• cümə axşamı, 28 mart, 23:41
  • Baku Bakı 13°C

Ölkəmizin irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti, dünya üçün vacibliyi bir daha təsdiq edildi

07.04.21 17:30 1292
Ölkəmizin irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti, dünya üçün vacibliyi bir daha təsdiq edildi
"Azərbaycanın qlobal miqyasda COVID-19 pandemiyası ilə mübarizəyə verdiyi töhfələrin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizin irəli sürdüyü təşəbbüslərin əhəmiyyətini, dünya üçün vacibliyini bir daha təsdiq edir.
BunuAZƏRTAC-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov deyib.
O, koronavirusla mübarizənin bu gün bütün ölkələr üçün prioritet olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan pandemiyanın yayıldığı ilk günlərdən həm ölkə əhalisinin sağlamlığını qorumaq, həm də beynəlxalq ictimaiyyətin COVID-19-la mübarizə tədbirlərinə dəstək vermək üçün mümkün olan bütün zəruri addımları atıb. Deputat hesab edir ki, 2020-ci ilin aprelində Türk Şurasının, həmin ilin may ayında Qoşulmama Hərəkatının zirvə toplantılarının, eləcə də dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının təşkili, Ümumdünya Səhiyyə Təşkilatına göstərilən ianələr Azərbaycanın qlobal əhəmiyyətli problemlərin həllində üzərinə məsuliyyət götürməyə hazır güclü dövlət olduğunu təsdiq edir.
Soltan Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatların ölkədə müasir standartlara cavab verən tibbi xidmətlər sisteminin formalaşmasına gətirib çıxardığını vurğulayıb: "COVID-19-la mübarizə təcrübəsi göstərdi ki, Azərbaycan səhiyyə sistemi ən çətin situasiyalarda belə kifayət qədər effektiv fəaliyyət göstərə bilir. Azərbaycanın dövlət idarəetmə sistemi, müxtəlif təsisatların qəbul etdiyi qərarlar, iqtisadiyyatın qorunması, əhalinin sosial rifahının müdafiəsi istiqamətində görülən tədbirlər bir daha göstərdi ki, ölkəmizdə böhranlı situasiyalarda adekvat davranış nümunəsi ortaya qoya bilən idarəçilik sistemi qurulub. Şübhəsiz ki, bəzi situasiyalarda çatışmazlıqlar da ola bilər. Ancaq dövlətin əsas funksiyalarından biri də bundan ibarətdir ki, çatışmazlıqları, boşluqları düzgün təhlil edib qiymətləndirməyə qadir meyarlar sisteminə malik olsun. Hesab edirəm ki, ötən dövrün təcrübəsi bu barədə nikbin fikirlər söyləməyə imkan verir”.
Milli Məclisin üzvü Azərbaycanda səhiyyə sistemində islahatların davam etdiyini, icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqinin insanların həyatında əhəmiyyətli dəyişikliyə səbəb olacağını bildirib. Onun fikrincə, yeni sistemə keçid tibbi xidmətlərin bütün vətəndaşlar üçün əlçatanlığını təmin etməklə bərabər, əhalinin sağlamlığının daha yüksək səviyyədə qorunmasına da imkan yaradacaq.
Soltan Məmmədov Azərbaycanın dünyada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsinə xüsusi həssaslıqla yanaşdığını vurğulayaraq bildirib ki, BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi bu istiqamətdə əldə olunmuş mühüm nailiyyətlərdən biridir. "Peyvəndlərin ədalətli bölgüsü bu gün müzakirə predmetinə çevrilən çox vacib məsələdir. Ümumdünya Sağlamlıq Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin videomüraciətində bu məsələ bir daha xüsusi olaraq vurğulandı. Azərbaycan bu problemin həllində də kifayət qədər fəallıq göstərir. Hesab edirəm ki, bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunu artıran çox önəmli amillərdir. Azərbaycana olan inamı, etimadı daha da yüksəldir. Çünki, ölkəmizin qlobal problemlərin həllində yüksək məsuliyyət nümayiş etdirdiyini göstərir”, - deyə deputat bildirib.
banner

Oxşar Xəbərlər