• cümə, 29 Mart, 16:53
  • Baku Bakı 14°C

“Kosmik baxış”dan qaynaqlanan rənglər dünyası

09.12.19 15:00 1582
“Kosmik  baxış”dan qaynaqlanan rənglər dünyası
Rəssam Əli Səfərlinin bədii irsi haqqında düşüncələr...
Yazının başlığına çıxardığımız "kosmik” sözünü rənglərlə əlaqələndirməyimizin səbəbkarı göydə Yaradandırsa, yerdə öncə Səttar Bəhlulzadə, sonra sovet kosmonavtı Aleksey Leonov, axırıncısı isə rəssam Əli Səfərlidir. Hər üçünün də vurğunluqlarını sözlə-rənglə ifadə etdikləri məkan qədim Naxçıvan torpağıdır.
İlk dəfə Səttar Bəhlulzadənin tablolarında Naxçıvan dağlarının bələndiyi əlvan rəngləri görəndə çox təəccüblənmişdim. Ustadın gördüklərinə təxəyyülündən süzülüb gələn rəngləri qatmağa meylli olduğuna bələd olduğumdan, Naxçıvan təbiətinə yönəli baxışlarındakı "rəng bolluğu”nu da "şişirtmə” hesab etmişdim. Amma təyyarə ilə Naxçıvana uçanda dağların səmadan müşahidə etdiyim rəngləri mənim üçün şaşırdıcı oldu. Təzadlı rənglərə bələnmiş dağların yan-yana sıralanmış mənzərəsi, doğrudan da, reallıq idi. Amma zamanında hər rəssam bu "gerçəkliyi” olduğu kimi əyaniləşdirməyə cəsarət etməzdi, amma Səttar eləmişdi və bəyənilmişdi də... Buna baxmayaraq, Naxçıvan rəssamları yerli təbiətin – möhtəşəm dağların onlara təlqin etdiyi bu dekorativliyi və rəng təzadını bir tabloda, bir kompozisiyada ifadə etməyə "tələsməmişdilər”. Təzadlı rənglərin harmoikliyinin estetikasını müstəqillik illərində davamlı və müasir, daha qabarıq və yüksək səviyyədə həyata keçirən Naxçıvan MR-nın Əməkdar rəssamı” Əli Səfərli oldu.
Dediklərimizə dünya kosmonavtikası tarixində ilk dəfə açıq kosmosa çıxan, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Aleksey Leonovun fikirlərini də əlavə etsək, Yaradanın əli ilə süslənmiş Naxçıvan torpağının "rəng palitrası”nın bolluğu məsələsinə cavab tap bilərik. O, deyirdi k, "Mən 1965-ci ildə kosmosdan yeri çox qəribə - çəhrayı rəngdə gördüm. Yerə qayıtdıqdan sonra bu ümumilikdə konkret yeri aradım və onu Naxçıvan torpağında tapdım. Kosmosdan baxanda Yer, məhz Naxçıvan dağlarının, Naxçıvan səmasının rəngində görünür – çəhrayı rəngdə!
Əli Səfərlinin palitrasındakı miniatürsayağı harmoniyaya gəldikdə isə, qənaətimizcə, bunun kökündə onun məşhur "Əzimzadə məktəbi”ni bitirəndən sonra teatrda fəaliyyət göstərməsinin təsiri az olmamışdır. Belə ki, rəssamın müstəqillik dövrü yaradıcılığını əhatə edən əksər tablolarının estetikasında bədii ümumiləşdirmə və dekorativlik duyulduğundan, onlarda hifz olunan bu universal funksionallığı teatr-dekorasiya sahəsində də istifadəyə də yönəltmək olar. Onun bu il anadan olmasının 65 illiyinə həsr olunmuş yubiley sərgisində belə əsərlər kifayət qədər idi...
Ən maraqlısı Əli Səfərlinin bədii irsində gördüyümüz çoxsaylı əsərlərin süjetlərini digər Naxçıvan rəssamlarının də müraciət etdikləri motivlərin təşkil etməsidir. Aralarındakı fərq görünənlərə müəlliflərin bir-birindən fərqli münasibəti, müşahidə olunanlarda ilk baxışda görünməyən gözəllik qaynaqlarını aşkarlaya bilmələridir. Heç şübhəsiz, bunun da kökündə rəssamın ruhunda gəzdirdiyi yaratmaq gücü ilə yanaşı, onun gördüklərini obrazlı görkəmə bələmək istedadı durur. Onun "Kələki kəndi”, "İlandağ”, "Şahbuz yolu”, "Culfa dağları”, "Əlincə çayı”, "Qızıl payız” və s. tablolarında vurğuladığımız məziyyətləri müşahidə etmək mümkündür. Bu əsərlərin hər birinin bədii-estetik tutumunda fırça ustasının reallığa yaradıcı münasibətinin işartıları görünməkdədir.
"Kələki kəndi” (2018) əsərində buludlu səma altında gözəlliyini sərgiləyən yaşayış məntəqəsinə "dayaq” kimi qəbul olunan dağ zirvələrinin dalğavarı ritmində məkana dərinlik verməyə nail olan müəllif, kəndi iki yerə bölən çayı azman ağaclarla – "qürurlu” çinarlarla əhatələndirməklə, düzbucaqlı kompozisiyanın cəlbediciliyini əldə etmişdir. Cəmisi bir-neçə rəngin çalarlarından ibarət olan ümumi koloritdə qabarıq görünən harmoniya ovqatyaradıcı olmaqla yanaşı, özündə Şərq və Qərb rəngkarlıq estetikasının qovşağını yaşatdığından duyğulandırıcıdır...
"İlandağ” (2018) lövhəsində də müəllif miniatür estetikasının gözünə nisbi real cizgilər qatmaqla, üstünlük verdiyi şərtiliyə məkanın gözəlliyini qabardan ayrıntılar əlavə etməklə, məkanın cəlbediliyini vurğulamağa çalışmışdır. Bununla belə, o, İlandağı məşhur kosmonavtı da ovsunlayan çəhrayı rəngə bələməklə, dağın kompozisiyanın dominantlığına nail olmuşdur...
Rəssamın bir il sonra işlədiyi "Culfa dağları” (2019) əsərində isə mənzərənin dominantı olan dağların bədii görkəmi rənglərin nisbətən soyuq çalarlarından "hörülmüşdür”. Dağətəyi məkanı səciyyələndirən ayrıntıların isti rənglərə köklənməsi tabloya nikbinlik bəxş etməklə, onun bədii bütövlüyünü şərtləndirmişdir...
"Əlincə” (2019) tablosundakı bədii ümumiləşdirmədə nəyisə "itirmək-unutmaq” niyyətindən uzaq olan rəssam, bir çox mühüm hadisələrə şahidlik etmiş tarixi məkanı onu əhatələyən uzaq-yaxın dağ-kəndlə qovuşaqda təqdim etməklə, onun əhəmiyyətini bədii tutumda vurğulamaq istəmişdir...
"Əlincə çayı” (2018) tablosunda dağətrafı məkana payız fəslində göz qoyan müəllif, kompozisiyanı dioqonal boyu yarı bölən su axarını "nur çeşməsi” kimi bədiiləşdirməklə, mənzərənin arzulanan ovqatyaradıcılığına nail olmuşdur...
Əli Səfərlinin yaradıcılığında gördüklərini mənalandırmaq istəyinə rast gəlinməsi də təsadüfi olmayıb, onun təbiətin hamının incəliklə duya bilmədiyi "rəssam”lığını üzə çıxarmaq məqsədi daşıyır. Onun "Su gözəlləri”, "Nağıllı dünyam”, "Təbiət gözəlləri” və s. tabloları bu qəbildəndir. Onların hər birini incələsək, onda rəssamın dərin müşahidə qabiliyyətinin estetik dəyərə çevrilmiş nümunələri ilə tanış ola bilərik.
"Təbiət gözəlləri” (2018) lövhəsində tutuquşular toplusunu payız mənzərəsi ilə əlaqəli təqdim edən müəllif, quşların müxtəlif hərəkətini və ümumi kompozisiyanın ritmini rəng zənginliyinə bələməklə, qızılı rəng almış ağac yarpaqlarını gözəllik qaynağına çevirməyə nail olmuşdur. Bu tabloda da ümumi koloritin miniatür üslubu estetikasına tapınması əsərə nikbinlik bəxş etmişdir, desək, yanılmarıq...
"Su gözəlləri” (2018) tablosu isə adından da göründüyü kimi balıqlara həsr olunub. Müxtəlif rəngli balıqların akvariumda bir araya gətirilməsində estetik dəyərlərin bolluğunu görən rəssamın onların bədiiləşdirilməsinə qərar verməklə, həm də yaradıcılığında yeni səhifənin açılmasını şərtləndirmişdir. Bu cəlbediciliyin əldə olunasında rənglərin dekorativ-şərti estetikasının mühüm rolunun olması danılmazdır...
Əli Səfərlinin müxtəlif janrda yaradılmış digər əsərləri barəsində də xoş sözlər söyləmək mümkündür. Belə ki, özündə ənənə ilə müasirliyi birləşdirən bu tablolar Naxçıvan həqiqətlərini yaşadan mənəvi qaynaqlar kimi zamansızlığa qovuşmuş tutumdadırlar.
Onun bioqrafiyası zəngin hadisələrlə zəngin olduğunu nəzərə alıb demək istəyirik ki, təhsilsonrası Naxçıvana qayıdan rəssam 1983-cü ildən yerli teatrlarla əməkdaşlıq etmiş, iki teatrda hazırlanan 50-dən çox tamaşaya bədii tərtibat vermişdir. Bu tamaşaların və rəngkarlıq əsərlərinin qonşu Türkiyə və İranda nümayiş etdirildiyini nəzərə alsaq, onda onun sənətinin sorağının çoxdan beynəlxalq məkanda yayıldığını söyləyə bilərik. Naxçıvan MR-da fəaliyyət göstərən əksər muzeylərdə onun yaradıcılığının təmsil olunması da, Əli Səfərlinin sənətinin gücünə inamın ifadəsidir. Sənət uğurlarına görə "Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq görülmüşdür. Rəssamın anadan olmasının 65 illiyi münasibətilə onun həyat və yaradıcılığından bəhs edən "İşıqlı sənətkar ömrü” (müəllifi Aybəniz Ağaqızı) kitabı çap olunmuşdur...

Ziyadxan Əliyev




banner

Oxşar Xəbərlər