İşləyə-işləyə həm dincələn, həm də yorulan xanım - Biznes
Hələ
tələbə ikən öz işini qurub. Ailə, uşaq və dərs məsuliyyəti ilə yanaşı, işinə də
vaxt ayırıb. Deyir ki, əgər sevdiyin işi görür və buna məsuliyyətlə
yanaşırsansa, o iş zamanla sənə istədiyini qazandıracaq. Sadəcə, səbirli və
çalışqan olmaq lazımdır. Müsahibimiz "Nazlı_Design”
onlayn mağazasının qurucusu Ülkər
İskəndərovadır.
Qeyd edək
ki, həmsöhbətim 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakalavr təhsilini
İqtisad Universitetinin ümumi iqtisadiyyat fakültəsində alıb. Həmçinin,
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində MBA proqramı üzrə magistr
təhsili alıb. Elə təhsil aldığı müddət ərzində də öz işini qurub.
- Öz işini quranlar adətən, müəyyən bir
yerdə çalışdıqdan sonra bu qərara gəlirlər. Bəs sizin öz işinizi qurmağınıza
səbəb nə oldu?
- Ümumiyyətlə, rəssamlıq,
dizayn və digər yaradıcı sahələr genetikdir. Yəni bu bacarıq sənin özündə
olmalıdır. Əgər həvəsin və bacarığın yoxdursa, nə qədər çalışsan da, olan
deyil. Ailəmizin dörd üzvü cərrah olduğuna görə, hər kəs mənim də həkim
olmağımı istəyirdi. Amma həkimlik peşəsi diqqətimi çəkmirdi. Daha doğrusu, mən
bir qədər fərqli sahə istəyirdim. Ailədə həkim olmağımı o qədər təkid etdilər
ki, axırda anama "əgər istəsən həkim olaram, ancaq o diplomu gətirib sənə
verəndən sonra yenidən İqtisad Universitetində oxuyacağam” dedim. Sonradan tale
elə gətirdi ki, İqtisad Universitetində təhsil aldım. Dekorasiyanı işə
çevirməyimin səbəbkarı isə həyat yoldaşım olub. Birinci kursda oxuyarkən qardaşımın toy ərəfəsi idi. Hələ onda şüşə yox,
həsir səbətlər dəbdə idi. İlk dəfə elə o zaman bu işə başladım. Bir neçə səbəti
bəzəyib hazırladım. Sonra bir çoxları tərəfindən işlərim bəyənildi.
Dekorasiyaya, bəzək-düzəyə o qədər həvəsim var idi ki, öz nişanımda mənə
gətirilən xonçaları bəzəyib geri qaytarırdım. Daha sonra "instagramda” bir neçə
səhifələrlə tanış olub qiymətlərlə maraqlandım. Onda başa düşdüm ki, bunu özüm
də düzəldib sata bilərəm. Əvvəlcə, valideynlərim etiraz etdilər, uşaqla çətin
olacağını dedilər. Həyat yoldaşım isə "əgər bacarığın varsa, niyə də etməyəsən”
dedi. Düzü, əvvəllər çəkinirdim. Çünki həm də həmin vaxt təhsil alırdım. Sonra
işlərimin bəyənilməsi bu işi qurmağıma sövq elədi.
- Bu gün
fərqli biznes sahələri mövcuddur. Sizin seçdiyiniz də maraqlıdır. Bəs niyə
dizayn sahəsini seçdiniz?
- Dekorasiya işləri bizdə bir
qədər genetikdir. Nənəm həkim olmasına baxmayaraq, gözəl tikiş işləri
bacarırdı. Elə bu həvəs də mənə ondan keçib. Hələ uşaq vaxtı muncuqdan
qolbaqlar toxuyur, cürbəcür bəzəklər tikirdim. Həmin vaxt atam dedi ki, əgər
sən dərslərini oxumaq əvəzinə muncuq düzsən, bunların hamısını atacağam. Elə o
vaxtdan da bu işi unutdum. Lakin illər keçdi, içimdəki həvəs ölmədi. Bu elə bir
həvəsdir ki, nə qədər qarşısını almaq istəsən də, yenidən üzə çıxır. Öz
qərarlarımı özüm verə biləndə, yenidən bu işə qayıtdım. Əgər köməyin və istəyin
varsa, heç nə çətin deyil.
- Biznesə başlayarkən artıq ailəli
idiniz, övladınız vardı. Ailəli bir xanımın biznesə başlamağı çətin olmadı ki?
- Əslində, əvvəlcə dizayn
işinə başlamaq istəmirdim. Çünki mən işgüzar qadın deyəndə, gözümün qarşısına
saat 9-da işə gedib axşam saat 6-da evə qayıdan xanımları gətirirəm. Nənəm,
anam, xalamın simasında bunu görmüşəm. Açığı, evdə oturub bəzəklər hazırlamağı
işləmək hesab etmirdim. Onda mənim ən böyük dəstəkçim və mentorum həyat
yoldaşım oldu. O, mənə "hələ təzə işə başlayırsan, bir müddət sonra öz
işçilərin olacaq və komanda şəklində işləyəcəksən, onda hər şey öz qaydasına
düşəcək” dedi. Sonra bir neçə işimi səhifəmdə paylaşdım. Gələn yazılara cavab
verdim. Hərdən bu işləri çatdıra bilmək üçün gecələr yuxusuz qalırdım. Amma
narazı deyiləm. İşimlə yanaşı, həm uşağıma, həm də ailəmə istədiyim zamanı
ayıra bilirəm. Heç öz gəzintilərimdən, əyləncəmdən də qalmıram. Qızım bağçaya
gedir. Bu müddətdə öz işlərimi görürəm. Həmin müddətdə digər səhifələri də
izləməyə vaxtım olur. Əvvəllər axşamlar mənim dərsim olurdu. Dərsdən sonra
dostlarımla da görüşməyə vaxt tapırdım. İndi artıq magistraturanı bitirmişəm.
Saat 6-ya qədər bütün işlərim hazır olur. Həm də, qızım artıq gözünü açandan
buna öyrəşib. Bəzən qızım özü də mənə kömək
edir. O yatandan sonra mən yenə öz işimə davam edirəm.
- İşə yeni başlayarkən gəlir məsələsi problem olur,
bu zaman çox adam həvəsdən düşür, işi yarımçıq buraxır. İlk vaxtlar gəliriniz
necə oldu?
- Açığı,
ilk vaxtlar gəlirim heç olmadı. Mən bu işə sıfır kapitalla başlamışam. Hamı elə
bilir ki, mən bunları kiminsə hesabına edirəm. Əslində nə atam, nə də öz ailəm
maddi baxımdan mənə dəstək olmayıblar. Düzdür, qarşı da çıxmayıblar, amma heç
bir maddi dəstəyim olmayıb. Hətta bəziləri xonça bəzəyəcəksənsə, niyə oxuyurdun
deyirdilər. Amma mənim təhsil aldığım sahə işimlə birbaşa əlaqəlidir. İxtisasım
biznesin təşkili və idarəedilməsidir. Magistraturada isə marketinq sahəsini
oxumuşam. İndi öz marketinq biliklərimi işimdə tətbiq edirəm. Onu da deyim ki,
magistr ixtisasımı sırf bu işə görə almışam. Əgər təhsil almasaydım, bazarda
olan alverçilərdən heç bir fərqim olmazdı. Təhsil aldığını biləndə, müştəri də
sənə fərqli yanaşır. Onlar mənə sadəcə, "xonça düzəldən” deyil, mağaza
təsisçisi kimi yanaşırlar. Daha sonra marketinq forumlarına qatılmağa başladım.
Orada məni «Nazlı» onlayn mağazasının təsisçisi kimi təqdim etdilər. Bu, mənim
üçün elə ən böyük gəlir deməkdir. Əsas olan həvəs və istəkdir. Çünki biznes elə
bir sahədir ki, burada həm qalxa, həm də enə bilərsən. Əgər nə vaxtsa həvəsdən
düşsən, həmin gün batacaqsan. Mən də bu işi öz həvəsim olduğu üçün edirəm.
Mənim üçün gəlir elə də önəmli deyil. Əlbəttə, gələcəkdə dekorasiya qrup
şirkətini yaratmaq istərdim və bunun üçün isə gəlir önəmlidir. Amma hələlik
əldə etdiyim gəlir gələcək planlarımı həyata keçirmək üçün kifayət deyil. Bunun
üçün uzun müddət vaxt lazımdır. Bəzən həvəsdən düşürəm, pessimizmə qapılıram. "Qəpik-qəpik
yığdığım pulu nə vaxtsa mağaza açanda batırsam, nə edərəm” sualını verib, düşünürəm.
Onda yoldaşım deyir ki, təzədən başlayarsan. Önəmli olan yıxıldıqdan sonra
ayağa qalxmağı bacarmaqdır.
-
İşçiləriniz varmı? Özünüz hansı işləri
görürsünüz?
- Hələ ki,
işçi götürmək barəsində fikirləşmirəm. Bu yaxınlarda Fransadan qonaqlarımız
olmuşdu. Onlar mənim işlərimlə tanış olanda peşəkar bir komanda ilə işlədiyimi
düşündülər. Biləndə ki, bunların hamısını təkbaşına etmişəm, inanmadılar. Düzü,
onları inandırmaq bir az çətin oldu. Həm müştəriyə cavab vermək, həm iş görmək
böyük vaxt tələb edir. Bəzən isə dosta-tanışa hazırladığım dekorasiyaları
hədiyyə edirəm. Mənim üçün əsas olan bu işi görməkdir. Uzun müddət heç bir
gəlirsiz, yəni maya dəyərinə işləmişəm. Hətta elə olub ki, öz cibimdən pul
qoyub əlavə bəzəklər almışam. Bəzən işə görə qurban verməli olursan. Mənə görə,
müştəri məmnuniyyəti hər şeydən önəmlidir.
- Biznesinizlə bağlı gələcək planlarınız
nədir?
-
Gələcəkdə "Nazlı Decoration Group” şirkətimi yaratmaq istəyirəm. Amma işçilərlə
rəhbər arasındakı münasibətlər məni indidən narahat edir. Ona görə də indidən
araşdırmalar edirəm. Sırf buna görə marketinq forumlarına qatılıram. Biznes
adamlarının çıxışlarından yeni nələrisə öyrənirəm. Təkcə müştəri ilə deyil, həm
də işçi ilə davranmağı bacarmaq lazımdır. Sən işçini məmnun etsən, işçi də
sənin müştərilərini məmnun edəcək. İşçi iş xətrinə işləməməlidir. İşçidə işə
motivasiya yaratmağı bacarmaq lazımdır. Mən indi ən çox bunu öyrənməyə
çalışıram. Əgər işçilərin gördüyü işi bilməsəm, narahat olaram. Ona görə də
indi həm qrafik dizayn, memarlıq, dərzilik, bir sözlə işimlə bağlı hər şeyi
öyrənmək istəyirəm. Çünki öz şirkətimi gələcəkdə böyük miqyasda təsəvvür
edirəm. Professional şəkildə olmasa da, ən azından müəyyən şeyləri öyrənmək
istəyirəm. Özüm işin içində olmağı sevirəm. Gələcəkdə bu işi öyrədəcəyim, öz yetişdirdiyim
tələbələrin olmağını istərdim və onlarla birlikdə böyük bir komanda qurmağı
arzulayıram.
- Vaxtınızın
çox az olduğunu deyirsiniz. Boş vaxtınız olursa, onu necə dəyərləndirməyi
sevirsiniz?
- Demək
olar ki, boş vaxtım olmur. İşləyə-işləyə həm dincəlir, həm də yoruluram. Elə
olub ki, bir işin üzərində 13 saat işləmişəm. Hərdən işdən yorulub bezəndə
özüm-özümü motivasiya edirəm ki, məqsədə çatmaq üçün əziyyətə qatlaşmaq
lazımdır. Gələcəkdə marketoloq olaraq işləmək istərdim. Bunu isə artıq zaman
göstərəcək.
- Azərbaycanda biznes qurmağın çətin olduğunu deyirlər. Çox adam bu fikri
əsas götürüb, ideyası olsa da, işə başlamır. Öz işini quran bir gənc olaraq
həmyaşıdlarınıza nə məsləhət görərdiniz?
- Öz işini qurmaq istəyənlərə demək
istərdim ki, qazanc fikirləşməsinlər, həmçinin, oturub başqalarının qazancını
da hesablamasınlar. Çünki heç nə kənardan göründüyü kimi sadə deyil. Düzdür,
gəlir olmadan iş görmək də mümkün deyil. Ancaq pul gətirəni yox, sevdikləri işi
görsünlər. Əgər öz sevdiyin işi görsən, zamanla o iş sənə pul da, hörmət də,
sevgi də gətirəcək. Ən önəmlisi isə məsuliyyətli olmaqdır. İş məsuliyyətsizliyi
sevmir. Sevmədiyin işdən çoxlu pul qazana bilərsən, amma onun ləzzəti
olmayacaq. Mən ilk vaxtlar ona görə pulsuz işləyirdim ki, müştərilərə
fərqli-fərqli işlərimi göstərə bilim. Başqasının etdiklərini yox, sırf öz
işimi. Gənclərə də bunu tövsiyə edərdim.
Şəbnəm Mehdizadə