• cümə, 29 Mart, 05:05
  • Baku Bakı 7°C

Kəlbəcərin Başlıbel kəndinin sakinləri doğma kəndi ikinci dəfə ziyarət ediblər

11.05.21 11:15 655
Kəlbəcərin Başlıbel kəndinin sakinləri doğma kəndi ikinci dəfə ziyarət ediblər
Tarixi mənbələrə əsasən 400 ildən çox yaşı olan Kəlbəcər rayonunun Başlıbel kəndi Dəlidağın ətəyində rayon mərkəzindən 64 kilometr məsafədə yerləşir, 3232 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, dəniz səviyyəsindən 2000 metr hündürlükdə qərar tutub. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinın hərbi təcavüzündən əvvəl 1996 sakini olan kənddə 259 fərdi ev, 1 orta məktəb, 1 uşaq bağçası, 1 xəstəxana olub.
1993-cü il aprelində Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğal edərkən kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən "Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınaraq dörd aya yaxın mühasirə həyatı yaşayıb. Erməni quldur birləşmələri kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib və tamamilə yandırıb. Mühasirədə qalan 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub.
AZƏRTACxəbər verir ki, kəndin sakinlərindən bir neçəsi ikinci dəfə doğma yurda gedərək mühasirə günlərində sığınacaq yeri olan kahaları və "Portda” kahasının ətrafında dəfn edilmiş həmyerlilərinin məzarlarını ziyarət ediblər.
Qeyd edək ki, aprelin 18-də Ermənistan hərbçiləri sakinlərin sığındıqları kahaların yerini müəyyənləşdirərək onlardan 12 nəfəri qətlə yetiriblər. Daha 6 nəfər isə kəndin digər ərazilərində öldürülüb, 14 nəfər girov götürülüb. Sağ qalan 30 nəfər dağlara çəkilərək iyulun 22-dək başqa kahalarda yaşayıblar. Onlardan yalnız 29 nəfəri 113 gündən sonra gizli yollarla işğal zonasından çıxaraq xilas olub.
Ziyarətdə iştirak edən kənd sakini, Başlıbel faciəsindən bəhs edən "Qanlı kaha” kitabının müəllifi, araşdırmaçı-jurnalist Elxan SalahovAZƏRTAC-ın müxbirinə deyib: "Axar-baxarlı kəndimizi, onun həyətlərini, bağ-bağçalarını, biçənəklərini tanınmaz halda görmək çox ağır idi. 259 evdən biri də salamat deyil. Evləri tövlələrdən, tövləni evlərdən ayırmaq olmur. Elektrik və rabitə xətlərindən əsər-əlamət yoxdur, ermənilər dirəkləri, transformatorları da çıxarıb aparıblar…
Kənd qəbiristanlığında düşmənin güllələmədiyi, zərər vurmadığı bir məzar da yoxdur, bütün baş daşları sındırılıb, daşlar üzərindəki şəkillər gülləbaran edilib, bəzi qəbirlər isə vəhşicəsinə eşilib. Ermənilər sanki ölülərdən, məzar daşlarından da qisas alırlarmış.
Sonra bir-birindən 30-40 metr məsafədə yerləşən iki qayada 6 kahadan ibarət sğınacaqlara baş çəkdik. Burda izləri qalan əşyalar kahalarda yaşanan məşum və dəhşətli mühasirə günlərini xatırladır -vedrələr, qazanlar, çaydan, qəndqabı, stəkan-nəlbəki, müxtəlif həcmli su qabları və şüşə balonlar, 20 litrlik neft bidonu, "maşinka” adlandırdığımız, neftlə işləyən qızdırıcı, qadın və uşaq geyimləri, ayaqqabılar, uşaq çəkməsi, yorğan-döşəklər, mühasirədə qalanların yeganə informasiya mənbəyi olan radioqəbuledicinin akkumulyatoru... Qab-qacaqların, demək olar ki, hamısında düşmən güllələrinin izləri var. Yorğan-döşəklər cırılıb, didilib, yun kahaların içərisinə dağılıb, ermənilərin köməksiz insanlara atdıqları güllələrin boş gilizlərinə də rast gəldik”.
Elxan söhbətinə davam edir: "Portda” kahasından bir qədər aşağıda dəfn edilmiş mühasirə günlərinin qurbanlarının məzarlarına baş çəkdik. Kəndin mollası Natiq Salahov onların ruhuna "Quran” oxudu, fətihə verdik. Qəbirlərin ətrafında təmizlik işləri apardıq. Özümüzlə gətirdiyimiz qərənfilləri məzarların üzərinə düzdük. Burada uyuyan şəhidlərin ruhuna növbəti dualar oxuduq…
Kəndi ziyarət edərkən 44 günlük Vətən müharibəsində şəhid olmuş polkovnik-leytenant Zaur Cəfərovun doğulduğu evi tapdıq. Evin qalıqları üzərində Azərbaycan və Türkiyə bayraqları qaldırdıq.
Dünyaya gəldiyin, torpağı üzərində ayaq açıb yeridiyin, havasını udub, suyunu içdiyin doğma kəndi viran edilmiş vəziyyətdə boş və kimsəsi görmək çox ağırdır. Ancaq bu ağrı ilə yanaşı qəlbimizdə çox böyük təsəlli və nikbinlik də var. İlk növbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordunun apardığı uğurlu döyüş əməliyyatları nəticəsində düşmən işğalından azad olunmuş hər daşı-divarı sənə əziz olan doğma kəndi yenidən görmək, onun küçələrini dolaşmaq, qurumuş ağaclarını qucaqlamaq başqa bir hissdir. Hamımızın qəlbində Başlıbelin daha abad və xoşbəxt günlərini görəcəyimizə böyük ümid var. Elə bu ümid hissi ilə də doğma kənddə ikinci ziyarətimizi başa vurub geri döndük”...

banner

Oxşar Xəbərlər