• şənbə, 27 Aprel, 13:04
  • Baku Bakı 27°C

Kino çəkmək, toy etmək, yoxsa istirahət? - TURİZM

17.06.23 02:00 7415
Kino çəkmək, toy etmək, yoxsa istirahət? - TURİZM

Ölkəmizin dünyada 6 turizm nümayəndəliyi var ki, onların da biri Hindistandadır. Bakı ilə Dehli arasında birbaşa aviareys açılması hindistanlıların istirahət üçün Azərbaycanı seçməsinə imkan yaradıb. Nəticədə, Asiya ölkələri arasında ilk dəfə olaraq Hindistandan ölkəmizə gələn turistlərin sayı hətta ərəbləri də geridə qoyub. 

Dövlət Statistika Komitəsi yanvar-mart aylarında Azərbaycana səfər edən əcnəbilərin sayını açıqlayıb. Statistikaya görə, gələnlərin 31,7 faizi Rusiya, 20,9 faizi Türkiyə, 8,4 faizi İran, 5,5 faizi Gürcüstan, 5 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Qazaxıstan, 1,8 faizi Özbəkistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,6 faiz olmaqla Ukrayna və Belarus, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12,8 faizi digər ölkələrin vətəndaşları olub. Rəqəmlərdən aydın olur ki, Asiya ölkələrindən Azərbaycana ən çox turist Hindistandan gəlib. Hindistanlı turistlərin çoxaldığını şəhərin mərkəzi küçələrində gəzərkən real olaraq görmək mümkündür. Maraqlıdır, hindistanlı turistləri Azərbaycana gətirən səbəblər hansılardır?

Hindistan turist cəlb etmək üçün hədəf ölkədir

Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyir ki, Hindistan ilk dəfədir bu siyahıda 5-ci pillədədir: “Bu gözlənilən idi, say daha da artacaq. Çünki Hindistan turist cəlb etmək baxımından hədəf ölkələrdən olub. Azərbaycan Turizm Bürosu, Dövlət Turizm Agentliyi və müxtəlif turizm şirkətləri Hindistan bazarı üçün müxtəlif turizm təklifləri hazırlayıb. Əhali sayı çox olduğu üçün bu bazardan daha çox turist cəlb edə bilirik. Həmçinin Hindistan bazarında artıq müxtəlif təşviqat işləri aparılıb və aparılmaqdadır. Təbii ki, bu təşviqat Azərbaycana marağı artırır. Bugünkü statistika öncədən düşünülən addımların nəticəsidir”. 

Bilet qiymətləri uyğun, viza rejimi əlçatandır

Turizm mütəxəssisi vurğulayır ki, Bakı ilə Dehli arasında birbaşa aviareys açılması da Hindistan vətəndaşlarının istirahət üçün Azərbaycanı seçməsinə imkan yaradıb: “Şəhərlər arasında rahat bağlantı var. İkitərəfli gediş-gəliş biletləri normal, Hindistan bazarında xeyli insan üçün uyğun qiymətədir. Bundan əlavə, hindistanlı turistlərin Azərbaycana gəlməsi üçün viza rejimi rahat, əlçatandır. Bu da turistlərin sayına təsir edib”.

Bizi onlarla bağlayan bağlar...

Təbii ki, ən əsas səbəblərdən biri də ölkəmizin gözəlliyidir. Mütəxəssis vurğulayır ki, bizi Hindistanla bağlayan maraqlı məqamlar da var: “Azərbaycan təbiəti, infrastrukturu, turizm imkanları, tarixi memarlıq abidələri, gəzməli-görməli yerləri, mətbəxi ilə çox məşhurdur. Həm də bizi Hindistanla bağlayan maraqlı məqamlar da var. Vaxtilə Azərbaycan ərazisində atəşpərəstliyin yayılması, onlara aid olan məbədlər, xüsusilə də Atəşgah məbədi, regionlarda olan bəzi abidələr onların marağına səbəb olur. İpək yolunu da yaddan çıxarmaq olmaz. Hansı ki, vaxtilə ölkələri ticarət əlaqələri ilə bağlayıb. Bu faktlar Hindistan turistləri üçün maraqlıdır”.

Hindistanlıların ərəb turistlərdən çox olması sürpriz oldu

Hindistanlı turistlərin ölkəmizdə istirahət etmələri üçün səbəblər çox olsa da, onların sayının belə nəzərəçarpacaq dərəcədə artması həmsöhbətimiz üçün də gözlənilməz olub: “Təəccüblüdür. Düşünürəm ki, sayın çox olmasına səbəb turizmdən əlavə, Azərbaycan biznes mühitinin hindistanlılara uyğun olmasıdır. Ölkəyə gələn Hindistan vətəndaşlarının heç də hamısı turist deyil. Onların bir hissəsi işgüzar insanlardır. Burada investisiyalar üçün münbit şərait var. Bu səbəbdən də onlar Azərbaycan bazarına maraq göstərirlər”. 

Hindistanlılar film çəkməyə gəlir?

Turizmçi Ceyhun Aşurov isə deyir ki, Azərbaycan istirahət və film destinasiyası kimi Hindistanın marağını cəlb edir: “Ölkəmizin dünyada 6 turizm nümayəndəliyi var ki, onların da biri Hindistandadır. Bu nümayəndəliklər Azərbaycanın turizm məkanı kimi tanıdılmasına, uyğun marşrutların hazırlanmasına və həmin bölgələrdən turistlərin cəlb olunmasına xidmət edir. Hindistandan gələn turistlərin sayında əvvəlki illərlə müqayisədə 4 dəfədən çox artım olub. Bu ölkədən turistlərin çox gəlməsi 2016-cı ildən sonra başlayıb. Bu dövrdə il ərzində 6000-ə yaxın turist gəlirdisə, 2017-ci ildə bu rəqəm 14 minə çatıb. 2018-ci ildə 39 min, 2019-cu ildə isə 65 min olub. Pandemiya dövründə isə təbii olaraq, bu rəqəmlər azaldı. Hindistandan gələn turistlər individual deyil, əksəriyyəti qrup halında səfərlər edirlər. Pandemiyaya qədər biz görürdük ki, sözügedən ölkədən Azərbaycana kino çəkmək məqsədilə ayrı-ayrı qruplar gəlir. İçərişəhərdə, Bakıda, müxtəlif regionlarda kino çəkilişləri həyata keçirirdilər. Bu da filmi seyr edən insanlara Azərbaycanın maraqlı turizm ölkəsi kimi tanıdılmasında xüsusi rol oynayırdı”.

Hindistanlı turistlər üçün Azərbaycan maraqlı toy məkanıdır

Mütəxəssis  deyir ki, statistikanın artmasında ikinci ən böyük faktor Azərbaycanın hindistanlılar arasında toy məkanı kimi seçilməsidir: “Hindistan toyları dünyada məşhurdur. Onlar qohum-əqrəbaları ilə birlikdə bəzən 100 nəfərlik qruplarla ölkələrə gedirlər və toy edirlər. Bu, onlar üçün ənənədir. Biz pandemiyaya qədər şəhərdə olan 5 ulduzlu otellərin restoranlarında Hindistan toylarını müşahidə edirdik. İndi də elədir. Hindistanlı turistlər üçün Azərbaycan həm də maraqlı toy destinasiyasıdır”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər