Koronavirusa yoluxan teatrımız
Sözümü
qəribçiliyə salmasanız, koronavirusa təşəkkür etmək istərdim. Karantin günləri,
xüsusən də, koronavirusun gəlişi ilə bir çox mətləbləri aydın şəkildə görmüş
olduq. Pandemiya bizə medalyonun digər üzünü görmək üçün yardımçı oldu desəm,
yəqin ki, yanılmaram. Çünki belə günlərdə bir çox məqamları aydınlaşdırmaq üçün
yaxşı müşahidə etmək imkanı qazandım. Əslində, biz bu gün ekstremal vəziyyətə
nə dərəcədə hazırıq? Ümumiyyətlə, hazırıqmı? Ələxsus da, bu gün canlı sənət
növü olan teatrmız pandemiya dövründə necə yaşayır? Odamı süni nəfəs aparatına
qoşulub? Müşahidələrim onu deməyə əsas verir ki, elə teatrlarımızın da koronavirusa
yoluxanlardan heç bir fərqi yoxdur. Hər ikisi süni nəfəs aparatı ilə yaşayan
canlılardır. Aparatdan aralanmağı onun məhvinə gətirib çıxarar.
Belə günlərdə
kino izləmək üçün ideal şəraitimiz oldu. Karantin normalda baxmayacağımız
filmləri belə bizə izlətdi. Bəs, teatr? Yazıq boynubükük teatrımızın ömür boyu
bəxti gətirmədi ki, gətirmədi. Belə məsləhət olundu ki, madam ki filmlər televiziyalarda
göstərilir, tamaşalarımız da onlayn şəkildə sosial şəbəkələrdə nümayiş olunmalıdır.
Yəni, teatrın kinodan nəyi əskikdir ki? Teatrımıza bir qapaz da burdan gəldimi?
Bir korona qalmışdı, ondan da bir qapaz aldın. Bircə sənin onlayn nümayişin çatmırdı
ki, bu günü də gördük. Baxılası barmaqla sayılası bir-iki düz-əməlli tamaşan
vardı, o da getdi bu onlaynla virtual tamaşanı ayıra bilməyənlərin güdazına.
Yəni, tamaşaçını teatrdan soyutmaq üçün bu qədər canla-başla necə çalışmaq,
olar deyə düşünürəm. Onsuz da teatrımızın üzü danlaqlı, başı qapazlıdır. "Teatrsız
karantin olmaz” deyibəni qarşısına quş qoymaq üçün nümayiş etdirdiyiniz bu
"onlayn” tamaşalar özünü doğrultmadı. Ortaya gülməli, həvəskar səviyyədə məhsul
çıxartdınız. Camaata sırımağa çalışdığınız repertuarda olmayan köhnə tamaşaların
ifaçıları belə özlərinə baxmağa utandılar. Onlayn tamaşaların yarıtmazlığı
barədə kifayət qədər danışdığımızı düşünürəm. Sözümün canı odur ki, karantin
günlərində real tamaşaçı kütləsini teatrdan soyutmaq üçün hər birimiz əlimizdən
gələni etdik. Tamaşaçı, haqlı olaraq, düşünür ki, 3 aydır teatrlar fəaliyyətini
dayandırdıb. Bəs, görəsən, bizə teatr
lazımdırmı? Bu sual haqqında və ətrafında düşünmək üçün kifayət qədər zamanımız
oldu.
Teatra gedib
tamaşanı izləyib, maraqsız tamaşaların, darıxdırıcı performansların ifası
zamanı yuxulayan, mürgü döyən tamaşaçı bu dəfə onlayn tamaşalarımızı izləmədi.
Necə də böyük "itki”dir. Teatr tarixi sizi heç zaman bağışlamayacaq.
Ancaq yaxşı
şou yaratdıq. Necə lazımdır elə. Yəni, boş dayanmadıq. Çalışdıq, çabaladıq,
əsas məsələ "özümüzü göstərdik”. Yəni, teatr fəaliyyətini dayandırıb, amma nə
olsun, görün, mən sizə nə göstərəcəm deyib, yarışdıq. Bəli, teatrlarımızın işçiləri
əsas təbliğat vasitəsi rolunu oynayan sosial şəbəkələrdə özlərini gülünc
vəziyyətə saldılar. "Filan idarənin filan şöbəsinin göstərişi ilə, filankəsov filankəsin
təşəbbüsü ilə başlanan həştəqlə sizə indi bir nağıl danışacağam” - deyə, saat
yarımlıq nağıl danışdıq. Gəlin, realist olaq. Hansı uşaq oturub gözləyər ki,
indi Fatmanisə çıxıb, onlayn şəkildə uşaqlarımıza nağıl danışacaq. Biz də uşaqlarımızı
götürüb, sosial şəbəkənin qarşısına keçəcəyik ki, uşaqlar nağıl eşitsin.
Ağalar, bu gün planeti xilas edən nağıl qəhrəmanları sosial şəbəkələri zəbt
edib. Fantastik macəralar yaşayan cizgi film qəhrəmanları bəşəriyyəti xilas
edir. Sizcə, bugünün uşaqları virtual şəkildə o macəranı qoyub, qoyunun meşəyə
getməsini dinləyərmi? Gəlin, nə siz özünüzü aldadın, nə bizi qoyun yerinə
qoyun. Şəxsən mənim övladlarım o macəranı qoyub, sizin kəkələyə-kəkələyə danışdığınız
nağılları dinləməz. Mən bir valideyn olaraq, nə qədər təbliğatını aparsam da
ki, "Fatma xalan sənə indi bir nağıl danışacaq”, o uşaq sizə maraq göstərməz.
Yeni alternativlər düşünmək lazımdır. Vallah, sosial şəbəkədə sizin ev
performansınızı like edən dost-tanışlarınız da, elə xətriniz xoş olsun deyə, bayaq
dediyim o quş qoymaq xətrinə like edirlər. Yəni, bu acı da olsa, reallıqdır. O
ki, özünüzü məcbur edərək kamera qarşısına keçib, filan idarənin, filan
layihəsinə mən də qoşuluram deyərək, 5 dəqiqə əlləşib idarənin də adını düz
əməlli deyə bilmirsiniz e, ondan sonra da obraza girməyə çalışıb da girə
bilmirsiniz e, bax, o nəyə lazımdır? Heç özünüz özünüzə kənardan baxıb, zövq
ala bilirsinizmi? Bəs, bu yazıq tamaşaçı neyləsin? Vallah, sizin pafosla
dediyiniz o şeirlərə özünüzdən başqa heç kim baxmır. Yəni sənin hıqqana-hıqqana
dediyin o şeir heç kimə lazım deyil. Teatrın olan-qalan tamaşaçısını da bu
yolla didərgin salmayın. Bir müddət düşünürdüm ki, teatrlarımızın direktorları
necə insandırsa, rəhbərlik etdiyi teatr da elə onun özünə bənzəyir, ancaq indi
düşünürəm ki, yox e, teatrı teatr edən elə onun yaradıcı heyətidir ki, o hıqqana-hıqqana
dediyi şeiri necə deyirsə, elə səhnədə də o cür obraz canlandırır. Rejissor da
tamaşanın qabağına bir quş qoymaq üçün, tamaşa xətrinə elə hər dəfəsində ona
obraz verir və bu adamlar qısa zamanda olur teatrın priması. Hıqqana-hıqqana demişkən,
elə bu teatr ilini də hıqqan-hıqqana birtəhər yola verdik. Mövsümün sonuna
yaxınlaşırıq. Utandığımızdan sorğu da keçirə bilmirik ki, bu mövsüm teatr
aləmində sensasiya ola biləcək hansı tamaşalar hazırlanıb? Çünki bilirik ki, ümumi
vəziyyət necədir. Özümüz özümüzü niyə biabr edək ki? Ona görə heç sorğu-filan
da etmirik.
Mart ayından
teatrlarımız bəxti bağlanıb. O bir məsəl var, deyir "bu dəfə mart gəldi ki,
dərd ondan qabaq gəlib”. Eyni sözü teatrlarımıza da aid etmk mümkündür.
Ancaq bu "Evdə qal” məsələsi
aktyorlarımıza heç yaramadı. Onlar sosial şəbəkənin də bir səhnə olduğunu
unutdular. Səhnəyə çıxaraq öz enerjilərini
səhnədə xərcləyən aktyorların sosial şəbəkədə atmacaları, söz atmaq üzrə yarışa
çıxdıqlarını gördükdə isə anladım ki, bu, belə gəlib, belə də gedəcək. Ələlxüsus
da, yaşlı nəslin nümayəndələrinin sosial şəbəkədəki hərəkətləri bizi düşünməyə
vadar edir. Ötən gün Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir verilişin
anonsunun şərh bölümündə Xalq artisti adına layiq görülən Əli Nur 3 uzunqulaq
rəsmi göndərmişdi. Yəni, Xalq artistinin bəsit düşüncəsi burada özünü aydın
şəkildə göstərmiş oldu. Siz elə səhnəyə çıxsanız yaxşıdır. Bu karantin sizə
yaramır, cənablar. Yəni, görünən budur ki, vəziyyət o qədər də üərkaçan deyil.
Koronavirus ölkəmizi tərk etməsə, hələ çox mətləblər aydın olacaq. Yəni yaranan
mənzərə günü-gündən ciddiləşir və müzakirə mövzusuna çevrilir. Görünür, bu
xəmir hələ çox su aparacaq.
Xəyalə
Rəis