• cümə axşamı, 25 aprel, 14:53
  • Baku Bakı 23°C

İslahatların dərinləşməsi parlamentin yeniləşməsini zəruri edir

03.12.19 17:33 1887
İslahatların dərinləşməsi parlamentin yeniləşməsini zəruri edir
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyətdən də yan keçməməlidir

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının ötən həftə keçirilən iclasında partiyanı Milli Məclisdə təmsil edən deputatlara parlamentin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etmək tövsiyə olunub. Həmin tövsiyəyə uyğun olaraq, dekabrın 2-də Milli Məclis YAP-ın qanunverici orqanın buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətini müzakirə edib. Müzakirələrdən sonra Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması haqqında Azərbaycan Prezidentinə müraciət qəbul edib. Dövlət başçısı İlham Əliyev "Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib. Ümumilikdə bu hadisə ölkə ictimaiyyətinin geniş müzakirəsinə səbəb olub. Mütləq əksəriyyət Prezident İlham Əliyevin həyata keçirdiyi islahat konsepsiyasına və onun uğurlarına dəstək ifadə ediblər. Prezident Administrasiyası, Nazirlər Kabineti, idarəetmə orqanları, bütövlükdə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatlar rəğbətlə qarşılanıb. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər nəzərə alınaraq, qanunvericilik fəaliyyətində də islahatların dərinləşməsinin, parlamentin yeniləşməsinin zəruriliyi vurğulanıb.
Milli Məclisin deputatı Sahib Alıyev mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, 1995-ci ildən indiyə qədər Azərbaycan parlamentarizmi yeni müstəqillik əldə edən ölkələrin çoxundan müsbət anlamda fərqlənib. Onun sözlərinə görə, bu fərqlilik ondan ibarətdir ki, Azərbaycanda bu vaxta kimi başqa dövlətlərin, yaxud lobbi qruplarının təsiri altında hər hansı bir qanun qəbul edilməyib. Millət vəkili deyib ki, ötən illər ərzində Milli Məclis ancaq Azərbaycan dövlətinin və xalqının maraqlarından çıxış edib, adındakı milliliyi doğruldub: "Ölkəmizdəki sabitlik həm də bundan və hakimiyyətin müxtəlif qolları arasında ziddiyyət yox, səlahiyyətlərin dəqiq bölgüsü və sərhədi çərçivəsində səmərəli əməkdaşlığın, harmoniyanın olmasından qaynaqlanır. Sirr deyil ki, bəlli çevrələr ayrı-ayrı dövlətləri özlərindən tam asılı vəziyyətə salmaq üçün bəzən həmin dövlətlərdə hakimiyyətin qolları arasında ziddiyyət yaratmaq metoduna əl atırlar. Nəticədə onu görürük ki, hətta Azərbaycandan dəfələrlə böyük insan və iqtisadi potensialı olan bəzi dövlətləri bir sıra hallarda xalqın seçdikləri deyil, başqa ölkələrin səfirləri yönəldirlər”.
S.Alıyev Azərbaycanda növbədənkənar parlament seçkisinin hansısa siyasi böhranla, yaxud bəzi ölkələrdə olduğu kimi, çevrilişlə hakimiyyətə gələnlərin baş vermiş prosesin nəticəsini kapitallaşdırmaq cəhdi ilə bağlı olmadığını dilə gətirib. O qeyd edib ki, belə bir təşəbbüslə hakimiyyət partiyası özü çıxış edib: "Oxşar təcrübələr də az deyil. Sadəcə onu deyim ki, hakimiyyətin və hakimiyyətdəki Nur Vətən Partiyasının təşəbbüsü ilə qonşu Qazaxıstanda indiyə kimi 5 növbədənkənar parlament seçkisi keçirilib. Təşəbbüsçülər bu seçkilərin hamısında öz məqsədlərinə çatıblar. Azərbaycanda da Yeni Azərbaycan Partiyası belə bir təşəbbüslə çıxış edib. Bu, oradakıların ilk növbədə öz liderlərinə və partiyalarının potensialına əminlikdən qaynaqlanır. Fikrimcə, YAP belə bir addımı həm də ona görə atdı ki, sədrləri cənab İlham Əliyevin xalq arasında reytinqinin fövqəladə yüksəkliyini görür və digər partiyaların rəqiblik potensialının özlərininkindən dəfələrlə aşağı olduğunu yaxşı bilirlər”.
Millət vəkili müxalifətin baş verənlərə verdiyi reaksiyaya da münasibət bildirib: "Əgər hər hansı bir partiya nə vaxt keçirilməsindən asılı olmayaraq, seçkiyə hazır deyilsə, bunun suçunu özündə, öz liderində axtarmalıdır. Biz bunu hazırda seçkini boykot etmək istəyənlərin timsalında da görürük. Onların başında duran şəxs deyir ki, guya hakimiyyət nəticələr saxtalaşdırıldığı halda xalqın soyuğa görə küçələrə çıxmaq istəməyəcəyini bildiyi üçün seçkini qışda keçirir. Bilirsiniz, bu, hətta primitivlik də deyil. Olsa-olsa sistemdən kənar müxalifət adlandırılanların, həm də xalqdan kənar olmalarının növbəti təsdiqidir. Onlar bununla Azərbaycan xalqını komfortist və öz haqqını tələb etməyən toplum kimi qələmə verərək aşağılayırlar. Xalq da bunu görür və bilir. Ona görə də onlar bu gün harada olmalıdırlarsa, elə oradadırlar və orada da qalacaqlar”.
Siyasi şərhçi Nəzakət Məmmədova isə hesab edir ki, ölkəmizdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan islahatlar real olaraq, əsl mahiyyətinə, Azərbaycan xalqının öz iqtidarından olan gözləntilərinə uyğun şəkildə davam etməkdədir. O, qəzetimizə açıqlamasında deyib ki, Prezidentin qətiyyətli və cəsarətli qərarları xalqımız tərəfindən təqdirəlayiq addımlar kimi qəbul edilir, alqışlanır: "İslahatlar ölkənin bütün sahələrini əhatə etməkdədir. Ölkəmizin vətəndaşları bu islahatlardan çox şey gözləyir və ölkə başçısı bu etimadı doğrultmaq üçün bütün resursları, zəngin bilik və təcrübəsini səfərbər edib. Bildiyimiz kimi, hakimiyyətin üç müstəqil qolu var: qanunvericilik, icra və məhkəmə. Dərin, köklü, çoxşaxəli islahatlar prosesi icra strukturlarını tam əhatə edib və belə bir şəraitdə hakimiyyətin digər əsas qolu olan qanunvericilik qanadı proseslərdən kənarda qala bilməz”.
Siyasi şərhçi bildirib ki, aparılan məqsədyönlü islahatlara adekvat olaraq, zamanın çağırışları ilə ayaqlaşmaq, proseslərə bütün gücü ilə qoşulmaq üçün parlamentin buraxılması və növbədənkənar yeni seçkinin keçirilməsi məsələsi ölkəmizin siyasi və ictimai gündəmindədir: "Hakim partiyanın təşəbbüsü ilə növbədənkənar seçkilərin keçirilməsi təqdirəlayiqdir və əgər prosedur nəzərdə tutulduğu qaydada davam edərsə və növbədənkənar yeni seçki keçirilərsə, xalqımızın doğru seçim edərək layiqli insanları millət vəkili seçməsinə inanmaq olar. Getdikcə insanların siyasi savadı, dünyagörüşü, ən əsası da ölkə prezidentinin apardığı real, praqmatik, milli maraqlara uyğun yeridilən siyasət nəticəsində demokratiyaya inam artır”.
N.Məmmədova qeyd edib ki, radikal qüvvələr hər zaman olduğu kimi bu dəfə də seçkiləri boykot edərsə, bu, onların məğlubiyyəti əvvəlcədən qəbul edərək geri çəkilməsi kimi qəbil ediləcək.

Alpər TURAN
banner

Oxşar Xəbərlər