• cümə axşamı, 28 mart, 18:28
  • Baku Bakı 13°C

“Kanadada 6 şirkətdə çalışmışam, heç birində diplomumu soruşmayıblar” - Uğur hekayəsi

11.06.20 14:50 9535
“Kanadada 6 şirkətdə çalışmışam, heç birində diplomumu soruşmayıblar” - Uğur hekayəsi
Elnur Məmmədli: "Sizinlə bərabər çalışan insanlardan fərqlənməyi də bacarmalısınız”
599 bal yığaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olur, ödənişsiz əsaslarla təhsil alır. Ancaq 2-ci kursda universiteti yarımçıq qoyub təhsil üçün Kanadaya üz tutur. İstədiyi təhsili alır və sonra bu ölkədə qalıb, çalışır. Müsahibimiz Kanadada "Nude Solutions” şirkətində proqramçı vəzifəsində çalışan azərbaycanlı gənc Elnur Məmmədlidir.

- Elnur, qardaşınızla da müsahibəmiz olmuşdu, o da Azərbaycanda universiteti yarımçıq qoyub xaricdə təhsil üçün getmişdi. O, xaricdə təhsil arzusundan dolayı bunu etmişdi. Sizin bu qərarı verməyinizin səbəbi nə oldu?
- Mən Azərbaycanda beynəlxalq iqtisadi münasibətlər fakültəsində dünya iqtisadiyyatı ixtisası üzrə oxuyurdum. Bir müddət sonra gördüm ki, nə oxuduğum ixtisas mənə maraqlıdır, nə də aldığım təhsil qane edir. Köhnə tədris metodologiyaları və əksər müəllimlərin yanaşması aldığım təhsilə marağımı öldürdü.

Onu da deyim ki, hələ orta məktəb illərindən valideynlərimiz qardaşımla mənə xaricdə təhsili aşılayırdılar. Elə oldu ki, ölkədə qəbul oldum və oxumağa başladım. Ancaq aldığım təhsilin məni qane etmədiyini gördükcə xaricdə təhsil üçün motivasiyam daha da artdı. Ona görə universitetə qəbul olandan bir müddət sonra yalnız və yalnız xaricdə təhsil haqqında düşündüm. Qardaşım məndən bir il əvvəl Kanadaya getmişdi. Mən də ikinci kursda oxuyarkən, 2011-ci ildə Kalqari Universitetinə kompüter mühəndisliyi ixtisası üçün müraciət etdim, qəbul oldum. Daha sonra Azərbaycan Gənclərinin Xaric Ölkələrdə Təhsili üzrə Dövlət Proqramına müraciət etdim və beləliklə, Kanadaya gəldim.


-Qardaşınızla bir yerdə Kanadada startap üzərində işləyirsiniz. Sahələriniz fərqlidir, maraqlıdır, startap nə ilə bağlıdır?
- Sahələrimiz fərqli olsa da, gücümüzü birləşdirməyi bacarırıq. Tam olaraq fəaliyyətə başlamadığı üçün proyekt haqda çox məlumat verə bilmirəm. SaaS yönlü online platformadır. Texnologiya tərəfi mənim üzərimdədir, qalan məsələlər isə qardaşımın başı çıxan işlərdir.

- Rubrikamızın ənənəvi sualı: sizə görə uğurun sirri nədir?
- Şəxsən özümü uğurlu saymıram və nə vaxtsa belə bir fikirdə olacağımı da düşünmürəm. Uğurluyam desəm, düşünürəm ki, inkişaf etmək həvəsimi öldürə bilərəm. Çünki hələ yol çox uzundur, durmaq niyətim də yoxdur. Bir neçə il, yaxud ay əvvəl mənim üçün uğurlu sayıla biləcək şeylər indi bəsit gəlir. Bu gün uğurlu görünən məqamlar da bir müddət sonra sadə gələcək.

Kanadada 6 şirkətdə çalışmışam, heç birində diplomumu soruşmayıblar. Təhsil önəmlidir, ancaq təkcə təhsillə iş bitmir. Öz üzərində işləməlisən.

Nə isə əldə etməkdən söhbət gedirsə, əsas olan var gücünlə çalışmaq, sevdiyin işi görməkdir. Sizinlə bərabər çalışan insanlardan fərqlənməyi də bacarmalısınız, bunun üçün də daim yeniliklərə açıq olmaq lazımdır. Düşünürəm ki, bu zaman uğur özü gəlib sizi tapar.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər