Jurnalistika fakültəsinin tələbələri niyə televiziyaya üstünlük verirlər?- Diskussiya
11.11.16 13:48
6513
"Onların məqsədi jurnalist yox, məşhur olmaqdır”
Kiminə
görə "mavi ekran”, kiminə görə isə "sehrli qutu”dur televiziya. Məhz bu sehr
insanları özünə cəlb edir. Lakin jurnalistika fakültəsinin tələbələrinin
televiziyaya köklənməsi, bu sehrin cazibəsi deyil. Bəs onda nədir jurnalistika
fakültəsinin tələbələrini televiziyaya meylləndirən?
Bu sualın
cavabını Bakı Dövlət Universitetində jurnalistika fakültəsinin tələbələri ilə birgə
müzakirə etdik.
İslam Qədirli
- Düşünürəm
ki, jurnalistika fakültəsində oxuyub, ilk işini televiziyada başlamaq
istəyənlərin məqsədi jurnalist olmaq yox, məşhur olmaqdır. Gənclər müəyyən yaş dövründə
fikirləşirlər ki, mən məşhur olmalıyam. Ona görə də tələbələrin çoxu bu sahəyə daha
çox meyllənir. Daha onlar düşünmürlər ki, jurnalist olmaq üçün ilk növbədə yazmağı
bacarmalısan.
Turğay Camal: Turğay
İslamla razılaşmır. Peşəkar radio
jurnalisti olmağı qarşısına məqsəd qoyan Turğay deyir ki, televiziyaların daha
çox inkişaf etməsi jurnalistləri bu sahəyə yönəldir.
- Mənim fikrimcə,
burada əsas məsələ məşhurlaşmaq deyil. Bugünkü reallığı göz önünə gətirsək, televiziyaya
nisbətən radionun bir o qədər də perspektivli olmadığını görərik. Ümumi faiz dərəcəsinə
baxsaq, televiziya radionun və jurnalistikanın digər sahələrini müəyyən qədər qabaqlayır.
Qəzet isə ümumiyyətlə, əhəmiyyətini itirir. Onlayn qəzetlərə daha çox üstünlük verilir.
Kimsə qəzeti oxumaq üçün onu almır, sadəcə, elektron versiyasından istifadə edir.
Güntac Şahməmmədli Güntac
isə düşünür ki, qohum-əqrəba televiziyada görsün deyə, gənc jurnalistlərin
əksəriyyəti televiziyaya meyl edir.
- Televiziyaya
maraq adətən uşaqlıqdan yaranır. Çünki uşaq vaxtı daha çox televiziyaya baxırıq.
Bu da bizi televiziyaya meyllənməyə sövq edir. Keçən dəfə mən şəhərdə sorğu
keçirdim və respodentlərə "qəzet oxuyursunuzmu” sualı ilə müraciət etdim. Tələbələrin
və orta nəslin nümayəndələrinin iştirak etdiyi bu sorğuda 80 faiz qəzet oxumadığını
bildirdi. Səbəb kimi isə internet və televiziyanın onları qane etdiyini bildirdilər.
Bu gün insanlar üçün görüntü daha önəmlidir. Hər kəs fikirləşir ki, qohum-əqrəba
məni televiziyada görməlidir.
Nurlan Salamov: Nurlan
isə deyir ki, qohum-əqrəba yanında qürrələnmək üçün başqa ixtisaslaı da seçmək
olar. Jurnalistikanın əsasında məşhurluq yox, söz dayanmalıdır...
- Yazıdan qaçmaq
mümkün deyil. Çünki radio-televiziyanın da əsasında yazı dayanır. Verilişin ssenarisini
yazmadan onu ərsəyə gətirmək mümkün deyil. Bizim video, yaxud radioreportaj hazırlayan
dostlarımızın əksəriyyəti qəzet jurnalistikasına meylli olan tələbələrdən xahiş
edirlər ki, ssenarini hazırlasınlar. Amma sabah onlar haradasa çalışanda bütün işləri
özləri görməli olacaqlar. "Qəzet jurnalisti olmayacağam, yazı yazmaq nəyimə
lazımdır” düşüncəsi səhv yanaşmadır. Təkcə kamera ilə nəsə çəkməklə material hazırlanmır.
Tələbə bu fakültəyə gələndə öz yolunu seçib gəlməlidir. Məşhur olmaq, yaxud da
qohumlara diplom göstərmək üçün digər ixtisasları da seçmək olar. Amma sözdən istifadə
edə bilmir, yaxud yazı yaza bilmirsənsə, jurnalistikanı seçməməlisən.
Ulucay Akif: Ulucay
Nurlanın fikirlərini təsdiqləyir. Onun üçün qəzet hər zaman televiziyadan
önəmli olub.
- İlk
dinlərdən biri olan xristianlıq bu cümlələrlə başlayır ki, başda söz var idi.
Yəni sözün ilk materiya kimi qəbul olunması onun nə qədər önəmli olmasını
göstərir. Mənim üçün qəzet televiziyadan hər zaman üstün olub. Bunun əsas səbəblərindən
biri də televiziyanın indiki vəziyyətidir. Məndə telekanallara rəğbət yaranmır.
Qəzet sənətdir. Qəzet olmasa, televiziya da olmaz. Mən televiziyaya gedib, hörmətimi
itirəcəyəmsə, heç vaxt o sahəyə getmərəm. Əvvəl qəzetlər böyük tirajla nəşr olunur
və bütün bölgələrə paylanırdı. Sənin qəzetdə yazının çıxması bütün respublikanın
imzanı tanıması demək idi. İndi qəzetlər çox az tirajla çıxır. Bu da bir az insanda
stimulu aşağı salır. Bir var insanı üzünə
görə, biri də var sözünə görə tanımaq. Mən görünüşümə görə yadda qalmaq istəmərəm.
Qəzetlər əvvəlki vəziyyətinə qayıtmalıdırlar. Daha çox reklam və təbliğ olunarsa,
gənclərin də qəzetə marağı artar.
Ulucay Akif: Ulucay
deyir ki, qəzetçilik məktəbi keçib, televiziyaya gedənlər daha savadlıdılarr.
Amma jurnalistikaya televiziyadan
başlayanlar həmişə yazı yazmaq üçün kiməsə ağız açırlar.
- Universitetə
ilk dəfə gələndə müəllimlərimiz deyirdi ki, yaxşı jurnalist olmaq istəyirsənsə,
birinci müxbir olmalısan. Müxbirin işi isə yazmaqdan keçir. Yazmağı öyrənəndən sonra
jurnalistikanın başqa sahələrində işləmək daha yaxşıdır. Çünki onda sən sözün mahiyyətini
bilirsən.
Qoşqar Bəylərov: - Tələbələrin
əksəriyyəti fikirləşir ki, qəzetdə imza daha gec tanınır, həm də qəzet böyük zəhmət
tələb edir. Bu gün yalnız ziyalı kütlə qəzet oxuyur. Gənclər fikirləşirlər ki, televiziyaya
getsələr, daha tez uğur qazana bilərlər. Televiziyanın və radionun əsasında qəzetçilik
dayanır. Sözlə qazandığın hörməti başqa heç nə ilə qazana bilməzsən. Fikri sözlə
ifadə etməyi bacarmaq lazımdır. Əks halda yaxşı jurnalist olmaq mümkün deyil.
Gündüz Camalzadə: - Son vaxtlar
çap mediasının tirajı azalıb. Bəzən maliyyə çətinliklərinə görə, hətta qəzetlər
bağlanır. Lakin əvvəllər çap mediasında nəşr olunan yazıları hətta ucqar kəndlərdə
oxuyurdular. İndiki reallıqda radio televiziyanı daha çox üstələyir. Televiziya
kanallarındakı verilişlər demək olar ki, bərbad vəziyyətdədir. Fakültədə tələbələrin
seçimlərinə uyğun müəllimlər şərait yaradır. Jurnalistikada bacarıq məsələsi də
mühüm rol oynayır. Həşim Səhrablı
- Mən də fikirləşirəm
ki, tələbələr daha çox məşhurluğa görə televiziyaya üstünlük verir. Çünki insan
xüsusiyyəti buna meyllidir. Tələbələrin əksəriyyəti də fikirləşir ki, televiziya
daha perspektivlidir. Hər kəs istəyər ki, onun fikirləri daha geniş auditoriyaya
yayımlansın. Qəzetçiliyə üstünlük
verilməməsinin əsas səbəblərdən biri isə bu işin çətinliyidir. Bir çoxları çap mediasından
çəkinirlər. Televiziyada isə vaxt daha çoxdur və veriliş ərzində jurnalist özünü
sərbəst ifadə edə bilir. Çap mediasında isə fikri sözlə dolğun ifadə etmək elə də
asan məsələ deyil. Ona görə də yazı yazmağı bacarmayanlar digər sahələrə yönəlirlər.
Ulucay Akif:
- Hesab edirəm
ki, məşhurluğa bu qədər üstünlük vermək düzgün deyil. Çünki ölkədə hansı
jurnalistlərin məşhur olduğu göz qabağındadır. Kütlənin sevdiyi çox vaxt faydalı olmur. Telekanalların reytinq
qazanmasının əsas səbəbi məzmunsuz verilişlərin maraqla izlənməsidir. Bir çoxları
isə televiziya ilə başını qatır. Məqsədi, amalı olan biri dırnaqarası
məşhurluqdan uzaq olmalıdır. Mən belə məşhurluğu qəbul etmirəm. İstəyərəm ki, mənə
sərf edən təbəqə üçün məşhur olum. Sorğu keçirsək görərik ki, əslində ciddi veriliş
aparıcılarından heç biri tanınmır. Məşhur olanların əksəriyyəti bayağı
verilişlərin aparıcılarıdır. Qəzetdə işləyib, televiziyaya keçə bilərəm, amma bu
şərtlə ki, səviyyəmi qoruya biləcək bir veriliş olsun. Televiziyada işləsəm belə
heç vaxt sözün daşını atmaram. Viktor Hüqo deyirdi ki, mən ən çox məşhurlaşan şerlərimi
sevmədim, çünki onların yarasız olduğunu anlayırdım. Deməli nəyisə zəif yazmışam
ki, bu qədər çox sevilir.
Güntac:
- Bizim müəllimlərimiz
həmişə deyir ki, peşəkar olmaq istəyirsinizsə, öncə yazmağı bacarmalısınız. Gələcəkdə
istər radio, istər televiziya olsun, yazı yazmağı mütləq bacarmaq lazımdır. Seçim
etməli olsam, qəzeti seçərdim.
Ramal İbrahimov:
- Hər şey valideynin
uşağı maarifləndirməsindən asılıdır. Mən hələ görməmişəm ki, hansısa valideyn uşağına
qəzet oxutdursun. Ona görə də uşaqlar fikirləşir ki, qəzet sadəcə, yaşlı nəsil üçündür
və orada gənclər üçün maraqlı heç nə yoxdur. Uşaqları televiziyaya yönəldirlər.
Uşaqlar televiziyadakı görüntülərə aldanır və bu sahəyə maraqları artır. Uşaqlara
əyləncə daha maraqlı gəldiyinə görə, böyüyəndə də televiziyaya meyl artır. Fikrimcə,
burada əsas olan təbliğatdır. Sovet dövründə televiziya olsa da, qəzetin təbliğatı
böyük idi və ona görə də qəzet oxunurdu. Auditoriyada tələbələrin çoxu qəzetin tərəfdarıdır.
Lakin biz nə qədər desək də, bu gün ən çox gəlir də televiziya sahəsindədir. Düzdür,
qəzet jurnalistin formalaşmasında böyük rol oynayır. Hətta bir çox tanınmış yazıçılar
belə qəzet jurnalistikasında püxtələşiblər. Çətinlik- asanlıq məsələsində isə yoldaşlarımın
fikri ilə razı deyiləm. Televiziyanın jurnalistin formalaşmasında rolu çox böyükdür.
Burada sən nitqini aydın ifadə etməyi bacarmalısan. Bəzən sənin dediklərini izləyicilər
yanlış da anlaya bilərlər. Bütün sahələrin özünə uyğun çətinliyi var. Puşkin deyirdi
ki, əgər bütün fikirlərimizi sözlə ifadə ediriksə, bəs üç nöqtə nəyə lazımdır? İnsan
bəzən düşündüklərini sırf sözlə ifadə edə bilmir. Televiziyada jestlər və mimikalarla
fikrimizi tamamlaya bilirik. Televiziya insanları yönəldə bilir. Televiziyanın inandırma
bacarığı şəxsiyyətin özündən asılıdır. Televiziyada jurnalist nə qədər özünə əmin
danışırsa və düzgün məlumatlar verirsə, ona daha çox inanırlar.
Qoşqar:
- Qəzetlərin
əsas problemi maliyyə çatışmazlığıdır. Televiziyada jurnalistə işləmək üçün münbit
şərait yaradılıb, amma qəzetlərin əksəriyyətində belə deyil. Ona görə də qəzetlərin
nüfuzu aşağıdır.
Nurlan:
- Qəzetlərin
tirajı azala bilər, hətta qəzet satılmaya, hətta köşklərdə qala bilər. Lakin bu
o demək deyil ki, sizin yazınız oxunmur. Sayt vasitəsilə keyfiyyətli yazını hər
kəs oxuyur.
Həşim: - Bizdə ümumiyyətlə,
televiziya-jurnalistika anlayışı tamamilə səhv başa düşülür. Şou xarakterli verilişlər
jurnalistika hesab oluna bilməz. Belə verilişlərə çox baxıldıqca, hər kəs bu sahəyə
meyllənir. Bəzən savadlı jurnalistlər də buna aldanırlar. Jurnalistlər gördüyü işə
görə yox, verilişin şou xarakterinə görə tanınırlar.