• cümə, 19 Aprel, 21:26
  • Baku Bakı 24°C

İslahatlarla bağlı məlumatlandırma kampaniyası aparılacaq

05.10.22 18:31 602
İslahatlarla bağlı məlumatlandırma kampaniyası aparılacaq

Vergi orqanları ilə vergiödəyiciləri arasında qarşılıqlı etimadın artırılması və vergi siyasətinin müəyyənləşdirilməsində ictimai əməkdaşlığın iştirakı, dövlət-biznes münasibətlərində aydın münasibətlərin qurulması vergi orqanının daim diqqət mərkəzindədir.

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib: “Hesab edirəm ki, bizim təmaslarımız vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsində və vergiödəyicilərinin vergi öhdəliklərinə əməletmə səviyyəsinin daha da yüksəldilməsinə öz töhfəsini verir və gələcəkdə də verəcək. Bu kontekstdən çıxış edərək, “Əlverişli Biznes Mühiti” layihəsinin böyük bir komponenti ticarət palataları və assosiasiyalarla işin aparılmasını əhatə edir. İşçi Qrupun tərkibində hazırlanacaq islahat layihələrində özəl sektorun və vətəndaş cəmiyyətinin rəyinin müntəzəm və sistemli qaydada nəzərə alınmasına imkan verən mexanizm mövcuddur. Burada biznesin problemləri ilə yaxından və dərindən tanış olan konsaltinq şirkətləri və biznes assosiasiyaları, ictimai birliklər, beyin mərkəzləri, elm dairələri, müxtəlif dövlət qurumları, publik hüquqi şəxslər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müəssisə və təşkilatların mütəxəssisləri və müstəqil ekspertlər təmsil olunur”.

Dövlət Vergi Xidmətinin rəsmisi vurğulayıb ki, bununla yanaşı, vergi sistemində islahatlarla bağlı böyük bir məlumatlandırma kampaniyasının aparılması, işgüzar cəmiyyəti, biznesi narahat edən məsələlərlə bağlı təkliflərin alınması (“feedback” sistemi) məqsədilə müvafiq sorğuların keçirilməsi nəzərdə tutulur.

N.İmanov hökumət, özəl sektor və vətəndaş cəmiyyətinin fəal dialoqu çərçivəsində qurulan bu əməkdaşlığın milli vergi sisteminin daha da irəli aparılmasına və iqtisadi islahatların təşviqinə böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

banner

Oxşar Xəbərlər