• cümə axşamı, 25 aprel, 20:36
  • Baku Bakı 21°C

Kremlin erməni vandalizminə reaksiyası olacaqmı?

04.12.19 17:32 1092
Kremlin erməni vandalizminə reaksiyası olacaqmı?
Rusiyalı ekspertlər hesab edirlər ki, insident hazırkı və gələcək rusiyalı məmurlara ermənilərlə yaxınlıq etməmələri üçün bir işarədir

Ermənistanla Rusiya arasında növbəti qalmaqal artıq gündəmi tutub. Söhbət rus yazıçısı Aleksandr Qriboyedovun Yerevanın mərkəzində qoyulan heykəlinin erməni millətçi gənci tərəfindən vandalizmə məruz qoyulmasıdır. Maraqlıdır ki, Ermənistan rəsmiləri bir-birinin ardınca silsilə bəyanatlar verib insidenti pisləsələr də, hələ də faktla bağlı cinayət işi açılmayıb. Halbuki, insidenti törədən bəllidir. Başqa bir məsələ isə Rusiyanın vandalizm aktına reaksiyasının olmamasıdır. Kreml rəsmiləri Şərqli Avropa, Baltikyanı ölkələrdə sovet əsgəri və yaxud hərbçisinin abidəsinə qarşı bu tipli vandal aktlar həyata keçirilən kimi dərhal reaksiya verirdi. Məlum olduğu kimi, millətçi erməni gənci onlara qarşı vaxtilə ciddi dəstək və sevgisi ilə seçilən rus yazıçısının heykəlinə qarşı vandalizmi Armavirdə faşist əlaltısı Qaregin Njdenin xatirə lövhəsinin götürülməsinə cavab kimi törətdiyini etiraf edib. Ondan əvvəl isə Armavirdən olan deputat Aleksey Vinoqradov Njdenin şərəfinə qoyulan xatirə lövhəsinin üzərini rəngləyərək, ora "Nasizm Rusiyada keçməyəcək” sözlərini yazmışdı. Ondan bir qədər sonra isə Rusiya prokurorluğu Njdenin lövhəsinin götürülməsi barədə qərar qəbul edib.
Baş verənləri "Moskva-Baku” portalına şərh edən yazıçı, ictimai xadim, "İzborsk klubu”nun ekspert qrupunun sədri Aleksandr Proxanov şərh edib. "Mən hesab edirəm ki, faşist internasionalı mifologiya deyil. Nasizm yenidən peyda olur və dünya boyu özünü büruzə verir. Faşizmin ən müxtəlif nümunələri mövcuddur və onlar ayaqdadırlar, başlarını dikəldirlər. Faşizm açıq şəkildə Ukraynada dirçəlməkdədir. Orada benderlər ideoloji cəhətdən hakimiyyətə gəliblər. Analoji hal Ermənistanda da yaşanır. Orada bir neçə il bundan əvvəl faşistlərlə əməkdaşlığı sübuta yetirilən Qaregin Njdeyə abidə qoyulub. Üçüncü Reyxlə sıx əməkdaşlıq edən bu şəxsin xatirəsini Ermənistanda yüksək tuturlar”, - deyə rusiyalı ekspert bildirib. Onun sözlərinə görə, bu residiv hal çox ehtiyatlı formada Almaniyada da baş verir: "Orada millətçilər revanş götürmək hissi ilə alışıb yanırlar. Almaniya heç bir halda tabe olan kimi görünmək istəmir, orada ideoloji iş yüksək səviyyədə aparılır və ola bilsin revanş götürülsün”. Ekspertin qənaətincə, nasizmin qəhrəmanlaşdırılması, onların xatirəsinin əbədiləşdirilməsi, tarixin yenidən yazılması bu gün çox aktualdır. Bunu da dövlət başçıları mütəmadi qaldırırlar. Rusiya faşizmdən ən çox əziyyət çəkən bir dövlət kimi faşizmin qəhrəmanlaşdırılmasına qarşı çox həssas və ağrılı yanaşır: "Armavirdə Njdenin xatirə lövhəsini götürdülər, Ermənistanda isə millətçilər Aleksandr Qriboyedovun heykəlini təhqir etdilər. Biz baş verənlərə siyasi, mənəvi, ideoloji qiymət verməliyik. Qanunları sərtləşdirməklə və məhkəmə yolu ilə faşist revanşına qarşı çıxmaq gərəkdir. Əhaliyə çox güclü şəkildə təsir etmək gərəkdir. İlk növbədə bu kimi addımları doğuran hallara qarşı mübarizə aparılmalıdır. Bu mövzular hər yerdə - Moskva, Yerevan və Bakıda da aktualdır. Faşist ideologiyasının revanş götürməməsinə qarşı əks fəaliyyətə başlanılmalıdır. Bəşəriyyət nasizmə qarşı mübarizədə irəliyə getməlidir. Bugünkü sivilizasiya, insanlıq özünəməxsus bir dalana dirənib, problemlər qalxır, onların həlli isə hələ də yoxdur. Məhz bu səbəbdən də faşizm baş qaldırır. Onların qarşısının alınması isə siyasətçilərlə, dəyirmi masalarda müzakirələrlə deyil. Daha çox cəmiyyətin geniş kütləsinin cəlb edilməsindədir”.
Yeri gəlmişkən, Rusiya tərəfi Armavirdə çəkiliş aparan azərbaycanlı jurnalistlərə hücum edib xəsarət yetirən ermənilərə qarşı da hər hansı bir cinayət işi başlatmayıb. Qeyd edək ki, jurnalistlərin təqdim etdiyi reportajda rusiyalı politoloq Sergey Markovun Qriboyedovun abidəsinin təhqir olunmasına dair fikirləri yer alıb: "Necə ola bilir ki, biz digər ölkələri faşizmi qəhrəmanlaşdırmamağa çağırırıq, bizim ölkəmizdə isə belə bir çirkin hadisə baş verir. Rusiya cəmiyyəti də bununla bağlı öz narahatçılığını ifadə edib. Njdenin xatirə lövhəsinin götürülməsi üçün petisiya da hazırlayıb”.
Ekspert Yevgeni Mixaylov də bildirib ki, ermənilər Njdeni öz qəhrəmanları hesab edə bilərlər. Lakin ağlı başında olan istənilən insan bilməlidir ki, bu şəxs faşistlərin əlaltısı olub.
"İnterfaks”a müsahibəsində Ermənistanda faşizmin qəhrəmanlaşdırılması problemini şərh edən tanınmış rusiyalı tarixçi-qafqazşünas Oleq Kuznetsov deyib ki, Azərbaycan şəkk-şübhəsiz Ermənistanın nasizmdən təmizlənməsi prosesində ən fəal şəkildə iştirak etmək hüququna malikdir: "Axı erməni nasizminin nəzəriyyəsi erməni millətçilərinin Azərbaycan torpaqlarına qəsdi ilə birbaşa əlaqəlidir. Onlar bu arzuları naminə İkinci Dünya və Böyük Vətən müharibələri zamanı fəal şəkildə nasistlərlə əməkdaşlıq ediblər, XX əsrdə dörd dəfə - 1918, 1921, 1942 və 1990-cı illərdə Rusiyaya xəyanət ediblər. Bu gün isə İrəvanda rus yazıçısı və diplomatı Aleksandr Qriboyedovun heykəli üzərinə qırmızı boya tökülərək təhqir olunub”. Kuznetsovun fikrincə, artıq əminliklə söyləmək olar ki, Ermənistanda 2000-ci ildən etibarən məqsədyönlü şəkildə hakim qüvvələrin apardığı nasizmin qəhrəmanlaşdırılmasına yönəlmiş dövlət siyasəti uğurla həyata keçirilir: "Mən bu məsələ ilə bağlı emosiyalardan və "vandalizm” kimi hüquqi terminlərdən istifadə etməyəcəyəm. İstənilən sağlam düşüncəli şəxs üçün İrəvanda Qriboyedovun heykəlinin təhqir olunmasının səbəbi aydındır. Mən ermənilərin kütləvi şəkildə Cənubi Qafqazda müasir Azərbaycanın sərhədləri daxilində, əsasən də Dağlıq Qarabağda peyda olmasında məhz Qriboyedova borclu olmaları üzərində də dayanmayacam”. Kuznetsov əlavə edib ki, baş vermiş insident hazırkı və gələcək rusiyalı məmurlara ermənilərlə yaxınlıq etməmələri üçün bir işarədir: "Onlar fürsət yaranan anda Qriboyedovun heykəli ilə etdikləri kimi münasibətləri murdarlayacaq, xatirələrin üzərinə çirkab tökəcəklər. Bu, sizə lazımdır? Erməni millətçilərdən bu cür davranış gözləyirdim. Bir ildən artıq müddətdir ki, mən "Ermənistan - nasizmin qələbə çaldığı ölkə” adlı silsilə məqalələr nəşr etməyə başlamışam və üzərindən qısa müddət keçməsinə baxmayaraq, təcrübə mənim yanılmadığımı göstərdi. Ermənistanda nasist Njdeyə pərəstiş edən və bu yolda cinayət etməyə hazır olan gənc nəsil formalaşıb. Faşist Almaniyasında "Hitlerügend” gənclər təşkilatı mövcud olduğu kimi, müasir Ermənistanda da "Njdeyugend” var. Ancaq mən buna daha təəccüblənmirəm. Müasir Ermənistan nasizmdən təmizlənməlidir. Bu Almaniyada 1945-1955-ci illərdə tətbiq edilən kimi güc yolu ilə edilməlidir. Ümid edirəm ki, artıq Moskvada bunu anlamağa başlayıblar”, - deyə mütəxəssis bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər