• cümə, 20 Iyun, 08:36
  • Baku Bakı 20°C

Kitabı necə sataq?

06.06.15 12:15 4793
Kitabı necə sataq?
Son günlər gənc yazar Qan Turalının yeni nəşrdən çıxan “9 hekayə”sinin satışından “Əli və Nino” kitab mağazasının imtina etməsi yazarların öz məhsullarını harada və necə satmaları ilə bağlı problemi gündəmə gətirdi. Əgər hər hansı kitab mağazası müəllifin kitabını satmaqdan imtina edirsə, onda həmin kitabın taleyi necə olmalıdır? Kitab mağazalarının azlığından şikayətlərin eşidildiyi bir vaxtda problemi həll etmək üçün hansı alternativ variantlar hazırlana bilər? Ümumiyyətlə, bu sahəyə məsul olan təşkilatlar kitab satışı üçün hansı addımları atmağı düşünürlər?
“Kaspi” “Müzakirə”sində ölkədə kitab satışı ilə bağlı məsələlərə nəzər salıb.
Əgər cəmiyyət kitab mağazası istəyirsə…
Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənlinin fikrincə, yeni məzmunlu kitab mağazaları yaranmalıdır: «Sovet dövründə kitab mağazaları satışları elə təşkil olunurdu ki, müəlliflərin heç bir problemi olmurdu. Müəllifin özünə 10 kitab verilirdi. Sonra o, kitab istəyəndə həmin kitabı pulla almalı olurdu. Zaman elə gətirdi ki, həmin kitab mağazaları sıradan çıxdılar və onların təyinatları dəyişdi. Əslində həmin kitabların əksəriyyəti ziyanlı ədəbiyyat idi. Eyni zamanda, əlifba da dəyişdi”. Nazirlik rəsmisinin sözlərinə görə, hal-hazırda Bakıda çoxlu kitab mağazaları fəaliyyət göstərir, sadəcə, onlarla işləmək lazımdır: «Məcbur deyil ki, kitab mağazası çox böyük olsun. Balaca bir yerdə də maraqlı kitab düzülərsə, oxucu onu alar. Əgər cəmiyyət doğurdan da bu gün kitab mağazası istəyirsə, o, yaranacaq. Ancaq bu gün davanı salan oxucu yox, müəlliflərdir. Müəlliflər kitabları çap etdirirlər, sata bilmirlər. Ona görə problem yaranır”. V.Bəhmənli hesab edir ki, Bakıda fəaliyyət göstərən köşklərdən də kitab satışı üçün istifadə etmək olar. Ümumilikdə isə kitab satışını tənzimləyən bir təşkilat olmalıdır: “Ölkədə 12 min kitabxana var və dövlət yalnız onları kitabla təmin edə bilir. Kitab mağazalarının yaranması kommersiya işidir. Ona görə özləri yaranmalıdır”. Nazirlik rəsmisi problemin həlli kimi imza günlərini aktivləşdirməyin, mövcud kitab mağazalarının öz gücündən çox istifadə etməyin, o cümlədən bölgələrdə kitab satış məntəqələrini daha genişləndirməyin tərəfdarıdır. Ölkəmizdə iki ildən bir beynəlxalq kitab satış yarmarkasının keçirildiyini xatırladan V.Bəhmənli bu ilin sentyabr ayında 4-cü Beynəlxalq Bakı kitab satış yarmarkasının keçiriləcəyini də qeyd etdi: «Nəşriyyatlar il ərzində satdıqları kitablar qədər həmin 3-4 gün ərzində kitab sata bilirlər. Bəlkə də Türkiyədə daimi fəaliyyət göstərən kitab yarmarkaları kimi forma düşünmək lazımdır». Nazirlik rəsmisinin sözlərinə görə, hazırda Park Bulvar, 28 Mall kimi ticarət mərkəzlərində, o cümlədən əksər super marketlərdə kitablar satılır: “Ancaq bütün bu işləri aktivləşdirən bir qurum olmalıdır. Həmçinin, nəşriyyatlar özləri kitab satışında maraqlı olmalıdırlar. Hər bir böyük nəşriyyatın firma mağazası da olmalıdır”. Nazirliyin Kitabxana Kollektorunun satışa təsir etmək imkanına gəlincə, müsahibimiz bildirdi ki, qurum nazirlik tərəfindən çap olunan kitabların paylanması ilə məşğul olur. Paralel olaraq nazirliyin müsabiqə yolu ilə və kollektorun nəşriyyatlarla bağladığı müqavilə əsasında kitabları qəbul edir: “Həmin kitabxanaya daxil olan kitablar oxucu üçün deyil, dövlət kitabxanalarını təmin etmək üçündür. Bəlkə gələcəkdə korrektorun işini daha da müasirləşdirmək, məsələn, internet yolu ilə kitab satışı təşkil etmək və s. yollarla bu şəbəkəni daha da genişləndirmək olar”. V.Bəhmənlinin fikrincə, son 10 ildə ölkəmizdə ölüm ayağında olan kitab tamamilə dirilib. Belə ki, bu gün həm kitab oxuyan, həm də saysız-hesabsız müəlliflər, o cümlədən oxunmalı kitablar da var: “Dünya ədəbiyyatı seriyası çıxır, Tərcümə Mərkəzi kitablar buraxır, özəl nəşriyyatlar da kitablar çap etdirirlər. Sadəcə, kitabları oxucuya yaxşı şəkildə çatdırmaq lazımdır. Bu, bir nazirliyin və ya dövlət qurumunun nəzarətində olan məsələ deyil. Kitab satışı ümumən xalqın işidir». V.Bəhmənli kitabxanaların hər hansı bir şöbəsinin kitab satışı üçün fəaliyyət göstərməsi ilə bağlı səslənən fikirlərə müsbət yanaşır: «Dövlət kitabxanalarının iş prinsipləri var. Respublika əhəmiyyətli kitabxanaların nəzdində kitab satışı təşkil etmək olar. Akademiya saysız-hesabsız kitab nəşr etdirir və onların satış mağazası fəaliyyət göstərir. Elə bir sistem olmalıdır ki, bu fəaliyyət leqal olsun. Əsas odur ki, kitab satışı üçün imkanlar çoxdur. Əgər cəmiyyət buna maraq göstərirsə, demək ciddi düşünmək və konkret addımlar atmaq lazımdır».
Kitabları qiymətləndirən bir qurum olsa
Dünya statistikasına görə, kitab mağazalarında kitabların yalnız 15 faizinin satıldığını bildirən «Altun» kitab nəşriyyatının direktoru Rafiq İsmayılov kitab satışının müxtəlif yolları olduğunu bildirir. Belə ki, təhsil ocaqlarında satışı təşkil etmək, kitabları kitabxanalar vasitəsilə və ya internet üzərindən satmaq olar: “Az-az kitab mağazası tapılar ki, nəşr olunan bütün kitabları özündə yerləşdirə bilsin”. Naşirin sözlərinə görə, hazırda fəaliyyət göstərən Kitab Fondu və Kitab Evinə müraciət edəndə onlar çox kitab götürə bilməsələr də, müəyyən qədər qəbul etməkdən imtina etmirlər: “Ümumiyyətlə, müəllifin özünün kitab nəşr etdirməsi və onun satışı ilə məşğul olması gülünc görünür. Ola bilsin ki, müəlliflər kitabı özləri buraxdıqları üçün satışında da çətinlik çəkirlər. Bu sahə ilə məşğul olan peşəkarlar var. Düzdür, müəllif çalışır ki, kitabın nəşri ucuz başa gəlsin, ona görə kömpyüterdə kitabı yığa bilir. Ancaq hər bir kitabın kommersiya sifəti də var. O mənada ki, oxucu o kitabı görəndə almaq istəsin. Yaxşı olar ki, müəlliflər bu işi naşirlərə həvalə etsinlər və naşirlər də istehsal edib satışa çıxarsınlar”. Naşir hesab edir ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbəsi yeni nəşrlərin müəyyən miqdarını yazarlardan və naşirlərdən alıb kitabxanalara yerləşdirsə, bu da kitabın satışına kömək olar: «Yaxşı olardı ki, onlar işlərini daha effektli qursunlar. Onlara təqdim olunan və yeni çapdan çıxan kitabları nəzərdən keçirmək üçün müəyyən bir qurum olmalıdır ki, məhsulları qiymətləndirsinlər. Yəni kitab var ki, ona ehtiyac çoxdur, kitab da var ki, çox az adama lazımdır. Hər bir kitabı eyni sayda almaq düzgün deyil. Hansı kitaba daha çox ehtiyacın olduğunu müəyyənləşdirməlidirlər”. R.İsmayılovun fikrincə, ölkədə fəaliyyət göstərən kitabxanaların hər birinə bir kitabın verilməsi müəllifə böyük dəstək olar: “Sırf elmi istiqamətli kitablar var və onları hansısa mərkəzi kitabxanalara vermək lazımdır ki, alimlər tədqiqat aparanda əllərində mənbə olsun. Kütlə üçün nəzərdə tutulan kitablar da var. Ancaq onların alışı daha çox olsaydı, müəlliflər üçün də yaxşı olardı. Əgər nəşr olunan kitabları qiymətləndirən bir qurum olsa, işi daha effektli qurmaq olar». R.İsmayılov hesab edir ki, hər hansı özəl kitab mağazası istənilən müəllifin kitabını satmaqdan imtina edə bilər: «Həmin mağaza özəldirsə, bu, onun haqqıdır». R.İsmayılovun fikrincə, kitab satışının xarici ölkələrdə həyata keçirilən variantlarını bizim ölkədə də tətbiq etmək mümkündür. Belə ki, kitab marketinqini genişləndirməyin yolları çoxdur: “Məsələn, Rusiyada uşaqlara məktəblərdə talonlar verilir. Yaxşı oxuyan şagirdlər bu talonlarla bir növ mükafatlandırılırlar. Onlar həmin talonlarla kitab mağazalarından kitab alırlar. Eyni zamanda, Tehran Kitab Sərgisində də məktəblərə bu cür talonlar paylayırlar».
Yarmarkalar daimi təşkil olunsa
Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi bir sıra kitab mağazalarında yerli müəlliflərin əsərlərinin satışına yer ayrılmadığından gileylənir: «Real kitab satışı ilə məşğul olan mağazalarda bu, bir vətəndaş borcu kimi həyata keçirilməlidir. Yerli yazarların əsərləri mağazaların ən görünən yerində düzülsün. Ola bilər ki, onlar az satılsın, az gəlir gətirsin, amma burada təəssübkeşlik hissi olmalıdır. Hamı bilir ki, xaricdən gələn kitablar daha çox satılır. Rusiyanın istənilən kitab mağazasında satılıb-satılmamasından asılı olmayaraq rus müəlliflərinin əsərləri düzülür. Daha sonra isə Avropanın bestseller əsərləri və ya klassik əsərlərinə yer verilir. Bu cür vətəndaşlıq hissi bizim kitab satışı ilə məşğul olan insanlarda da olmalıdır». İ.Fəhmi ölkədə kitab satışı üçün müxtəlif layihələrin həyata keçirildiyini qeyd edir. Belə ki, Mədəniyyət Nazirliyi və gənclər təşkilatları tərəfindən sərgi- satış yarmarkaları təşkil olunur: «Ancaq bunlar daimi fəaliyyət deyil, mərhələli şəkildə həyata keçirilir. Yarmarkaların daimi fəaliyyətini təşkil etmək mümkün olsa və müəlliflər üçün müəyyən şərtlərlə orada şərait yaradılsa, yəni müəyyən ödənişlərdən azad olmaqla öz əsərlərini təqdim etməyə imkan olsa, bu problemi müəyyən qədər aradan qaldırmaq olar. Onda mağaza öz istədiyini satar, istəmədikləri də sərbəst satışda olar. Ancaq ildə və ya iki ildən bir yarmarkanın həyata keçirilməsi bu istiqamətdə çox kiçik təşəbbüsdür». Nazirliyin mövcud kollektorunun fəaliyyətinə gəlincə, İlqar Fəhmi hesab etmir ki, qurum yazıçıların kitablarının satışını həyata keçirməlidir. O mənada ki, nazirlik satış təşkilatı deyil: «Qurum müəlliflərdən az miqdarda kitab alıb ölkənin kitabxanalarına yayır. Sadəcə, fərdi mənada kitab satışı ilə məşğul olan adamlar üçün müəyyən güzəştlər olmalıdır. Bizdə isə bu güzəştlər yoxdur. Əgər həmin güzəştlər olsa və kitab satışı üçün mütəmadi layihələr həyata keçirilsə, problemin qarşısı xeyli alınar. Ən yaxşı halda, əgər yarmarkalar daimi təşkil olunsa, müəllif kitabını orada satışa qoyar. Kitab satılmasa da, günahını özündə görər, hər hansı qurumda yox».
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər