• cümə, 19 Aprel, 10:50
  • Baku Bakı 13°C

Mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günüdür

31.05.23 12:17 2808
Mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günüdür

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, həmin gün 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasının 42-ci sessiyasında təsis olunub. Həmin günün qeyd olunması diqqəti tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə effektiv siyasət aparmağa çağırır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yer üzündə hər il təxminən 8 milyon insan “tütün epidemiyası” səbəbindən həyatını itirir. Onlardan 800 mindən çoxu passiv siqaret istifadəçiləridir. Diqqətçəkən məqam ondan ibarətdir ki, siqaret çəkənlərin yarısı həyatını 70 yaşına çatmadan itirir.

Siqaret tüstüsündə əksəriyyəti nikotin, qətran və xərçəng yarada bilən kanserogenlərdən ibarət 400-ə qədər kimyəvi maddə mövcuddur. Aparılan kliniki araşdırmalara görə siqaret çəkənlərin dərisi çəkməyənlərə nisbətən daha tez qocalır, hətta 40 yaşlı siqaret çəkənlər 70 yaşlı siqaret çəkməyənin dərisi eyni struktura malik olur. Tütünün tərkibində olan karbonmonooksid, nikotin, qətran kimi maddələr ağciyərlərin fəaliyyətini pozur, oksigen çatışmazlığı nəticəsində ürək krizisi ehtimalını artırır. Ağız qoxusu, diş əti xəstəlikləri, dad hissiyyatının zəifləməsi, yaddaş zəifliyi, ruhi gərginlik, yuxusuzluq, xroniki başağrıları, gözdə katarakta və korluq və s. kimi xəstəliklər məhz siqaretə olan aludəçilikdən yaranır. Tütündən istifadə edilməsi ölümə aparan ən mühüm səbəblərdən biridir və bu zərərli vərdiş dünyada hər on nəfərdən birinin həyatına son qoyur. Bundan başqa, tütünçəkmənin təsiri nəticəsində 25-dən çox xəstəlik, o cümlədən ürək-damar, ağciyər və onkoloji xəstəliklər daha da ağırlaşır.

İki qutu siqaretin tərkibində 100-120 milliqram nikotin var. Gündə bir siqaret çəkənlərin qəbul etdiyi zəhərli maddə müəyyən vaxtdan sonra ciddi xəstəliklərin yaranmasına zəmin yaradır. Orqanizminə daxil olan nikotin böyrəküstü vəzin adrenalin və noradrenalin hormonları ifraz etməsinə səbəb olur. Bunun nəticəsində ürək və damar xəstəlikləri, eləcə də mədə xorası yaranır. Bununla yanaşı, ürək daha tez-tez döyünür və nəticədə qan təzyiqi yüksəlir. Daimi siqaret çəkənlər bu zərərli vərdişə bir müddət fasilə verdikdə əl və ayaqlara daha az qan işləyir, həmin orqanlarda temperatur aşağı düşür.

Aparılan sorğular nəticəsində məlum olub ki, tütündən istifadə edənlərin üçdə ikisi siqaretin zərərlərindən xəbərsizdir. Siqaretin tərkibində olan nikotin zəif narkotik maddə sayılır və asılılıq yaradır. Hazırda bu asılılığın müxtəlif üsullarla müalicəsi var və hər bir yaşda ondan imtina etmək mümkündür.

2017-ci il dekabrın 1-də ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edilməsi və son illər onun icrası sahəsində görülən ardıcıl tədbirlər əhalinin sağlamlığının qorunması istiqamətində çox mühüm addımdır. Ona görə də ölkəmizdə tütündən istifadə edənlərin sayı ildən-ilə azalmağa doğru gedir.

banner

Oxşar Xəbərlər