• çərşənbə, 24 Aprel, 21:39
  • Baku Bakı 23°C

Körfəz ölkələrinin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiya

24.10.17 10:15 2291
Körfəz ölkələrinin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiya
Azərbaycan prezidentiİlham ƏliyevKörfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, Əbdüllətif bin Raşid Əl-Zəyyənin mövcud əlaqələrin səviyyəsini yüksək qiymətləndirdiklərini və onun daha da möhkəmləndirilməsində maraqlı olduğunu bildirib. Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının biznes-forumunda iştirak edəcəklərini məmnunluqla qeyd edən Əbdüllətif bin Raşid Əl-Zəyyənin bu tədbirin Azərbaycan ilə təşkilata üzv dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanla əməkdaşlığın gücləndirilməsi regionda təhlükəsizliyin, sabitliyin və iqtisadi inkişafın təmin olunması baxımından önəmlidir. Qonaq deyib ki, Azərbaycana körfəz dövlətlərindən gələn turistlərin sayının artması məmnunluq doğurur.
Azərbaycanda turizmin inkişafı üçün böyük işlərin görüldüyünü bildirən dövlət başçısı respublikamıza xarici ölkələrdən, o cümlədən körfəz dövlətlərindən gələn turistlərin sayının durmadan artdığını məmnunluqla qeyd edib.
İqtisadi əməkdaşlığımız üçün də yaxşı imkanların mövcud olduğunu qeyd edən dövlət başçısı ölkəmizdə investisiya qoyuluşu üçün əlverişli şəraitin olduğunu vurğulayaraq? bu baxımdan Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycana investisiya qoyması üçün yaxşı imkanların mövcud olduğunu bildirib. Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığının artdığını məmnunluqla qeyd edən prezidentİlham Əliyevvurğulayıb ki, bu il Davos Dünya İqtisadi Forumu ölkəmizin iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerdən 35-ci yerə layiq görüb.
Bundan başqa? Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası Azərbaycan iqtisadiyyatına təqribən 1,3 milyard dollar sərmayə yatırıb.
Bunu Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasının biznes-forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, bu investisiyalar əsasən BƏƏ, Səudiyyə və Bəhreyn tərəfindən qoyulub. Ş.Mustafayev bildirib ki, Azərbaycanda təqribən Küveyt, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanı kapitallı 280 şirkət fəaliyyət göstərir: "Azərbaycan investisiya qoyulması baxımından əlverişli ölkədir".
O əlavə edib ki, Azərbaycan və Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında əmtəə dövriyyəsi son illərdə artım nümayiş etdirsə də, yüksək səviyyədə deyil - cari ilin 8 ayı ərzində 40 milyon dollardan çox.
Körfəz ölkələrinin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın hansı perspektivə yol açacağını, ümumiyyətlə, investisiya qoyuluşunu daha da artırmağın yollarını mütəxəssislərdən öyrənməyə çalışdıq.
İqtisadçı Pərviz Heydərov investisiyasız heç bir sektoru inkişaf etdirməyin mümkün olmadığını deyir: "Ərəb ölkələrində sərbəst vəsait həddindən artıq çoxdur. Belə ölkələrin də Azərbaycan iqtisadiyyatına vəsait qoyması hazırkı halda xüsusən zəruridir. Çünki bildiyimiz kimi, ölkə iqtisadiyyatında hal-hazırda bir nömrəli vəzifə qeyri neft sektorunu inkişaf etdirməkdir. Bu cür şəraitdə də xarici investisiyalara böyük ehtiyac var. Yəni investisiyasız heç bir sektoru genişləndirmək mümkün deyil. Amma burada bir məsələ var. İnvestisiya özü ilə bərabər texnologiya gətirmirsə, yalnız pul şəklində daxil olursa, qoyulan investisiya müəyyən mənada keyfiyyətcə aşağı olur. Qeyd oluna ərəb ölkələri bilavasitə texnologiyaya malik deyillər. Doğrudur, onların iqtisadiyyatı həddən artıq inkişaf edib. Turizm və xam mal ehtiyatı baxımından dünyanın ən zəngin ölkələri sayılırlar. Ancaq onların iqtisadiyyatının bu qədər irəliləməsində Avropa, Amerika, Şərqi Asiya ölkələrinin qoyduğu investisiyanın rolu böyükdür. Bu, gələcəkdə də belə olacaq”.
Müsahibimiz deyir ki, əgər söhbət ərəb ölkələrinin vəsaitindən gedirsə, biz bunu elə sahələrə yönəltməliyik ki, həmin sahələrdə daha sürətli inkişaf əldə edək: "Biz qeyri neft sektorunu ümumi götürürük. Onun da əsas sahələrindən birini kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatı elə bir sahədir ki, çox zəngin, mütərəqqi texnologiya tələb etmir. Burada əsas tələb sərbəst vəsaitdir. Bu mənada mən hesab edirəm ki, ərəb ölkələrinin Azərbaycana investisiya cəlbi nəticəsində ən çox turizm, xidmət sektoru və kənd təsərrüfatında mühüm irəliləyişlər əldə etmək olar. Düşünürəm ki, bu ölkələrin vəsaitlərindən tikinti sahəsində də istifadə edilməsi çox yüksək nəticələr əldə etməyə imkan yarada bilər. Amma bu ölkələrin vəsaitinin sənayedə güclü yüksəliş yaradacağını düşünmürəm”.
İqtisadçı cəlb olunan 1.3 milyard dolların heç də kiçik rəqəm olmadığını, amma həmin ölkələrin sərbəst vəsait potensialı baxımından kiçik rəqəm olduğunu qeyd edir. Yəni ərəb ölkələri bundan dəfələrlə artıq investisiya qoymaq imkanına malikdirlər.
İqtisadçı ekspert Qadir İbrahimlisərbəst vəsait qoyuluşunun ölkədəki investisiya və biznes mühitindən asılı olduğunu deyir: "Həmin investisiyanın iqtisadiyyatın konkret hansı sektoruna qoyulması haqqında bir məlumat yoxdur. Ərəb ölkələri deyilən məbləği qoyubsa, bu, iqtisadiyyatda hiss olunmalıdır. Çünki bu kifayət qədər ciddi və böyük vəsaitdir. Amma hələ ki, bu iqtisadiyyatda özünü göstərməyib. Ölkəmizə Türkiyə, Rusiya və MDB ölkələrindən vəsait yatırımı çox olur. Həmçinin Avropa ölkələrindən də investisiya cəlb olunması mümkündür. Ümumiyyətlə, Azərbaycana sərbəst vəsait qoyuluşu ölkədəki investisiya və biznes mühitindən asılıdır. Bu məsələdə investisiya mühitinin təhlükəsizliyi vacibdir. Burada mülkiyyət toxunulmazlığına və kapitalın təhlükəsizliyinə təminat əsasdır. Hazırda Azərbaycanda iki sektor daha aktiv sayılır. Bunlardan biri turizm, digəri isə kənd təsərrüfatı sahəsidir. Düşünürəm ki, bu iki sektor hələ uzun müddət xarici investisiya üçün cazibədarlığını qoruyacaq”.
Günel Azadə
banner

Oxşar Xəbərlər