• cümə, 19 Aprel, 23:09
  • Baku Bakı 24°C

Kəskin baş ağrısına səbəb olan miqren hava dəyişikliyi ilə sıx əlaqəlidir

30.05.23 19:00 5494
Kəskin baş ağrısına səbəb olan miqren hava dəyişikliyi ilə sıx əlaqəlidir

Miqren başda güclü, epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Xəstəlik çox zaman arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları, kəllədaxili təzyiqin artması ilə əlaqələndirilir, lakin bu doğru deyil. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmış bir növüdür. Yayılma dərəcəsinə görə 10 faiz kişilərdə, 22 faiz qadınlarda müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bunu nevroloq Xəyal Vəliyev deyib. Onun sözlərinə görə, xəstəliyinin ən geniş yayılmış növü aurasız miqren tipidir. Aurasız forma 4 saatdan 72 saata qədər davam edə bilir və bu zaman işığa, səsə həssaslıq artır, baş ağrıları ürəkbulanma, qusma ilə müşayiət olunur.

Nevroloq bəzi amillərin tutmaların yaranmasına səbəb olduğunu deyib: “Qeyd etmək lazımdır ki, müxtəlif qoxular, parlaq işıq, səs-küy, fiziki gərginlik, stres, yuxu problemi, qeyri-sağlam qidalanma, tütün məhsulları, bəzi dərmanlar, qida məhsulları (sitrus meyvələri, tərkibində kofein olan qidalar, şokolad və digərləri), spirtli içkilər miqren tutmalarına səbəb olan amillərdir”.

X.Vəliyev miqren zamanı müşahidə olunan baş ağrılarının səbəbini açıqlayıb: “Miqren tutması zamanı tez-tez ürəkbulanma, qusma, işığın və səsin təsirindən güclənən uzunmüddətli baş ağrıları müşahidə olunur. Eyni zamanda, bu bir nevroloji xəstəlikdir. Belə ağrılar saatlarla davam edir. Xəstəlik zamanı baş ağrılarının səbəbi qan damarlarının ətrafındakı sinir liflərinin kimyəvi preparatların təsiri, qan damarlarının genişlənməsi nəticəsində sıxılmasıdır. Bu xəstəlik, əsasən, qadınlarda müşahidə olunur”.

Kəskin baş ağrısına səbəb olan miqren hava dəyişikliyi ilə sıx əlaqəlidir. Xüsusilə, gənc və orta yaşlı insanlarda bu özünü daha da qabarıq şəkildə göstərir. Qısamüddətli bir araşdırma nəticəsində məlum olub ki, havanın tez-tez dəyişməsi və eyni zamanda hava çirklənməsi uzunmüddətli baş ağrılarına səbəb olur.

İnsanların tez-tez qarşılaşdığı və şiddətli baş ağrıları ilə müşahidə olunan miqren xəstəliyi üçün elektrikli və maqnitli müalicə üsulu inkişaf etdirilir. Beyinə və saç köklərinə elektrik yayan maqnetik cihazlar miqren xəstəliyinin müalicəsi zamanı istifadə olunur.

banner

Oxşar Xəbərlər