bazar ertəsi, 05 dekabr, 08:07

Baku Bakı 3°C

Mədəniyyət Konsepsiyasına böyük ehtiyac var idi

icon 2425 icon 20 fevral 2014 | 08:58 Mədəniyyət Konsepsiyasına böyük ehtiyac var idi

Azərbaycan mədəniyyətinin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını, dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə dövlət başçısı İlham Əliyev ötən həftə “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nı təsdiqlədi. Konsepsiyanın əsas məqsəd və vəzifələri sırasına mədəniyyətin idarə olunmasında müasir metodların tətbiqi, hüquqi təminatın inkişafı, maliyyə mənbələrinin diversifikasiyası, informasiya təminatının yenidən təşkili, təhsil və əmək resurslarının inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi, beynəlxalq əməkdaşlıq, mədəni irsin qorunması, daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və istifadəsi müddəaları da var.
Sənəddə, həmçinin muzey işinin, kitabxana-informasiya şəbəkəsinin modernləşdirilməsi, qeyri-maddi irsin dəstəklənməsi, peşə sənətinin inkişafı, teatr, musiqi, müasir təsviri və dekorativ-tətbiqi incəsənət, mədəni industriyaların, kinematoqrafiyanın, kitab nəşrinin dirçəldilməsi ilə bağlı müddəalar yer alıb. Azərbaycan xalqının zəngin adət-ənənələrini təbliğ etmək üçün lazımi addımların atılmasını, milli bayramlar və mərasimlər, simvollar, musiqi və rəqslərin, folklor nümunələrinin qorunmasını, ictimai oyunlar və tamaşaların bərpasını, incəsənətin zəngin ənənələrinin inkişafını, dekorativ tarixi sirlərin təşviqini, yenidən qurulması və qorunub saxlanmasını nəzərdə tutan sənəddə, həmçinin miniatür sənətin inkişafı, nüfuzlu muzeylərdə saxlanılan Azərbaycana dair dünya incəsənət nümunələrinin öyrənilməsi və s. məsələlər yer alıb. “Yekun müddəalar”da qeyd olunur ki, beynəlxalq təşkilatların və aparıcı ölkələrin mədəni-siyasi təcrübəsi əsasında hazırlanmış Konsepsiyanın hüquqi bazasını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycanın “Mədəniyyət haqqında” qanunu və digər müvafiq milli mədəni qanunvericilik aktları, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri təşkil edir. Konsepsiya maddi, mənəvi və mədəni sərvətlərimizin Azərbaycana aidliyinin təsdiqlənməsini, təsviri incəsənətimizin YUNESCO, İSESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatlarda təbliğatını və dünyaya tanıdılmasını nəzərdə tutur.
Müstəqil və əhəmiyyətli sənəd

Azərbaycan mədəniyyətinin bütün sahələrini əhatə edən müddəalardan ibarət olan konsepsiyanın təsdiqi maraqla qarşılanıb.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva “Kaspi”yə açıqlamasında konsepsiyanın əhəmiyyətini yüksək dəyərləndirib: “Ötən il “Azərbaycan 2020: gələcəyə baxış” Dövlət İnkişaf Konsepsiyası qəbul edildi. Sənədin 10-cu fəsli - “Mədəni irsin qorunması və onların səmərəli idarə edilməsi” bu mövzuya aiddir. Özlüyündə düşünmək olardı ki, böyük bir dövlət proqramında - önümüzdəki 5-6 ili əhatə edəcək proqramda artıq bu müddəalar yer alıbsa, o zaman ayrılıqda mədəniyyət konsepsiyasına ehtiyac var idimi? Amma görünən budur ki, mədəniyyət sahəsinin ayrılıqda müstəqil bir şəkildə tənzimlənməsi və idarə edilməsi, dirçəldilib inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından bu konsepsiyaya ehtiyac var”. Millət vəkili qeyd edib ki, Azərbaycan Konstitusiyasında da mədəniyyət məsələlərini əhatə edən əhəmiyyətli müddəalar yer alıb. Bundan əlavə, iki il əvvəl Milli Məclisin qəbul etdiyi «Mədəniyyət haqqında qanun»da da bu məsələlər nəzərdə tutulub. “Bu sənəddə də Azərbaycan mədəniyyətinin bütün sahələrini əhatə edən müddəalar öz əksini tapıb. Əgər nəzərə alsaq ki, bu konsepsiyanın əhatə etdiyi sahələrin hər biri mədəniyyət sahəsinin tənzimlənməsi və inkişaf etdirilməsində böyük rol oynayacaq, o zaman təbii ki, bu sənədin böyük əhəmiyyəti olacaq və biz o zaman onun əhəmiyyətini daha yaxından anlaya bilərik”.
Konsepsiyanın ayrı-ayrı müddəalarından danışan millət vəkili qeyd edib ki, burada mədəniyyətin idarə olunmasında müasir metodların tədqiqi, informasiya təminatının yenidən təşkili, maddi-texniki bazanın modernləşdirilməsi, beynəlxalq əməkdaşlıq, mədəni irsin qorunması, daşınmaz mədəniyyət və tarixi abidələrin bərpası və onların istifadəsi, muzey işinin və kitabxana-informasiya şəbəkəsinin modernləşdirilməsi, qeyri-maddi irsin dəstəklənməsi, teatr sənəti, musiqi, təsviri və dekorativ tədqiqi incəsənət, peşə sənətinin inkişafı, mədəni sənayenin dirçəldilməsi, kinematoqrafiya, kitab nəşrinin dirçəldilməsi və s. sahələrin hər birinə toxunulub: “Mütəxəssislərin nəzərində bu konsepsiyanı əhəmiyyətli edən çox vacib bir amil – Azərbaycanın torpaqlarında 25 ildən artıq davam edən ədalətsiz müharibədir. Bu işğal nəticəsində insanların sadəcə dədə-baba torpaqları işğal edilməyib, bir milyondan artıq insanımız qaçqın və köçkün vəziyyətinə düşüb. Hər birimizə bəllidir ki, o torpaqlarda bizim minlərlə abidələrimiz, mənəvi sərvətlərimiz tapdaq altında qalıb”.
Millət vəkili düşmən işğalında olan mili və mədəni sərvətlərimizlə bağlı ağlasığmaz statistikanı xatırladıb. Belə ki, bu gün işğal altında 927 kitabxanamız, 808 mədəniyyət evimiz, 85 musiqi və təsviri sənət məktəbimiz, 22 muzey, 4 rəsm qalereyası, 13 tarix və mədəniyyət abidələri – ümumilikdə 202-dən çox milli abidə tapdaq altında qalıb. “Bu gün mənəvi abidəmiz olan Xudafərin körpüsü, Azıx mağarası , Azərbaycanın musiqi beşiyi olan Şuşa qoruğu işğal altındadır. Təbii ki, bu konsepsiyanı qəbul etməklə əsas məqsədlərdən biri Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, informasiya müharibəsində ədalətin təntənəsinin təmin edilməsidir”.
Əsl sənətin təbliğinə ehtiyac

Konsepsiyada yer alan Azərbaycan mədəniyyətinin xarici və daxili təsirlərdən qorunması müddəasına gəlincə, millət vəkili Azərbaycan mədəniyyətinə həm daxildən, həm də xaricdən bir çox təsirlərin olduğunu qeyd edib. Belə ki, daxili təsir xaricdən gəlmiş, kökü, qaynağı məlum olmayan mədəniyyət ünsürlərinin zorla, bir ovuc zövqsüz insan tərəfindən xalqın malı etməyə çalışılmasıdır. “Əsl sənətin, ədəbiyyatın, musiqinin və s. hardasa arxa planlara keçərək onun əvəzinə şou-biznes deyilən və çox təəssüf ki, getdikcə gənclərimizin və yeniyetmələrin zövqünü korlayan, mənəviyyatını aşağı səviyyəyə salan bir sahə əmələ gəlib. Bəzən telekanalları seyr edəndə küçələrdə gənclərə yaxınlaşıb «Üzeyir Hacıbəyovu tanıyırsınızmı?» sualına cavab olaraq gənclərin dahi bəstəkar haqqında danışmaq əvəzinə, bu gün avtobuslarda musiqisi səslənən digər bir Üzeyirin adını çəkdiklərini görürəm. Bu, düşünülməli məsələdir. Bunun üçün mədəniyyətlə, mənəviyyatla məşğul olan şəxslər haqq səslərini ucaltmalıdırlar. Bunun üçün də dövlət tərəfindən sistemləşdirilən və həyata keçirilməsi vacib olan bir sənədə ehtiyacımız var idi”.
Millət vəkili hesab edir ki, bu sənəd mədəniyyətin daxili aspektdə tənzimlənməsi, bu cür qorxulu çalarların aradan qaldırılması və Azərbaycan mədəniyyətinin ciddi nümunələrinin – istər folklor, istər musiqi nümunələri, istər musiqi alətləri olsun - hər birinin gələcəyə ötürülməsi baxımından əhəmiyyətli olacaq. “Xarici təzyiqdən danışırıqsa, müharibə şəraitində olan bir ölkədə, məkrli bir düşmənlə qarşı-qarşıyayıqsa, bu gün bu müharibə ideoloji, mədəni, mətbəx müharibəsinə çevrilib. Çox təəssüf ki, bu gün Azərbaycanın ən qədim musiqi alətləri – tar, kaman, ney, Azərbaycanın «Sarı gəlin»i, ölkəmizin mətbəx nümunələri dünyaya erməni mədəniyyət nümunələri kimi təqdim olunur. Təbii ki, belə olan halda, konsepsiya həmin qorxulu təhdidlərin də qarşısını almaqda böyük rol oynayacaq”.
J.Əliyeva Azərbaycan mədəniyyətinin inkişafı, qorunması və dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun gördüyü işləri də yüksək qiymətləndirib: “Bu gün Azərbaycan muğamının, xalçasının, təsviri sənətinin - ümumilikdə Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün Heydər Əliyev Fondu durmadan çalışır. Fond Azərbaycan mədəniyyətinin qorunması, inkişaf etdirilməsi və dünyaya əsl Azərbaycan mədəniyyəti kimi çatdırılması üçün ölçüyəgəlməz işlər görür. Bu, təkcə dövlətin və ayrı-ayrı şəxslərin deyil, bütünlükdə hər birimizin etməli olduğumuz şərəfli bir vəzifədir”.
J.Əliyeva hesab edir ki, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri də mədəniyyətimizin təbliği istiqamətində işlərini daha fəal qurmalıdırlar: “Səfirliklər çalışdıqları ölkələrdə öz işlərini qururlar. Amma biz unutmamalıyıq ki, başımızın tumarlandığı dövrlərdə, sovet imperiyası dönəmində bizə qarşı sözlə silahlanmış çox məkrli bir düşmən olub. Bu düşmən öz lobbiçiliyi sayəsində bütün dünyada Azərbaycan mədəniyyətini və insanını kölgədə qoymaq üçün əlindən gələni edib. Ona görə də bu təbliğatı yarıb əks-təbliğatı daha da gücləndirməkdən üçün xarici ölkələrdə olan səfirliklərimiz daha fəal olmalıdır. Oradakı lobbi təşkilatları ilə çox yaxından işləməlidirlər. Azərbaycanın sənət ustalarının böyük Avropa ölkələrinə turneləri təşkil olunmalıdır. Həmin tədbirlərə yerli insanların daha çox cəlb olunmasına çalışılmalıdır”. Millət vəkilinin fikrincə, mədəniyyətimizin qorunması, inkişafı və təbliği ilə bağlı işləri hər birimiz həyata keçirməyə çalışsaq, bu istiqamətdə daha böyük nailiyyətlər əldə etmiş olarıq.
Təranə Məhərrəmova