• çərşənbə axşamı, 19 mart, 08:00
  • Baku Bakı 8°C

İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir

30.05.23 21:30 1097
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir

Rəqəmsal iqtisadiyyata keçid müasir qloballaşma şəraitində dünya iqtisadiyyatının ən önəmli və strateji hədəflərindən biridir.

AZƏRTAC xəbər verir ki, İKT-nin yaranması və yayılması dünya iqtisadiyyatına – məhz rəqəmsal iqtisadiyyatın yaranmasına əhəmiyyətli təsir göstərib. Rəqəmsal mexanizmlər sürətlə iqtisadiyyatın daha dərin qatlarına sirayət etməkdədir. Bunun sayəsində iqtisadiyyatın yeni hədəflərinin və strateji prioritetlərinin müəyyənləşdirilməsi strategiyasından rəqəmsal iqtisadiyyata keçid xüsusi önəm kəsb edir.

Qeyd edək ki, rəqəmsal iqtisadiyyat qlobal miqyasda çox sürətlə inkişaf etməklə, bütün dünyada innovasiyaların, rəqabətqabiliyyətliliyin və iqtisadi artımın mühüm hərəkətverici qüvvəsi qismində çıxış edir.

Bu baxımdan, hazırda rəqəmsal iqtisadiyyatın miqyası ilə bağlı hesablamalar, bu göstəricinin qlobal ÜDM-in təqribən 4,5-15,5 faizi arasında dəyişdiyini göstərir. Rəqəmsal iqtisadiyyatın təqdim etdiyi rəqəmsal informasiyalar və ya verilən bazaları iqtisadi inkişaf məqsədləri və sosial-iqtisadi problemlərin həlli istiqamətində geniş istifadə edilməklə, iqtisadi siyasətin effektivliyinin artırılması üçün böyük imkanlar açır.

Son illər ölkəmizdə sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması məqsədilə bir çox dəstək mexanizmləri işə salınıb. Bunlara misal olaraq, Azexport.az portalının, Rəqəmsal Ticarət Qovşağının və Bir Pəncərə İxraca Dəstək Mərkəzinin fəaliyyətə başlamasını göstərmək olar. Rəqəmsal Ticarət Qovşağında yer alan onlayn Vahid İxrac Ərizəsinin istifadəyə verilməsinin səbəbi elə məhz sahibkarların ixrac üçün iş yükünü və ixrac prosedurlarının icrasında məmur sahibkar təmasını minimuma endirmək olub. Bu xidmət, eyni zamanda, respublikanın bölgələrində yerləşən sahibkarlar üçün icazələrin alınması prosedurunu daha da asanlaşdıracaq.

Sistemin işə salınması ixrac prosedurlarının icrasında məmur sahibkar təmasını minimuma endirəcək və sənədlərin icra müddətini bir neçə dəfə azaldacaq. Bundan əlavə, respublikanın bölgələrində yerləşən sahibkarlar üçün icazələrin alınması proseduru daha rahat olacaq. Ümumilikdə ixrac proseslərinin sadələşdirilməsi ölkəmizin ixrac potensialının tam reallaşdırılmasına və nəticədə ticarət balansında müsbət saldonun daha da artırılmasına şərait yaradacaq.

Tədqiqatlar göstərir ki, 3D çap texnologiyası hazırda qənaətli istehsal metodlarının təhlili və öyrənilməsi üzrə ən yaxşı beynəlxalq nümunələrdən biri hesab edilir. Bu texnologiyadan istifadə istehsal xərclərinin xeyli aşağı salınmasına, yeni yüksək ixtisaslı iş yerlərinin açılmasına və digər texnologiyalara geniş imkanlar açır. Blokçeyn texnologiyasının tətbiqi dünyanın bir çox nüfuzlu bankları və maliyyə təşkilatları tərəfindən rəqəmsal valyutaların ən təhlükəsiz və effektli aləti kimi müəyyənləşdirilib.

Məhz blokçeynin tətbiqi sayəsində vaxta və xərclərə qənaət etmək, pulköçürmə əməliyyatlarında riskləri minumuma endirmək mümkün olub. Hazırda isə bu texnologiyaların Blokçeyn vasitəsilə ticarət sektorunda da canlanması gözlənilir. Belə ki, ticarətin blokçeyn üzərində qurulması üçüncü tərəfləri istisna etməklə ticarəti sadələşdirə, kriptoqrafik kontraktlardan istifadə edərək ixrac və idxalı daha təhlükəsiz edə, əməliyyatların müddətini qısalda və eyni zamanda xərcləri azalda bilər.

Hazırda Azərbaycanda da blokçeyn texnologiyalarının tətbiqi diqqət mərkəzindədir. Sözügedən texnologiyaların tətbiqinə dair mövcud və potensial risklər və imkanlar öyrənilir və qiymətləndirilir.

Ümumilikdə isə blokçeyn texnologiyalarının tətbiqi maliyyə nəzarətinin təminatı, vergidən yayınma və qanunsuz tranzaksiyalarla mübarizə sahəsində daha səmərəlidir.

banner

Oxşar Xəbərlər