• bazar, 13 Oktyabr, 11:27
  • Baku Bakı 18°C

İsa Qəmbər və Əli Kərimli son anda məsuliyyətin altına girməkdən qaçdılar

12.09.13 11:49 7750
İsa Qəmbər və Əli Kərimli son anda məsuliyyətin altına girməkdən qaçdılar
Milli Şura yaradılarkən bu qurumun cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənəcəyi, həmçinin müxalifətin birliyinə çevriləcəyi bildirilirdi. Lakin Milli Şura daxilində baş verən proseslər əvvəlcədən verilən bəyanatlarla reallığın üst-üstə düşmədiyini göstərdi. Uzun çək-çevirdən sonra Rüstəm İbrahimbəyovu özlərinə namizəd edənlər qısa vaxtda seçimlərində yanıldıqları gördülər. Son anda Cəmil Həsənlini vahid namizəd edib vəziyyətdən çıxmağa çalışdılar. Lakin bu da Milli Şuranı parçalanmadan xilas edə bilmədi. AXC-Müsavat partiyaları və Eldar Namazov arasındakı narazılıq açıq müstəviyə keçdi. Ardınca Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Milli Şuranı tərk etdi. Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin Milli Şura əleyhinə söylədiyi fikirlərdən sonra, onun da bu qurumla vidalaşacağı söylənilir. Bütün bu proseslərlə bağlı “Kaspi”nin suallarını ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva cavablandırır.
-Zəminə xanım, Milli Şura daxilində baş verən fikir ayrılığını, narazılığı nə ilə əlaqələndirirsiniz?
-Hələ Milli Şura yaradılmamışdan öncə ACP birlik təşəbbüsü ilə çıxış etmişdi. İctimai Palatada mən çıxış edərək, bu təşəbbüs barədə fikrimi, partiyanın mövqeyini ortaya qoydum. Hələ o zaman bu qaraguruhçular mənim təklifimi səs-küylə qarşıladılar. Onda çıxışımı davam etdirərək bildirdim ki, illər keçsə də, müxtəlif birliklər yaransa da, nə sizlərin demokratlığı, mədəniyyəti var, nə də həqiqi birliyi. Cəmiyyətin tələbi idi ki, özlərini demokratik adlandıran qüvvələr sözün həqiqi mənasında bir olsunlar. Lakin onlar arasında düşmənçilik toxumu səpilib. Başlayıblar bir-birilərini “yeməyə”. Söz-söhbət olan yerdə isə ot da göyərmir. Ona görə də Milli Şurada belə problemlər özünü göstərdi. Buna bir səbəb də bu qurumu yaradanların niyyətinin öz şəxsi maraqlarını təmin etmək istəmələri oldu. Onlar cəmiyyətin, xalqın maraqlarını deyil, öz mənafelərini güdürdülər. Şəxsi maraqlar naminə yaradılan Milli Şuranın belə aqibəti gözlənilən idi.
-İkili vətəndaşlığı, başqa ölkə qarşısnda öhdəliyi olan Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri, ardınca vahid namizədi seçilməsi nə dərəcədə düzgün addım idi?
-Bu məsələdə birinci yanlışlıq Rüstəm İbrahimbəyovun özündə idi. Özünü prezidentliyə namizəd sayan bir adam ilk öncə özünü tanımalı, rəhbərlik etmək istədiyi cəmiyyətə özünü tanıtmalıdır. Bununla bərabər, ölkə rəhbərliyinə iddialı şəxs yerli qanunları da dərindən bilməlidir. Əgər Rüstəm İbrahimbəyov bütün sadalananları yaşayan, bilən bir adam olaraq, bilərəkdən buna getmişdisə, onun hərəkəti bağışlanılan deyil. Yox, əgər bilməyərəkdən edibsə, bunun özü də qəbahətdir. Necə olur ki, cəmiyyətdə tanınan, az-çox nüfuzlu bir şəxs prezident olmaq istəyir, ancaq qanunvericilikdən xəbəri yoxdur? Belə çıxır ki, o, Azərbaycan Konstitusiyası, ölkə qanunları barədə məlumatlı deyil. Bundan başqa, hadisələrdən belə nəticə çıxır ki, Rüstəm İbrahimovla bərabər, onunla işbirliyinə gedən şəxslər eyni səviyyədə səhvə yol verib.
-Hazırda Milli Şuranın namizədi Cəmil Həsənlidir. Səhv etmirəmsə, Siz vaxtilə onun namizədliyinin əleyhinə səs verən şəxslərdən olmuşdunuz. Bu mövqeyinizi necə izah edərdiniz?
-Bu mövqeyi nümayiş etdirmək üçün əsası mənə Cəmil Həsənli özü vermişdi. Avqustun 12-dəki iclasda Gültəkin Hacıbəyli professor Cəmil Həsənlinin namizədliyini irəli sürdü. Hansı ki, bundan bir qədər əvvəl Rüstəm İbrahimbəyovun namizədliyində israrlı idi. Həmin iclasda Cəmil Həsənli onun namizədliyinin irəli sürülməsinə etiraz olaraq fikir bildirdi. Dedi ki, prezident seçkisi, prezidentliyə namizədlik sıradan bir iş deyil. Bu, çox mühüm, məsuliyyətli bir işdir. Cəmil Həsənli bu məsuliyyətin altına girməyi hər kəsin, o cümlədən özünün işi olmadığını açıq şəkildə bəyan etdi. Yəni, bu yükün altına girmək üçün özünü hazır saymadı. Avqustun 23-də keçirilən iclasda isə tamamilə fərqli mənzərənin şahidi olduq. Cəmil Həsənlinin namizədliyi təkrar gündəmə gəldi. Bu zaman o, ayağa durub dedi ki, məndən prezidentliyə namizəd də olar, prezident də. Üstəlik seçkilərdə tam qələbə çalacağını söylədi. Bu absurd bir şey idi. Bir adamın bir-birini təkzib edən fikirlər söyləməsi məni düşündürməyə bilməzdi. Hansı ağılın sahibi olmalısan ki, 10 gün əvvəl prezidentliyin ağır, məsuliyyətli iş olduğunu, buna hazır olmadığını deyəsən, 10 gün sonra isə prezidentliyə ancaq özünü layiq biləsən? Layiq olub-olmamağı bir tərəfə, üstəlik qalibiyyətdən danışasan. Bax, Cəmil Həsənlinin öz iradəsi ilə deyil, kimlərinsə təsiri altında qərar qəbul etməsi, fikrini tez-tez dəyişməsi, məni belə bir mövqe sərgiləməyə məcbur etdi. Həmin iclasda iradımı ona, eləcə də toplantı iştirakçılarına çatdırdım. Əsl gerçəklikdə, Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsi ilə bağlı qısa müddətdə oyun oynanıldı. Birinci dəfə Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürüləndə İsa Qəmbər kinorejissorun Azərbaycana gəlməyəcəyini əsas tutub Müsavat Divanının özü barəsində çıxardığı qərarını gündəmə gətirdi. O, namizədliyinin qüvvədə qaldığını, bu şansı heç kimlə paylaşmayacağını bəyan etdi. AXCP Ali Məclisi də Əli Kərimlinin namizədliyini irəli sürdü. Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcəyi təqdirdə AXCP sədrinin namizədliyini dəstəkləyəcəyini bildirdi. Avqustun 23-də isə həm İsa Qəmbər, həm də Əli Kərimli susub Cəmil Həsənlinin namizədliyini dəstəklədilər. Aylardır insanların səbrini tükədən, müxtəlif bəyanatlar verən İsa Qəmbər və Əli Kərimli son anda məsuliyyətin altına girməkdən qaçdılar. Bunu anlamaq üçün sadə məntiq kifayətdir.
-Prezident seçkilərində Cəmil Həsənlinin uğur qazanması, müxalifəti indi düşdüyü vəziyyətdən çıxarması mümkündürmü?
-Onun uğur qazanmasından ümumiyyətlə danışmağa dəyməz. Fikrimcə, müxalifət liderlərindən kimsə vahid namizəd olsa növbəti il üçün insanlarda müəyyən ümidlər qala bilərdi. Lakin Cəmil Həsənlinin demokratik qüvvələrin vahid namizədi kimi seçkiyə getməsi uğursuzluqla yanaşı, insanlarda olan son ümidi də tükədəcək. Ona görə də Cəmil Həsənlinin namizədliyini kökündən yanlış atılmış addım hesab edirəm. Yaxşı olardı ki, o, avqustun 12-də verdiyi qərarın üstündə dayanardı.
-Hazırda Milli Şurada təmsil olunan AXC-Müsavat partiyaları və Eldar Namazov, həmçinin onun tərəfdarları arasında narazılıq müşahidə edilməkdədir. Hətta ikincilərin Milli Şuranın iclasını boykot etdiyi də bildirilir. Siz bu hadisələri necə qiymətləndirirsiniz?
-Bunların bir yerə toplaşması xalqın maraq və mənafeyi xətrinə deyildi. Onları birləşdirən şəxsi maraqlar idi. Bu gün həmin maraqlar üst-üstə düşmədiyindən, toqquşduğundan Milli Şurada belə hadisələrin şahidi oluruq. Onların şəxsi maraqlarının nədən ibarət olduğu da cəmiyyətə sirr deyil. 20 ildir ki, özlərini demokrat, ata-ana müxalifət adlandıran bu qüvvələr, siyasi liderlər hər 5 ildən bir, seçkidən seçkiyə öz azuqələrini yığmaqla məşğuldurlar. Bunun üçün də hər cür sifətə düşürlər, təki növbəti 5 ildə onlar normal dolansınlar.
-“EL” Hərəkatının təmsilçisi Əflan İbrahimov mətbuata açıqlamasında Eldar Namazova istinadən deyib ki, Əli Kərimli və digər müxalifət liderləri Azərbaycanda iğtişaşlar törətmək, xaos yaratmaq fikrindədirlər. Sizcə iğtişaşlar törətmək, qarşıdurma, xaos yaratmaqla hakimiyyətə gəlmək düzgün mübarizə metodurmu?
-Əflan İbrahimovun söylədiyini bir kənara qoyaraq, gəlin görək, bunlarda o güc, o qüvvə varmı ki, deyilənləri həyata keçirsinlər? Kənardan baxan o liderlərin gücsüzlüyünü gördüyü halda, onlar bunu daha aydın hiss edirlər. Bu adamlar heç nəyə qadir deyillər. Bunlar boş-boş vədlər vermək, “ac-quru bəy” kimi gurultulu bəyanatlar səsləndirməklə məşğuldurlar. Əllərindən yalnız bu gəlir. Heç vaxt etdim və ya etdik demirlər. Digər tərəfdən, bütün hallarda hakimiyyətə gəlmək yalnız demokratik seçki yolu ilə mümkündür.
-ALP lideri Lalə Şövkət Milli Şuradan getməklə yanaşı, Müsavat rəhbərliyi ünvanına sərt ittihamlar da səsləndirdi. Siz L.Şövkətin bu, qəfil qərarını nə ilə əlaqələndirərdiniz?
-Lalə xanım Azərbaycanda, eləcə də siyasətdə sıradan bir qadın deyil. Kifayət qədər potensialı, nüfuzu, hörməti olan, siyasi cəhətdən yetkin şəxsdir. Lalə xanımın müxalifətə gəlişinin özü müxalifətçilər üçün böyük şans idi. Ona görə də müxalifətin ona marağı olmalıydı. Lalə xanım iqtidarda da, müxalifətdə də təmsil olunub. Hazırda iqtidarla müxalifətdə olanların fərqini də yaxşı bilir. Etiraf edir ki, indiki müxalifətlə işləmək, bir yol getmək mümkün deyil. Lakin onun, eləcə də Rəsul Quliyevin Milli Şuradan uzaqlaşdırılması barədə ilk fikir həmin qurumdakı Sultanlı adlı bir nəfərdən gəldi. Halbuki Lalə xanımın Milli Şurada təmsil olunması, hətta adının bu qurumda hallanması oradakılara şöhrət gətirirdi. Sultanlıdan sonra da ona oxşar fikirlər səsləndirildiyindən, sonda Lalə xanım da Şuradan kənarlaşdı. Əslinə baxsaq, həm Lalə Şövkət, həm də Rəsul Quliyev gələcəkdə xalqın qınağına tuş gəlməmək üçün Milli Şuraya qoşulmuşdular. Əgər bunu etməsəydilər digər siyasi partiya liderləri deyəcəkdilər ki, bu iki şəxs və onların partiyası pozuculuqla məşğul olur, müxalifətin birliyinin əleyhinə mövqe nümayiş etdirirlər.
-Sizin də qeyd etdiyiniz kimi ACP lideri Rəsul Quliyevin də Milli Şuradan çıxarılması gündəmə gətirilir. Buna səbəb kimi onun indiki durumda Milli Şuraya ancaq ziyan vurmaqla məşğul olması göstərilir. R.Quliyevin də L.Şövkət kimi addım atacağı gözlənilirmi?
-Milli Şuradakılar olan yerdə onlara ayrı düşmən, ayrı pozucu lazım deyil. Vaxtilə bu fikri AXC və Müsavat partiyaları üçün də demişdim. Onların özləri Milli Şuranın dağılması üçün bəs edir. Digər tərəfdən, Rəsul Quliyev mətbuata açıqlamasında deyim ki, Milli Şura öz sıralarından məni azad edəcəyi təqdirdə, buna ancaq sevinəcəm. Yəni, Rəsul Quliyev üçün Milli Şurada olmaq o qədər də vacib deyil. Milli Şura yarananda tamamilə başqa ideya var idi ortada. Lakin zaman keçdikcə, hadisələr inkişaf etdikcə icraçılar Milli Şuranı bu səviyyəyə gətirib çıxardılar. Cəmil Həsənlinin də namizədliyi irəli sürüləndən Rəsul bəy deyir ki, o, heç bir uğur qazanmayacaq. Belə olan halda Rəsul Quliyevin Milli Şurada qalmaq marağı yoxdur.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər