• bazar, 19 May, 14:59
  • Baku Bakı 19°C

Əllərdən başlayan gözəllik

08.03.24 03:40 3370
Əllərdən başlayan gözəllik

Dırnağın üstünə “dırnaq” qoyan zaman istifadə olunan maddələrdən dəridə allergik reaksiya yaranma ehtimalı var. Nəticədə bu, allergik dermatit və ekzema xəstəliyi yarada bilər.

Belə bir fikir var ki, qadının gözəlliyi əllərindən başlayır. Uzun və baxımlı dırnaqlar qadına xüsusi gözəllik verir. Günümüzdə işgüzar xanımların ağır iş rejimi dırnaqlarına qulluq etmək üçün vaxt da saxlamır. Bu mənada son illərdə xüsusən dəbə düşən manikür xidməti xanımların dadına çatır. Bəzən çox gözəl bəzəkli - dizaynlı dırnaqları görürük ki, sanki onun bir sənət əsəri olduğu, üstündə rəssamın işlədiyi gəlir ağlımıza. Bəs belə gözəl dırnaqlara sahib olmaq xanımlara neçəyə başa gəlir?

Manikür xidmətinə aid olan dırnaq qaynağı ilə bağlı fikirlər birmənalı deyil. Kimi deyir ki, əladır, rahatdır, gözəldir. Kimi də deyir ki, “olmaz, orqanizmə ziyandır”. Hətta bunun müəyyən xəstəliklər törətdiyini israrla deyənlər də var. Bu səbəbdən, sterillik çox önəmlidir. 

Sertifikatı olmayan “ustalar” çoxdur 

Manikür tədrisi üzrə təlimçi və texnoloq İlkanə Həsənova deyir ki, hazırda salonlarda sertifikatı olmayan “ustalar” çoxdur: “Dırnağını gözəlləşdirmək istəyən xanım öncə xidmətindən istifadə edəcəyi salonu araşdırmalıdır. Bilməlidir ki, dırnaq ustasının bu iş üçün sertifikatı var, yoxsa yox. Bunun üçün salon rəhbərliyi məsuliyyət daşıyır. Onlar sertifikatı olmayan dırnaq ustasını işə götürməməlidirlər. Müştəri ustanın iş təcrübəsi ilə də maraqlanmalıdır. İki ildən az təcrübəsi olan ustanın yanına getmək məsləhət deyil. Bundan başqa, xanımlar ustanın istifadə etdiyi məmulatları da bilməli və mütləq araşdırmalıdırlar. Steril olmayan alət və məhsullarla işləyən “usta” müştəriyə infeksiya sala və xəstəlik yoluxdura bilər. Ona görə də salon və usta seçəndə xanımlarımız çox diqqətli olmalı, bu işə ciddi yanaşmalıdır. Usta müştərinin dırnağını həm gözəl düzəltməli, həm də onu narahat edən suallara düzgün cavab verə bilməlidir”. 

Kimlər daha diqqətli olmalıdırlar?

“Şellak, gellak və s. dırnağın özünə çox yaxşı təsir edir”, - deyir təlimçi: “Çünki dırnaq özü heç nəsiz olanda sanki müdafiəsiz qalır. Ona görə də bu, əslində həm dırnaqların gözəlliyi, həm də sağlamlığı üçün yaradılıb. Dırnaq qatı hər kəsdə müxtəlifdir. İş düzgün aparılsa, əslində dırnağı qoruyur. Necə ki, geyim insan bədənini istidən, soyuqdan qoruyur, o cür də bu”.

İlkanə xanım dırnaq qaynağının ziyanından da danışdı: “Müəyyən xəstəliklər var ki, onların daşıyıcılarına bunu etmək olmaz. Məsələn, şəkərli diabet xəstələrini götürək. Onlara çox incə manikür etmək, qanatmamaq lazımdır. Çünki risk qrupuna daxildirlər. Bundan başqa, onların dırnağında qaynaq haradasa bir həftə, on gün qalır”.

Məsləhətli don gen olar

Xanımlar arasında salon seçimi, adətən, məsləhətlə olur. Yəni bəyəndikləri ustanı bir-birilərinə tövsiyə edirlər. “Bəzən müştəri narazılıq edir ki, dırnağım tez qopdu. Bunun günahı tək ustada deyil. Elə xanımlar var ki, dinc durmur, dırnağını “pilkalayır”, dartışdırır. Estetik tərəfdən yanaşsaq, dırnaq baxımı xanımların dırnaqlarının gözəl görünməsini təmin edir. Xanımlar əvvəlki zamanlardakı kimi dırnaq manikürünə, boyanmasına çox zaman və əmək sərf etməli olmurlar”, - deyə təlimçi bildirir. 

Həkim məsləhəti

Dermatoloq Kamil Qurbanov isə deyir ki, dırnaq qaynağı  prosesi kimyəvi müdaxilədir: “Dırnağın üstünə “dırnaq” qoyan zaman istifadə olunan maddələrdən dəridə allergik reaksiya yaranma ehtimalı var. Nəticədə bu, allergik dermatit və ekzema xəstəliyi yarada bilər. İkincisi, dırnaq qoyan zaman dırnağın və dırnaq ətrafının zədələnməsindən müxtəlif infeksiyaların düşməsi də mümkündür. O cümlədən göbələk və bakterial infeksiyalar. Prosedur zamanı dərinin qanla ləkələnmiş alətlərlə işlənməsi ciddi infeksiyalara da yol aça bilər. Hepatit B, S, QİÇS kimi qanla keçən xəstəliklərə yoluxmaq mümkündür. Buna görə də dırnaq qoyma zamanı prosesə nəzarət etmək lazımdır. Sterilliyə, gigiyenaya diqqət edilməli, birdəfəlik alətlərdən istifadə olunmalıdır. İltihab olmasın deyə dəri, dırnaq zədələnməməlidir”.

Qiymətlər niyə fərqlidir?

Manikür xidmətləri 20-60 manat aralığında və bəzən də daha baha qiymətə təklif edilir. Qeyd etmək lazımdır ki, manikür prosesində istifadə olunan bütün materiallar, əsasən Çin istehsalıdır. Yəni müxtəlif salonlarda eyni prosedurun qiymət fərqi istifadə olunan materiallardan daha çox, onun hansı salonda, hansı usta tərəfində həyata keçirilməsindən asılıdır. Əgər salon şəhərin mərkəzində yerləşirsə, deməli, onlar həmin yer üçün daha çox icarə haqqı ödəyirlər. Analoji olaraq xidmətin qiymətini də yüksək edirlər. Amma şəhərin mərkəzindən bir qədər kənara çıxanda qiymətin nisbətən düşdüyünün şahidi oluruq. Həmçinin ustadan ustaya da fərq var. Əgər dırnaqlarınızı peşəkar manikür ustası düzəldirsə, xidmət haqqı hələ təzə öyrənən və özünə müştəri yığmaq mərhələsində olan gənc ustanın xidmət haqqından, əlbəttə ki, baha olacaq. Bir vacib məqam da var ki, dırnaq düzəltdirən xanımın istəyindən asılı olaraq dırnağın üstünə vurulan bəzək də əlavə ödənişə səbəb olur. Amma istənilən halda, mütləq şəkildə ilk növbədə sterilliyə diqqət edilməlidir. 

Xanım Aydın

banner

Oxşar Xəbərlər