti bütövlükdə ictimai hadisədir. Ancaq nəzərə alaq ki, düşdüyümüz çətinliklərin, yaşadığımız natarazlıqların hər birinin cəmiyyətin problemi olaraq qələmə verilməsi, onlara ictimai məzmun qazandırılması cəhdləri uğursuzdur. Nəinki uğursuz, hətta yolverilməzdir. Çünki dünyada intiharların yaranması ilə bağlı bəlli statistika var. Həmin statistika sübut edir ki, məsələyə yalnız elmi nöqteyi-nəzərdən yanaşılmalıdır.

Sözüm ondadır ki, bu mövzudakı xəbər yayıcılığı doğru-düzgün yol deyil. Axı jurnalistikanın xəbər yaymağının məqsədi cəmiyyətin xeyrinə olmalıdır. Meydana çıxan duruma baxaq - jurnalist kiminsə sosial şəbəkədəki intihar paylaşımını xəbərə çevirir...

Üstəlik onu da nəzərə alaq ki, intihar özlüyündə çoxtərəfli prosesdir. Bu anlamda ki, şəxs özünə qəsd edərək dünyanı tərk edir, bəs, onun yaxınları, əzizləri, doğmaları? Onlar psixoloji yükün altındadırlar və artıq onların yükünü cəmiyyət də bilir, bəzən elə ayrı-ayrı insanların özü də yükləmə mövqeyində dayanır. Təsəvvür edək ki, yayılan xəbərlər bu adamları hansı vəziyyətə gətirir. Bəlkə onlar da intihar etsinlər?! Media, sosial şəbəkələr istər-istəməz insanların gözündə intiharı adiləşdirir. Bu, olduqca zərərli tendensiyadır.

İctimai motiv məsələsini təsadüfən qabartmadım. Demək istəmirəm ki, media üçün intihar hadisəsi xəbər yükündən tamamilə uzaqdır. Ancaq vəziyyət öyrənilməlidir. Mümkün ola bilər ki, üzərində dayanılmalı motiv intiharın özü yox, məsələn, hansısa mühüm dövlət vəzifəsi tutan insanın yol verdiyi nöqsandır, yarıtmazlıqdır, cinayətdir və s. Cəmiyyətə yansıyan bu olmalıdır, nəinki özünə qəsd edənin 16-cı mərtəbəyə çıxıb ordan yerə atılması.

Bəli, intiharı doğuran nəticə ictimai motiv daşımırsa, digər hallar xəbər olmamalıdır. Yaxud da intihar anını seyr edən şəxsin bunu telefonla çəkərək sosial şəbəkələrdə məhşurlaşmaq istəyi yolverilməzdir.

Ən əsası isə media ilə yanaşı ilk mənbə rolunda çıxış edən dövlət qurumlarının da məsələdəki həssaslığı vacibdir. Onların cəmiyyətə açıqlılıq göstəricisi heç də hər xəbəri kütləvi informasiya vasitələrinə ötürməklə ölçülməməlidir.
 
Əflatun AMAŞOV
Azərbaycan Mətbuat Şurasının sədri