• çərşənbə, 16 Oktyabr, 02:05
  • Baku Bakı 16°C

“Makler evləri” ilə bağlı narazılıqlar artır 

08.03.24 05:02 4473
“Makler evləri” ilə bağlı narazılıqlar artır 

Sənədsiz evlərin sayğaclaşdırılması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Bu qaydalara görə, sənədsiz evlərdə kommunal xidmətlərlə bağlı sayğac quraşdırılması mümkün olmayacaq. Bəs bu qaydalar “makler evləri” biznesinə hansısa formada təsir edibmi?

Yəqin ki, elan saytlarında “makler evi deyil” tipli yazıları çoxumuz görmüşük. Sosial şəbəkələrdə də bu evlərlə bağlı xeyli şikayətlər mövcuddur. İnsanlar bu cür evləri alıb aldadıldıqlarını qeyd edirlər. Həmçinin bu evlər adətən sənədsiz olur. Artıq sənədsiz evlərlə bağlı da yeni qaydalar tətbiq edilir. Bu qaydalara görə, sənədsiz evlərdə kommunal xidmətlərlə bağlı sayğac quraşdırılması mümkün olmayacaq. Məlum qaydalar “makler evləri” biznesinə hansısa formada təsir edibmi?

“Bu qərar iki aya yaxındır ki, verilib”

Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, “makler evləri” ilə bağlı şikayətlər hər il artır: “Bu evləri alan vətəndaşlar müxtəlif problemlərlə üzləşirlər. Şəhərdən kənar ərazilərdə bu prosesə effektli nəzarət mümkün deyil. Sayğaclaşma ilə bağlı qadağaların nə dərəcədə effektli olacağını isə zaman göstərəcək. Bu qərar iki aya yaxındır ki, verilib. Sənədsiz evlərlə bağlı yeni qaydaların əhatə dairəsi genişləndikcə, bundan agah olan şəxslər daha çox sənədli evlərə üstünlük verəcəklər”. 

E.Azadovun fikrincə, “makler evləri” ilə bağlı problemlərin yaranmasının digər səbəbi daşınmaz əmlakın həddindən artıq bahalaşmasıdır: “Vətəndaşların gəlir səviyyəsi bu artıma uyğun deyil. İş adamları daşınmaz əmlak alıb bizneslərini inkişaf etdirə bilmirlər. Daşınmaz əmlakın bahalaşması bu cür işbazların əl-qolunu açır, daha çox qazanmalarına şərait yaradır”.  

Problem son beş ildə daha da böyüyüb

Əmlakçı Mülkədar Rüstəmov bildirdi ki, bu problem son beş ildə daha da böyüyüb. İşbazlar bu işdə qazanc olduğunu görərək, ucuz qiymətə torpaq alırlar: “Kiçik həcmli torpaqda faktiki olaraq iç-içə bir neçə keyfiyyətsiz ev inşa edirlər. Həmin evlərin problemi ən çox payız aylarında üzə çıxır. Xüsusilə Masazır, Ramana, Sabunçu, Xırdalan, Binə, Məhəmmədi, Zabrat kimi kənar ərazilərdə boş torpaqlar var. Bu torpaqlarda tikilən evlər payız aylarında nəm çəkir, sonra isə çat verirlər. Aztəminatlı gənc ailələr əziyyətlə yığdıqları pulla bu evləri ucuz qiymətə alsalar da, sonra peşman olurlar. Bəzən bu evləri bir neçə şəxsə satırlar. Hələ də məhkəmələrdə belə çəkişmələrin şahidi oluruq”. 

Bu evlərə çıxarış verilmir

M.Rüstəmovun sözlərinə görə, bu evlərin əksəriyyəti kənd təsərrüfatı, sənaye məqsədli torpaqlarda inşa edilir ki, nəticədə həmin evlərə müvafiq qurumlar tərəfindən çıxarış verilmir: “Bakı ətrafındakı qəsəbələrdə bu cür evlərin sayı gündən-günə artır”.
Əmlakçı bildirir ki, “makler evləri”nin bünövrəsində də problemlər olur. Qanunla bünövrə qazılıb kəmər atılmalıdır. Tikinti qaydalarına əməl edilməlidir ki, tikilən ev daha təminatlı olsun: “Makler evləri” isə tək daşla tikilir. Torpağın zamanla yatması nəticəsində evlərdə çatlar yaranır. Kommunal xətlər də quraşdırılarkən ucuz avadanlıqlardan istifadə edirlər. Elektrik kabelləri gərginliyə tab gətirmir. Su boruları, kanalizasiya xətlərində problemlər yaşanır”.  

Əmlakçının sözlərinə görə, yeni qaydalar qüvvəyə mindikdən sonra bəzi dələduzlar sayğac quraşdıracaqlarını söz verərək insanları aldadırlar: “Lakin insanlar belə vədlərə inanmasınlar. Məlum qərar bu evlərə olan tələbatın azalmasına qismən də olsa təsir edə bilər. Amma burada əsas iş icra hakimiyyətləri, xüsusilə bələdiyyələrin üzərinə düşür. Onlar həmin ərazilərə nəzarət etməli, tikintilərə icazə verməməlidirlər”. 

Ucuz qiymətə aldanmayın

M.Rüstəmovun insanlara məsləhəti odur ki, ucuz qiymətə aldanaraq “makler evləri” almasınlar: “Torpaq sahəsi alaraq evi özünüz tikin. Ev almaq istəyirsinizsə, mütləq çıxarışı olanını seçin. Çıxarışın təyinatına baxmaq lazımdır ki, torpaq hansı məqsədlər üçün nəzərdə tutulur. Torpaq aldıqda da çıxarışlı alın. Sənəddə aldığınız torpağın yaşayış və ya xüsusi mülkiyyət məqsədli olduğu qeyd edilməlidir. Tikəcəyiniz evin eskizini hazırlayaraq müvafiq quruma göndərin. Proses bir qədər uzun çəksə də, işiniz daha keyfiyyətli və təminatlı alınacaq”.  

“Makler də qazanc götürməlidir, ya yox?”

Makler Cavid Səmədov isə bildirdi ki, onlar heç vaxt bahalı məhsul almırlar. Çünki  qazanc da götürməlidirlər: “Makler aldığı evi təmir etdirərkən divar kağızını 50 manata yox, 25 manata alır. Amma şəxsi tikintidə evin sahibi belə şeylərə diqqət edir. Bu o demək deyil ki, makler təmir edirsə, keyfiyyət aşağıdır. Təmir normal olur, sadəcə bahalı məhsullar istifadə edilmir. Makler həmin evdən pul da qazanmalıdır. Təbii ki, şəxsi tikili olanda daha keyfiyyətli ev ortaya çıxır”.

C.Səmədovun sözlərinə görə, bu vaxta qədər tikdikləri evlərə sayğac quraşdırarkən problem yaşamayıblar: “Maklerlər sənədsiz ev almamağa çalışırlar. Bələdiyyənin sənədi ilə torpaq alırlar. Adi insanlar da belə torpaqlar əldə edərək evlərini özləri tikib yaşayırlar. Heç bir problem olmur, bütün sayğaclar da quraşdırılır. Makler evə sənəd almır, amma torpağın sənədi olur. Evə sənəd alıb-almamaq insanın öz seçiminə qalır. Onsuz da bu evləri alan insanlar bahalı ev almaq imkanında olmayanlardır. Bu səbəbdən maklerlər də evləri az xərclə tikirlər ki, insanlar onu almaq imkanında olsunlar”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər