Jurnalistika və informasiya təhlükəsizliyi
2663
18 aprel 2018 | 10:00
Qloballaşan
müasir dünyamızda informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş
tətbiqi informasiya təhlükəsizliyi məsələsini ön plana çıxarır. Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor
Əli Həsənov yazır ki, "informasiya mühiti” beynəlxalq və yerli sistemyaradıcı
amil olmaqla, bəlli məkanlarda siyasi, iqtisadi, müdafiə, sosial-mənəvi və
digər sahələrə müdaxilə edərək, milli təhlükəsizlik sisteminə mühüm təsir
göstərən vasitə kimi dəyərləndirilir.
Azərbaycan
müstəqillik qazandıqdan sonra informasiya təhlükəsizliyinin qorunması qayğısına
qaldı. İlk növbədə vahid informasiya
sisteminin formalaşdırılması üçün lazımı tədbirlər gördü. Bu da onunla bağlı
idi ki, keçən əsrin 90-cı illərinin əvvəllərində bir sıra xarici ölkələr
sistemli şəkildə Azərbaycan ərazisində əhalinin bəzi sosial və milli-etnik
təbəqələrində ciddi anti-milli və anti-dövlət meyli formalaşdırmış, müstəqil
dövlətin əsaslarına, ölkədə vətəndaş həmrəyliyinə təhlükə yaratmışdı.
Həmin
dövrdə informasiya texnologiyaları bütövlükdə Rusiyanın və digər beynəlxalq
informasiya güclərinin nəzarəti altında idi. Belə bir şəraitdə cəmiyyəti
informasiya təhlükəsindən qorumaq o qədər də asan deyildi. Bir yandan da
Ermənistanın bizə qarşı apardığı informasiya müharibəsi zamanı informasiya
təhlükəsizliyi sahəsindəki mübarizənin əhəmiyyətini anlamaq olar.
Bəs informasiya təhlükəsizliyi nədir? – Bu suala belə cavab vermək
olar: "İnformasiya təhlükəsizliyi informasiya və ona xidmət edən infrastrukturun
sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən informasiya
və ona xidmət edən infrastrukturun mühafizə olunmasıdır”. Belə təsirlər
nəzərə alınmazsa, söz yox ki, böyük fəsadlar törədə bilir. Bu da faktdır ki, Amerikanın
informasiya müharibəsində SSRİ-yə qalib gəlməsi, informasiyanın geosiyasi
münasibətlərdə oynadığı rolun göstəricisidir.
İnternetin
sürətli inkişafı cəmiyyətin və vətəndaşların həyatında informasiya təhlükəsizliyini
ön plana çəkir. Bu sahənin ekspertləri də bu fikirdədir: Əsasən milli dəyərli internet resurslarının
təhlükəsizliyi diqqət mərkəzində olmalıdır. Çünki daha çox bu növ informasiya resurslarına
daim haker hücumları həyata keçirilir. Azərbaycan, ümumiyyətlə, dünya
informasiya məkanı bu cür müdaxilələrdən sığortalanmayıb. Bu hücumlar əsasən
Azərbaycanla müharibə şəraitində olan işğalçı Ermənistanın informasiya
strukturları, xaricdə (əsasən Rusiyada) ermənipərəst, erməni lobbisinin
idarəsində olan qruplar, fərdlər tərəfindən həyata keçirilir.
"İnformasiya
mübarizəsi həm də hakerlərin kiber hücumları vasitəsilə də aparılır.
Texnologiyanın gücü ilə ölkələr arasında rabitə əlaqələrini kəsir, deizin -
informasiya yayaraq onları sarsıda bilirlər. Hakerlər inkişaf etmiş ölkələrin
maliyyə bazarlarını da sıradan çıxarmaq gücünə malikdirlər. Məsələn, əmək
bazarında - Avropada 150 min, Amerikada 200 min nəfər iş yerini belə hücumlara
görə itirib. Türkiyədə haker hücumlarından 54 milyon, Almaniyada 14 milyon,
Çində 20 milyondan çox insana zərər dəyib. Onlar 2013-cü ildə dünya
iqtisadiyyatına 27 milyard dollar həcmində ziyan vurublar” ("Azərbaycan”
qəzeti, 2017, 30 noyabr).
Bu
nümunələrdən çıxan nəticə budur ki, informasiya təhlükəsizliyinin təmin
olunmaması böyük fəsadlara törədə bilər. Professor Qulu Məhərrəmli yazır ki,
hər hansı ölkədə informasiya təhlükəsizliyinin prioritetləri dövlətin,
cəmiyyətin vətəndaşların maraqlarının balanslı nisbəti əsasında müəyyənləşir.
Cəmiyyətin təhlükəsizliyinin əsas elementlərindən biri kimi informasiya
təhlükəsizliyinin vəzifələri hər hansı məlumatın konfidensiallığı (gizliliyi),
tamlığı, əlyetərliyi və kütləvi qorxu (vahimə) yaradan məzmuna qarşı
mübarizədir.
Azərbaycanda
təhlükəsizlik mühitinin təmin olunması və informasiya texnologiyalarının
inkişafı ilə bağlı qanunvericilik bazasının yaradılması xeyli yaxşılaşmışdır.
Bu məqsədlə bir sıra sənədlər, normativ-hüquqi aktlar qəbul edilmişdir.
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "İnformasiya
əldə etmək haqqında”, "Dövlət sirri haqqında”, "Elektron sənəd və elektron imza
haqqında”, "Telekommunikasiya haqqında”, "Milli təhlükəsizlik haqqında” və s. qanunların qəbul edilməsi bir daha onu
göstərir ki, dövlət informasiya təhlükəsizliyi problemini diqqətdə saxlayır.
2007-ci
ildə qəbul olunmuş "Azərbaycan Respublikasının milli təhlükəsizlik
konsepsiyası” ölkənin daim dəyişən təhlükəsizlik mühitini, respublikanın
maraqlarını və təhlükəsizlik siyasətinin əsas istiqamətlərini müəyyən edir.
"Konsepsiya, həmçinin hərbi doktrina, xarici siyasət strategiyası, müdafiə
icmalı, iqtisadi konsepsiya, mədəniyyət, elm, təhsil, səhiyyə və nəqliyyat
strategiyaları da daxil olmaqla, dövlət fəaliyyətinin müxtəlif sahələri ilə
bağlı daha müfəssəl sənədlərin hazırlanması üçün əsasdır.
Bu
gün yalan informasiya ilə doğru, fakta söykənən informasiyanı seçmək problemi
yaranmışdır. Odur ki, daha mükəmməl qanunlara ehtiyac duyulur. Cəmiyyətin,
şəxsiyyətin, dövlətin təhlükəsizliyi qorunarkən həqiqi informasiyanı yalandan ayırmaq
çox vacibdir. Əgər yalan informasiya həqiqəti üstələyirsə, onun fəsadları böyük
ola bilər. Söhbət əsasən bir ölkənin başqa bir ölkəyə qarşı apardığı
informasiya müharibəsindən gedir. Amerika-İraq müharibəsini yada salaq.
Müharibədən əvvəl Amerika mətbuatında İraqda nüvə silahının olması barədə tirajlanan
yalan informasiya müharibənin başlanması üçün əsas oldu. Sonralar məlum oldu
ki, İraqda belə bir qırğın silahı yoxdur.
İlk
dəfə Amerikada yaranmış "İnformasiya müharibəsi” termini internet şəbəkəsində
daha geniş yayılıb. Düşmən ölkənin - Ermənistanın Azərbaycana qarşı apardığı
informasiya müharibəsi əsasən sosial şəbəkələr vasitəsilə həyata keçirilir.
Məsələn, Ermənistanın "Voskanapat” saytı belə bir yalan informasiya yayıb: "Bakı
Rusiyanın Azərbaycana göndərdiyi silahların keyfiyyətindən narazıdır”. Heç bir
fakta söykənməyən, yalan informasiya Azərbaycan ordusuna psixoloji təsir
göstərməyə hesablanıb. Onu da qeyd edim ki, düşmənin bu yalanı Azərbaycan
ordusunun yüksək çinli zabiti tərəfindən ifşa olundu. 2016-cı ilin Aprel döyüşü
Azərbaycanın hərbi qüdrətini bir daha göstərdi. Hətta, Ermənistanın "Yerkir”
qəzeti 4 günlük müharibədə yaşananları erməni tərəfin çox ciddi məğlubiyyəti,
fiaskosu olduğunu etiraf etmişdi. Aprel hadisələri göstərdi ki, Ermənistan Azərbaycan
qarşısında çox acizdir, ordumuz Qafqazda ən güclü, hazırlıqlı və modern
ordudur.
Yeri
gəlmişkən, qeyd edim ki, biz də ermənilərə qarşı informasiya müharibəsi
aparırıq. Bu müharibə keçən əsrin əvvəllərində o qədər də effektli deyildi,
ermənilər bizdən üstün idi. Hətta, xarici jurnalistlər də bunu qeyd edirdilər.
Məsələn, Amerika jurnalisti Tomas Qolts yazırdı: "... Güman etməyin ki,
ermənilər güclüdür... yox, siz azərbaycanlılar, informasiya müharibəsində zəif
və gücsüzsünüz”. İndi vəziyyət xeyli dəyişib, ölkəmizə qarşı aparılan informasiya
təhlükəsizliyinin qarşısını almağa qadir olan xeyli jurnalistlərimiz var.
Hazırda
Azərbaycanda internetdən istifadə edənlərin sayı 2015-ci ilin statistikasına
əsasən 5,8 milyondur. İnternetin imkanı artdıqca, yeni xidmətlərin tətbiqi
genişləndikcə, sosial şəbəkələr inkişaf etdikcə, saytların sayı artdıqca,
insanların siyasi fəallığı da artır. Bütün bunlar informasiya hücumlarının
çoxalmasına səbəb olmuşdur. Həm də nəzərə almaq lazımdır ki, bu gün ictimai
rəyin formalaşdırılması və ya dəyişdirilməsində, bəzi qərarların qəbul
edilməsində, qarşı tərəfin informasiya resurslarına təsirində, eləcə də
dezinformasiyanın yayılmasında internet geniş imkanlara malikdir. Elə bunun
nəticəsidir ki, son bir neçə ildə internetə informasiya hücumları artmışdır.
İnformasiya
müharibəsi informasiya hücumu ilə həyata keçirilir. İnformasiya hücumunda
məqsəd:
·
idarə strukturunun, nəqliyyat axınının və kommunikasiya vasitələrinin
fəaliyyətinin pozulması;
·
mühafizə sisteminin sıradan çıxarılması;
·
kompüter sistemlərinin pozulması;
·
insan psixikasına təsir etmək;
·
əhali arasında narazılığın, ayrı-ayrı sosial qruplar arasında destruktiv hərəkətlərin təşkil
edilməsi və s.
İndiki
şəraitdə informasiya silahlardan da qorxuludur, onun gücü ilə döyüş strukturunu
sıradan çıxarmaq olar. Alman filosofu İohann Şeflerin təbirincə desək, söz ilə
bir ordunu ardınca aparmaq da olar, tək-tənha qalmaq da.
Deyilənlərdən
belə nəticəyə gəlmək olar ki, müasir texniki vasitələr informasiya müharibəsi
aparmağa imkan verir. Yaxşı olardı indi bütün qüvvələri səfərbər edib,
təhlükəsiz informasiya cəmiyyətinə nail
olaq.
Akif
Rüstəmov