Kimin hünəri nədir ki, bu xalçanı almasın... - Fotolar

Qəzetimizin
ötən saylarından birində apardığımız araşdırma nəticəsində məlum olmuşdu ki, xalçaçılığı
inkişaf etdirmək üçün böyük layihələr gerçəkləşdirilir. Xalçaçılıq sənayesinin
inkişafı üçün 2016-cı ilin may ayının 5-də prezidentin sərəncamı ilə
"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
yaradılması da görülən işlərin tərkib hissəsidir. Bəs yeni istehsal olunan
Azərbaycan xalçalarının dünyada təbliğ etmək üçün nə etməliyik? Xalçaların
əlimizdə qalmaması, turistlərin istehsal ediləcək məhsula cəlb edilməsi üçün
onun marketinq yönü də nəzərə alınmalıdır. Bu iş necə həyata keçirilməlidir?
"Keyfiyyətli xalçanın müştərisi hər zaman var”
"Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi
Muradov bizimlə söhbətində bildirdi ki, keyfiyyətli
xalçanın müştərisi hər zaman olur: "Bu ilin yanvar ayının 14-17- də Almaniyanın
Hannover şəhərində keçirilən beynəlxalq xalça satış sərgisində iştirak etdik.
Avropalıların Azərbaycan xalçasına olan marağını gördük. Onlarla əlaqələrimiz
var və ümid edirik ki, bu ilin sonunda Azərbaycandan xalça alacaqlar.
Azərbaycan xalçalarının təbliğatı ilə ciddi şəkildə məşğul oluruq. Həm daxildə,
həm də xaricdə müxtəlif dillərdə xalçalarımız reklam edilir. Beynəlxalq və
yerli sərgilərin təşkilində iştirak edir, təqdimat üçün çalışırıq. Yeni
yaranmış qurum olmağımıza baxmayaraq, böyük işlər görmüşük. 2018-19-cu illərdə bu
filialların sayı artacaq və inanırıq ki, yaxşı xalça olduqdan sonra ona tələbat
da olacaq”.
Maarifləndirmə, satış imkanlarının təşkili, mediada
daimi aktivlik…
PR mütəxəssisi Azər Nəzərovqəzetimizə açıqlamasında bildirdi ki, əgər bir məhsulu yerli və ya xarici
bazara çıxarırıqsa, həmin məhsulun güclü və zəif tərəflərini xüsusi olaraq
araşdırmaq lazımdır: "Xarici bazarlarda xalçalarımızı yaxşı tanıyırlar. Burada
diqqət etməli olduğumuz məsələ orasındadır ki, biz əvvəlcə mövcud bazarı
dəyərləndirməliyik. Yəni bizim regionlarda bizə rəqib olan ölkələrin
xalçalarının tanıdılması üçün hansı addımların atıldığını və onların hansı yolu
keçmiş olduğunu öncə araşdırmağımız lazımdır. Diqqət yetirsək görərik ki, bizim
regiondan xalça istehsalına görə lider İrandır. İranın xalçalarına olan maraq
əl ilə toxunmasında və naxışlarındadır. Təbii ki, bu, bizdə də belədir. Bizim
də xalçalarımız əl ilə toxunur və naxışları da İran xalçalarından geri qalmır.
İkincisi, İranda əsas məsələlərdən biri xalçaların qədimliyidir. Bu gün Qərbdə
xalça bazarlarını dəqiqləşdirsək, görərik ki, İran xalçalarının qədimliyinə
görə də dəyərləri yuxarıdır”.
Müsahibimizin
sözlərinə görə, xalçaların bazarda tanıdılması üçmərhələli şəkildə həyata
keçirilməlidir: "Birinci mərhələ ümumi təbliğat mərhələsidir. Yəni burda
auditoriyanı inandırmaq, maarifləndirmək lazımdır ki, auditoriya məhz bu tipli
məhsuldan və onun spesifik xüsusiyyətlərindən xəbərdar olsun. Digər ölkələrdə
hər kəs bilmir ki, Azərbaycanda xalça əl ilə toxunur və bu, kifayət qədər
dəyərli xalçadır. İlk addım olaraq hansısa bir sərgi təşkil etmək olar. Nəzərə
almaq lazımdır ki, xalça tipli məhsulların auditoriyası heç də çox deyil. Yəni
bu, spesifik bir auditoriyadır. Bu, şokolad və yaxud digər məhsul deyil ki,
deyəsən bunu hər kəs ala bilər. Xalçanı yalnız o adam alacaqdır ki, xalçadan
başı çıxır. Deməli, həmin o spesifik auditoriya üçün xüsusi sərgilər təşkil
etmək olar. O spesifik auditoriya xaricdə bəlli bir qisim əhalidir. Yəni onu
xüsusi qaydada müəyyən də etmək üçün həmin insanlar hansı klubların üzvüdürsə,
xüsusi qaydada Azərbaycan gecəsi təşkil eləmək olar. Sərginin içində xalçaların
özləri haqqında məlumatlarla yanaşı, naxışların hazırlanması qaydaları,
ümumiyyətlə, Azərbaycan xalçalarının tarixiliyi və s. haqqında məlumat vermək
olar ki, ilkin maraq yaradılsın. Təbii ki, marağın içində milli dəyərlərə
xüsusi vurğulamaq lazımdır. Milliliyin qatılması onun daha da dəyərlənməsidir.
İkinci addım isə xalçaların əlçatan yerlərdə satışının təmin olunmasıdır. Əgər
biz öncə insanları maarifləndiririksə, bu, onlar üçün əlçatan olmalıdır.
Ölkədən kənarda xüsusi xalça satış mərkəzləri olmalıdır ki, əcnəbilər o
xalçaları rahat şəkildə əldə edə bilsinlər.
İndi
aparıcı satış növu onlayn-satışdır. Yəni
imkanlar yaranmalıdır ki, həmin xalçaları insanlar ölkədən kənarda rahat
formada internet vasitəsilə sifariş edə bilsinlər. Bununla bağlı ölkə
başçısının sərəncamı əsasındahttps://azexport.az/saytı da yaradılıb ki, həmin sayt
çərçivəsində yerli məhsullar xaricə ixrac olunur. Bizim xalçalar da həmin
məhsullardan biri ola bilər.
Üçüncü
mərhələ isə xalçalara marağı olan insanların xüsusi qaydada şəbəkələşməsinin təşkili,
onların həmin fabriklərə dəvət olunması, istehsalı yerində görməsi, insanların
mediaya çıxışının təmin edilməsi, medianın istehsal olunan yerlərə dəvət
olunmasıdır. Xalça toxuyan insanlarla bağlı sənədli filmlərin çəkilməsi
vacibdir. Birincisi maarifləndirmə, ikincisi satış imkanlarının təşkilidir,
üçüncüsü isə bunun mediada daimi aktivliyini saxlamaqdır. Amma yadda saxlamaq
lazımdır ki, bu ənənəvi marketinq keysi kimi olmamalıdır ki, Azərbaycan xalçası
var, gəlin bunu alın. Yox bu, reklamdır, insanlar reklamlardan daha çox piara,
birbaşa ünsiyyətə inanırlar. Burda artıq məqsədimiz xüsusi reklam yox, xalçaların
özünəməxsusluğunu göstərməkdir. Bunun üçün də təbii ki, ən yaxşı yol sənədli
filmlərdir”.
"Tarixi keçmişimiz imkan verir ki, ölkəni yenidən
yaxşı xalçaçı kimi tanıdaq”
İctimaiyyətlə Əlaqələr mütəxəssisi Vüqar Babaisə hesab edir ki, Azərbaycan xalçalarını tanıtmaq üçün bir sıra məqamlara
ciddi diqqət ayrımaq lazımdır: "Hər şey araşdırma ilə başlamalıdır. Yəni,
araşdırılmalıdır ki, hansı ölkələr xalça alır? Nəyə görə alır, necə xalça alır,
hansı qiymət arasında alırlar, hansı materialdan hazırlanan xalçaları alırlar.
Daha sonra araşdırmaq lazımdır ki, xalça satan, dünyada xalça ixracatı kimi
tanınan ölkələr hansılardır, bunlar nəyə görə xalça ixracatı kimi tanınırlar,
özlərini hansı formada mövqeləndiriblər. Bunun səbəblərini öyrənmək lazımdır”.
Müsahibimiz
deyir ki, Azərbaycan xalçaçılıqla məşğul olan ölkə kimi tanındığı üçün uğur
qazanmaq şansı çoxdur: "Yəqin ki, heç kəs Yaponiya, Almaniya xalçası deyə bir
şey eşitməyib. Xalça almaq istəyəndə "Koreya xalçası alım, İtaliya xalçası
alım, İngiltərə xalçası yaxşı olur kimi” fikirlər mövcud deyil. Şərq ölkələri -
İran, Azərbaycan, Türkiyə xalçaçılıqla məşğul olmuş ölkələr kimi tanınır. Bu
baxımdan tarixi keçmişimiz bizə imkan verir ki, ölkəni yenidən yaxşı xalçaçı
kimi tanıdaq. Burada da yalnız dövlət yox, sahibkarlar, biznes sektorları da
xalçaçılığın inkişafına çalışmalıdırlar, maddi vəsait yatırmalıdırlar. Ən əsası
diqqət etmək lazımdır ki, dünyada hansı növdə xalçalar satılır? Dünyada
yayılmayan xalçanın üzərində köklənmək azımdır. Xalçaçılıq sahəmizdə olan boşluqları
tapmalı və aradan qaldırmalıyıq. Xalçalar divara da döşənə bilir, yerə də
salına bilir. O baxımdan onun təqdimatı, funksionallığı, istifadə qaydalarını
dünyada tanıtmaq lazımdır. Sonra hədəf bazarları müəyyən olunur – filan
ölkələrə çıxacağıq. Bu formada satışı həyata keçirəcəyik. Planlar cızılandan
sonra həmin ölkələrdə media vasitəsi ilə, telekanallar vasitəsi ilə istər
keyfiyyət, istərsə də qiymət baxımından Azərbaycan xalçalarının təbliğatı
aparıla bilər. Bu formada həmin ölkələrdə tanıtımı gücləndirəndən sonra
Azərbaycan xalçalarına ehtiyac, maraq yarana bilər. Əlbəttə ki, ondan sonra
xalçanı daha sərfəli qiymətə satmaq olar”.
Azərbaycanda
xalça toxuyanların yaradıcılıq sferası da daim geniş olub. Nənələrimiz
xalçalara olduqca orijinal naxışlar vurmaqla yanaşı, onu toxuyarkən ürəklərini
də qoyublar, müsbət enerjilərini də veriblər. Azərbaycan xalçalarını məşhur
edən də məhz bu kriteriyalardır. Bu kodlar isə genetik keçir. Deməli, bu gün
xalça toxuyan Azərbaycan xanımları da yaradıcılıq baxımından nənələrimizdən
geri qalmırlar. Sadəcə, işi düzgün qurmaq lazımdır ki, Azərbaycan xanımlarının
toxuduğu xalçalara baxıb, "kimin hünəri nədir ki, bu xalçanı almasın” deyə
bilək.
Aygün ƏZİZ


