• bazar, 15 Iyun, 15:55
  • Baku Bakı 22°C

“İspaniyanın ürəyi”ndən reportaj - BƏLƏDÇİ

14.06.25 02:40 199
“İspaniyanın ürəyi”ndən reportaj - BƏLƏDÇİ

Sevilya zərif binaları, daş döşənmiş küçələri, köhnə küçə lampaları və at arabaları, flamenkonun qızğın ritmləri, valehedici gitara səsləri ilə adamı ovsunlayır. Şəhər portağal, xurma ağacları, ərəb həyətləri və rəngli qapıları ilə tanınır.

Sevilya Əndəlusun paytaxtı olmaqla yanaşı, canlı tarixə, müxtəlif mədəniyyətlərin, dinlərin qarışığına və qədim ənənələrə malikdir. Üç min illik tarixi olan, romalıların, ərəblərin, normanların və bir çox başqalarının sahib olmaq uğrunda ölüm-dirim savaşı apardığı bir şəhərdir Sevilya. 

Bu gün bu narıncı şəhərə gələn hər bir insan ürəyində buradan kiçik bir parça götürür. Turistləri incəsənət, tarix, əyləncə və zəngin mədəniyyət qarşılayır. Sevilya keçmişin heyrətamiz görməli yerləri və qalıqları, zərif memarlığı və sehrli atmosferi ilə öyünən İspaniyanın ən füsunkar şəhərlərindən biridir. Sevilyaya “İspaniyanın ürəyi” də deyirlər: İspaniyanın mədəni və tarixi ürəyi. Şəhər ilk baxışdan ovsunlayır. Sevilya turistləri həm də Avropada ən təhlükəsiz şəhərlərdən biri olması ilə cəlb edir. 
Şəhər bütün dünyada Pasxa bayramı tədbirləri və aprel yarmarkası ilə məşhurdur. Səfərim aprel ayına təsadüf etdiyindən dini bayramın və yarmarkanın hazırlıqlarını müşahidə etmək fürsəti qazandım...

“Ortasından çay axan şəhərlər gözəl olur”

Şəhər turu Sevilyanın necə inkişaf etdiyi ilə bağlı tarixi səyahətə aparır. Triunfo meydanında - şəhərin mərkəzində UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş üç tarixi bina yerləşir. Dünyanın ən qədim saraylarından olan Kral Alkazar Sarayı, Hindistan Arxivi və Giralda Qülləsi olan Katedral - bütün Sevilyanı görə biləcəyiniz 90 metr hündürlüyündə zəng qülləsi... 
“Ortasından çay axan şəhərlər gözəl olur” deyimi təsadüfi deyil: yamyaşıl Qvadalkivir çayı şəhəri iki hissəyə - tarixi mərkəzə və düzənlik Trianaya ayırıb. 

Əndəlüsün füsunkar paytaxtında Şərq və Qərb mədəniyyətləri qəribə bir şəkildə toqquşur və qarışır. Şəhərin əsas cazibəsi orta əsr “Barrio Santa Cruz”un kiçik həyətlərində və dolama xiyabanlarında gizlənir.

Sevilya zərif binaları, daş döşənmiş küçələri, köhnə küçə lampaları və at arabaları, flamenkonun qızğın ritmləri, valehedici gitara səsləri ilə adamı ovsunlayır. Şəhər portağal, xurma ağacları, ərəb həyətləri və rəngli qapıları ilə tanınır. Sevilya - ispan həyat tərzindən zövq almaq üçün mükəmməl yerdir.

Küçələrdə gitaranın valehedici səsləri eşidilir. Şəhərin müxtəlif yerlərində ekspromt flamenko rəqsini görə bilərsiniz. 

Müsəlman qalasından kral sarayına

Sevilyaya səfər edənlərin görmək istədikləri ilk yer müsəlmanların tikdirdiyi, hazırda İspaniya kralının sarayı olan Alkazar sarayıdır. Bu kompleks memarlıq üslublarının heyrətamiz qarışığıdır. Saraya giriş biletləri onlayn qaydada və xeyli qabaqdan satılır, yerində bilet almaq mümkün deyil. Turistlər şəhərin düz mərkəzində yerləşən sarayı ziyarət etməklə ərəb dövründən orta əsrlərə, intibah və daha sonra barokko dövrünə qədər təkamülün şahidi olurlar. İlk dövrlərdə burada müsəlman qalası olub, sonra saraya çevrilib. Bu gün də kral ailəsi yuxarı otaqları iqamətgah kimi istifadə edir. Kral ailəsi üzvləri Sevilyaya gələndə məhz bu sarayda qalırlar. 

Kolumbun dəfn olunduğu kilsə

Sevilya Katedralı (Catedral de Santa María de la Sede) bir vaxtlar qədim məscidin minarəsi olan əzəmətli qülləsi ilə dünyanın ən böyük qotik kilsələrindən biridir. Kilsə məşhur səyyah Xristofor Kolumbun dəfn olunduğu yer kimi də məşhurdur. “Bu binanın tikintisinə 1400-cü ildə başlanıb.

Onun mənzərəli gözəlliyi Məsihin həyatından 45 füsunkar səhnəni əks etdirən qotik oymalarla bəzədilib”, - deyə bələdçi məlumat verir:  “İnşaatçılar bu kilsəni tikməyə başlayanda o qədər gözəl və əzəmətli bir şey yaratmaq istəyirdilər ki, insanlar onu uzun illər xatırlasınlar. Bu kilsəyə baxdıqda görürsən ki, onlar öz vəzifələrini uğurla yerinə yetiriblər”. Kilsəyə giriş biletinin qiyməti 13 avrodur. Hər həftə “Catedral de Sevilla” 100 pulsuz bilet təklif edir. Biletlər Katedrala və Giralda Qülləsinə giriş imkanı verir. Bu biletləri yalnız kafedralın rəsmi saytında almaq olur. 

Sevilyanın başqa bir simvolik binasının - Hindistan Arxivinin mövcudluğuna görə də ispanlar Kolumba borcludurlar. Axı səyyah ömrünün sonuna qədər Asiya qitəsinə çatdığına və Hindistanı kəşf etdiyinə əmin olub. Dünyanın ən böyük taxta binası olan Metropol Parasol da qonaqları xüsusi ilə cəlb edir. 

İspanların qəlbini fəth etmək

Sevilyada yerli əhali demək olar ki, ingilis dilini bilmir, ancaq bu dildə nəsə soruşanda öz dillərində həvəslə izah edirlər. Böyük mollar istisna olmaqla, küçələrdəki restoran və kafelərin çoxu xüsusi vaxtlarda açılır. Axşam saatlarında da əksəriyyəti yerli sakinlərlə dolu olur. Gündüz müəyyən saatlarda dükan və restoranların bağlı olma səbəbi isə ispanların sietası - gündüz istirahəti ilə bağlıdır. Buna “ispan yoqası” da deyirlər. Günorta istirahəti saat birdən axşam saat beşə qədər davam edir. “Bu zaman dükanlar bağlanır və ofis işçiləri nahar və günorta yatmaq üçün evə gedirlər. Siestadan sonra daha bir neçə saat işləyir, ardınca ispanlar nahar, sonra şam yeməyi yeyirlər. Axşamlar isə bütün kafe və restoranlar “zəbt” olunur. 
İspanlar çox ünsiyyətcildirlər və tanımadıqları adamlarla da söhbət etməkdən qaçmırlar. Onlar vaxtlarını şən keçirməyi xoşlayırlar. Çox səs-küylü, emosionaldırlar. Hətta onlarda belə deyim var: “Hər bir ispan uşağı həyatının ilk günlərindən səs-küyə öyrəşib və buna görə də hər yerdə - barda, restoranda və küçədəki hay-küydə yuxuya gedəcək”. 

Sevilyada əcnəbilərin ispan dilində danışa bilmələrinə heyranlıqlarını gizlətmirlər. İspan dilində bir söz, məsələn “hola” desəniz və yerli “Sevilya” klubuna azarkeşliyinizi bildirsəniz, onlara dünyanı bağışlayacaqsınız. 

Təranə Məhərrəmova
Bakı-Sevilya

 

banner

Oxşar Xəbərlər