• cümə, 19 Aprel, 20:35
  • Baku Bakı 24°C

Kirayə mənzil bazarında qiymətlər sabitləşir

19.10.17 11:00 2851
Kirayə mənzil bazarında qiymətlər sabitləşir
Bakıda sentyabr ayında kirayə mənzillərin qiyməti bahalaşıb. "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, kirayə mənzil bazarında qiymətlərdə ay ərzində artım 4,63 faiz təşkil edib.
N.İbrahimov bildirib ki, qiymətlərin artmasına kirayə mənzil bazarında aktivliyin yüksəlməsi səbəb olub. O qeyd edib ki, ali təhsil müəssisələrində dərslərin başlanması ilə əlaqədar olaraq, Bakıya çoxlu sayda tələbələr gəlir və kirayə mənzil axtarırlar: "Bu baxımdan, bazarda aktivlik artır və təbii ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olur”.
Ekspert bildirib ki, növbəti aylarda qiymətlərin stabilləşəcəyi ehtimal edilir.
Qiymət artımının səbəbini və bunun nə zamanadək davam edəcəyini, ümumiyyətlə bu sahədə baş verən qiymət artımını tənzimləməyin mümkün olub-olmadığını öyrənməyə çalışdıq.
İqtisadçı Rəşad Həsənov qiymət artımına bir sıra faktorların təsir etdiyini deyir: "Kirayə bazarında artım əslində bir neçə faktordan qaynaqlanır. İlk olaraq təhsil ilinin başlaması ilə əlaqədar olaraq son iki ayda tələbələrin Bakıya, xüsusilə də Abşeron yarımadasına axını sürətləndi. Və bu da öz növbəsində bazarı aktivləşdirdi. Digər nüanslardan biri isə, son on ildə Azərbaycanda formalaşmış məsələlərdən biridir ki, qış aylarının hava və infrastruktur şəraitindən asılı olaraq regionlarda yaşayan insanların paytaxta müvəqqəti axını müşahidə olunur. Bu özü də bazarda əlavə tələb formalaşdırır. Başqa bir məsələ isə, xüsusilə 2015-2016-cı illərdə Bakı şəhərindən işlərini itirdikləri üçün rayonlara geri qayıdanların bir qismi yenidən işləmək üçün Bakıya gəlirlər. Çünki iqtisadiyyatın müəyyən qədər aktiv olduğu yer paytaxtdır. Bu insanların gəlməsi də, bazarda qiyməti artıran üçüncü faktor kimi çıxış edir”.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Ramil Osmanlı hazırda qiymətlərdə sabitləşmə olduğunu deyir: "Kirayə bazarında qiymət artımı oldu və artıq dayanıb, sabitləşmə gedir. Yay aylarından başlayan artım sentyabr ayının sonlarına doğru sabitləşmə ilə müşahidə olundu. İndi isə qiymətlərdə artım və ya azalma müşahidə edilmir. Qiymət stabildir. Artımın səbəbi isə tələbələrin axını ilə əlaqədar idi. Və tələbin artımı qiymət artımına da səbəb oldu. Amma hazırda kirayə bazarında dinamik bir dəyişiklik müşahidə olunmur. Adətən kirayə bazarında qiymət dəyişikliyi bir yay aylarında tələbələrin gedib gəlməsi ilə bağlı, bir də geniş miqyaslı söküntü işləri görülərkən olur. Digər zamanlarda kirayə mənzillərinin qiymətində elə də ciddi dəyişiklik olmur. Və hələ ki, dəyişiklik gözlənilmir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər