• bazar, 13 Oktyabr, 11:24
  • Baku Bakı 18°C

İqtidarının 10 ilində İlham Əliyev və Azərbaycan

27.09.13 08:55 9006
İqtidarının 10 ilində İlham Əliyev və Azərbaycan
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, Azərbaycanın böyük dostudur. Akkan Suver Türkiyənin nüfuzlu “Kobi efor” jurnalına müsahibə verib.
- İçində olduğumuz bu günlərdə Türkiyə-Azərbaycan əlaqələrini necə dəyərləndirərdiniz?
- Türkiyə ilə Azərbaycanın münasibətlərinin xarakterini birdəfəlik və qəti şəkildə böyük Heydər Əliyevin tarixi kəlmələri təsbit etmişdir: - İki dövlət, bir millət!
Geridə buraxdığımız 20 ildə ölkələrimiz daha da yaxınlaşaraq fövqəladə iş birliklərinə, layihələrə imza atmaqla əməkdaşlığın çox uğurlu və sabitqədəm nümunəsini ortaya qoymuşlar. Azərbaycan Heydər Əliyevlə bəşəriyyətin ən ali dəyərləri sayılan demokratiyaya, istiqlal və istiqrarına yetişdi. İlham Əliyevlə isə tərəqqi yoluna çıxdı, inkişaf etməyə başladı, dünya birliyinə inteqrasiya etdi.
Bu mürəkkəb və məsuliyyətli yolda daima Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanında olmuşdur.
Mən quru sözlərə, dünən ixracatımız bu qədər, idxalımız bu qədərdi, bü günsə filan qədər olub kimi maddiyyatdan başqa heç nə ifadə etməyən statistik rəqəmlərə önəm verməyərək tək bir söz söyləmək istəyirəm: güclü Azərbaycan bu gün Tüрkiyənin ən böyük xarici sərmayəçisidir. Bu dəyər ölçüsü hər cür statistikaya tutarlı cavabdır.
Digər tərəfdən, İlham Əliyev 10 il ərzində ölkəsinin iqtisadiyyatını üç dəfə artırmağa müvəffəq olmuş bir dövlət başçısıdır. Tək elə bu göstərici ölkədəki inkişaf proseslərinin həqiqi miqyasından xəbər verir. Bu, dünyada analoqu, tayı-bərabəri olmayan bir sıçrayışdır. Sənaye istehsalı da yüksələn xətlə artmış, yoxsulluq həddi beş dəfədən artıq aşağı düşmüşdür. Mütəmadi olaraq əhalinin əmək haqqı və sosial təminatının artırılması, eləcə də xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edən digər tədbirlər İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən islahatların sosial yönümlü olduğunu görüntüləməkdədir.
Bütövlükdə, Azərbaycanın dövlət siyasətinin təməlində insan amili dayanır və bu gün biz bir neçə il əvvəl zati-aliləri İlham Əliyevin söyləmiş olduğu – Biz neft kapitalını insan kapitalına çevirəcəyik! – ifadəsinin möhtəşəm nəticələri ilə qarşı-qarşıyayıq.
Azərbaycan iqtisadiyyatının bölgədəki rolu və əhəmiyyəti hər gün artmaqdadır. Ölkənin iqtisadi siyasəti, enerji strategiyası, beynəlxalq aləmin bu məkana artan marağı onu regionun şəriksiz liderinə çevirmişdir. Azərbaycan Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 70 faizindən чox hissəsinə sahibdir.
Günümüzün Azərbaycanı dünya ictimaiyyətinin etimadını qazanmışdır. İştirakçısı olduğu transmilli layihələrdə sərgilədiyi amplua onu beynəlxalq əməkdaşlığın fəal və etibarlı iştirakçısı kimi tanıtmaqdadır.
Azərbaycan 21 illik müstəqilliyi dövründə çox böyük məsafələr qət etmişdir. İqtisadi sahədə müstəsna nailiyyətlərə imza atılmışdır. İnsanlar istiqrar, qarşılıqlı eтimad və təhlükəsizlik şəraitində yaşayırlar. Siyasi və iqtisadi sahədə sərbəst fəaliyyət üçün heç bir məhdudiyyət yoxdur. Azərbaycan strateji mövqeyinə görə də bölgənin şəriksiz liderdir və əminəm ki, ən müxtəlif sahələr üzrə əldə etdiyi nüfuz və təsir imkanlarını qarşıdakı illərdə daha da artıracaqdır.
Türkiyə ilə Azərbaycan arasındakı önəmli layihələrə gəldikdə isə, deməliyəm ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin çəkilişi üzrə işlər artan ahənglə davam etməkdədir. Bu xətt tək qitələri, coğrafiyaları deyil, onların iqtisadiyyatını, bazarını deyil, eyni zamanda insanlarını, mədəniyyətlərini yaxınlaşdıracaqdır. Bu layihənin uğurla sona çatdırılması üçün Azərbaycan qonşu Gürcüstan dövlətinə bir neçə yüz milyon dollarlıq kredit xətti də açmışdır.
Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı investisiyaların həcmi on milyard dolların üstündədir. Təkcə elə 2012-ci il ərzində ölkələrimiz arasında xarici ticarət dövriyyəsinin həcmi 4.2 milyard dollar təşkil etmişdir.
İki qardaş ölkə arasındakı Bakı-Tiflis-Ərzurum qaz xətti bizim üçün müstəsna əhəmiyyət təşkil edir. Bakı-Tiflis-Ceyhan ixrac neft kəməri “Üç dəniz əfsanəsi”ni reallığa qovuşdurmaqla qalmayaraq əməkdaşlığımıza strateji xarakter bəxş etmişdir. 2010-cu ildə İzmirdə imzalanmış Şahdəniz anlaşması, TANAP transmilli layihəsi ölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfədir. Bir halda ki, qarşılıqlı münasibətlərin müsbət hərarətindən bəhs edirik, onu da qürurla qeyd etmək istərdim ki, bir Azərbaycan trendi olaraq SOЪAR Türkiyənin ən böyük xarici yatırımçısıdır.
Modernləşmənin bütünlüyü
- Azərbaycanın 10 illik inkişafını qısa tezislərlə necə ifadə edərdiniz?
- Azərbaycan geridə buraxdığımız 21 ildə görünməmiş inkişafa imza atmışdır.
Enerji sahəsində əldə etdiyi müvəffəqiyyət əmsalsızdır.
İqtisadiyyatda xəyal edilməsi belə imkansız bir hədəfi fəth etmişdir.
Şəhərsalmada ortaya qoyulan modern təfəkkür müasirliyin milli çalarları ilə zənginləşdirilmişdir.
Beynəlxalq arenada əldə etdiyi nüfuz və etibar hörmət və qürur mənbəyidir.
Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səbir və müdriklik konstruktiv xarici siyasətin nəticəsi kimi tək bölgədə deyil, bütün dünyada təqdir edilməkdədir.
Sülhsevər siyasət yeritməklə yanaşı, Azərbaycan müdafiəsinin də qayğısına qalmış, ötən dövrdə güclü və modern ordu qurmuşdur.
Bakı şəhəri təkrarolunmaz gözəlliyinin misilsiz cizgilərini möhtəşəm binalarında, müasir və rahat yollarda, qənirsiz park və bağlarında yaşadaraq Qərbin ən gözəl paytaxtlarından birinə çevrilməyi bacarmışdır.
Gecələr işıq selində uyuyan Gəncə tanınmayacaq dərəcədə dəyişmişdir.
Qəbələ nəinki təbiətinin gözəlliyi ilə, turizmə qucaq açan müasir infrastrukturu və qonaqpərvərliyi ilə də az qala dünyanın musiqi beşiyinə çevrilmişdir.
Şəki tarixlə müasirliyin qoşa addımladığı bir şəhərdir.
Hər daşında bir tarixin dil açdığı Naxçıvan isə özünəməxsus inkişaf ahəngi ilə qonaqlarını hər ziyarətdə heyrətləndirən bir diyardır.
Əldə edilmiş bütün bu və adının çəkilməsi böyük zaman istəyən digər nailiyyətlər Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyevin ağıllı, məqsədyönlü və məhsuldar daxili və xarici siyasətinin əsərləridir.
Sadə bir həyat, uğurlu bir yol
-Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevadan bəhs edərmisiniz?
- Əldə edilmiş uğurlarla yanaşı, İlham Əliyev ölkəsinə beynəlxalq aləmdə də böyük nüfuz qazandırmışdır. Eləcə də beynəlxalq ictimaiyyət, güc mərkəzləri İlham Əliyevin şəxsində Azərbaycanın gənc, enerjili, peşəkar və qətiyyətli bir lider qazandığının fərqindədir. Prezidentliyinin 10 ilində o, ulu öndər Heydər Əliyevin miras qoyduğu ideyaların həyata keçirilməsi ilə kifayətlənməmiş, bu məxəzi özünün əməli fəaliyyətinin möhtəşəm nəticələri ilə daha da zənginləşdirmiş, tarazlı və müdrik siyasəti ilə həm ölkə içində, həm də Qərbdə, dünyada ağıllı, praqmatik və yenilikçi dövlət başçısı imicini qazanmışdır.
Mehriban xanım isə millətinin böyük sevgisini qazanmış Birinci xanımdır. O, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanın uğur və həqiqətlərini dünyaya daşımaq və tanıtmaqla, nəinki öz ölkəsində, eləcə də dünyanın ən müxtəlif coğrafiyalarında dilindən, dinindən, dərisinin rəngindən asılı olmayaraq ehtiyacı olan hər kəsə şəfqət göstərməklə məşğuldur. Mehriban xanımın dünya mədəni irsinin qorunmasına şəxsi töhfəsi heç bir ölçüyə gəlmir. Və bütün bunlarla yanaşı o, sadəliyin, səmimiyyətin və xeyirxahlığın tükənməz örnəyidir.
İstərsə Prezident İlham Əliyev, istərsə də Birinci xanım Mehriban Əliyeva Azərbaycanın gerçək və aydın simaları olaraq onu dünyanın hər bir yerində təmsil etməkdədirlər.
Bu arada onu da əlavə etmək istərdim ki, Azərbaycanda gənclərə böyük diqqət və qayğı vardır. Təhsil və təlim prosesinə, idmana göstərilən himayə Azərbaycanı xoşbəxt və firavan bir gələcək gözlədiyini xəbər verməkdədir.
Güclü sərmayə və layihələr
-Bu sahədəki nailiyyətləri də çox qısa başlıqlarla necə dəyərləndirərdiniz?
-Bir qədər əvvəl də bu barədə fikirlərimi bölüşmüşdüm:
Bakı-Tiflis-Ceyhan ixrac neft kəməri bir xəyal idi. Gerçəkləşdi.
Bakı-Tiflis-Qars dəmiryolu xətti bitmək üzrədir.
“Şahdəniz” Türkiyə və Qərbin enerji təhlükəsizliyinin vacib təminatına çevriləcəkdir.
SOKAR Türkiyənin ən böyük xarici investisiyaçısıdır.
Önümüzdəki illərdə həyata keçəcək TANAP əsrin layihəsidir.
Bir daha altını cizə-cizə təkrarlayıram ki, Azərbaycanın, onun xalqının xoşbəxt gələcəyinin açarı olan bu nəhəng layihələrin tək memarı zati-aliləri İlham Əliyevdir.
Qarabağ artıq bəşəri problemdir
-Siz bir ziyalı olaraq yaşananlara baxdığınızda iqtisadi həyatda ortaya qoyduğunuz bu gözəl tablonu sosial həyatda necə dəyərləndirərdiniz?
-Bəlkə də bir qədər fəlsəfi səslənəcək, ancaq insan cəmiyyəti naqisliklər coğrafiyasında yaşayır.
Misirdə yaşananlar yanlışdır.
Suriyada yaşananlar qeyri-insani çılğınlıqdır.
Səddamın, Qəddafinin aqibəti iyrəncdir.
Bütün bu yaşananlardan kədərlənmək və onu lənətləmək bir insanlıq borcudur.
Bizlər özlüyümüzdə bəşəriyyətin inkişafı naminə xeyir işlərimizi yürüdürkən, Türk dünyası fərqində belə olmadan unutturulmağı qəsd edilən bir gerçək və qəbul etməyimiz istənilən bir ssenari ilə üz-üzədir.
Bizə unutdurmaq istədikləri gerçək Azərbaycanın Qarabağ bölgəsində yaşanmış soyqırımıdır. 21 il əvvəl baş vermiş həmin soyqırımı tək qardaş Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı işlənmiş müdhiş cinayətdir.
Qarabağda ermənilərin azərbaycanlılara yaşatdıqlarının insanlıq adına Misirdə, Suriyada, Liviyada, Malidə, Somalidə yaşananlardan heş bir fərqi yoxdur. Üstəlik Qarabağda insanlar sadəcə qətl edilməmiş, yurd yerindən, dədə-baba torpaqlarından qovulmuşlar.
Birləşmiş Millətlər Təşkilatının, Avropa Birliyinin, ATƏT-in bütün qərar və çağırışlarına rəğmən Ermənistan Qarabağda işğalçılıq siyasətini sürdürməkdədir.
Bu işdə dünyanın zəifliyi bir yana, Türkiyə də “dişə dəyəcək” bir iş görə bilməyib.
Bizə uddurmaq istədikləri ssenari isə üstünü yüz illik keçmişin toz qatı bassa da təkzibedilməz həqiqətlərinin ortada olduğu qondarma “erməni soyqırımı” iddialarıdır. Dünyada döymədilkəri qapı buraxmayıblar, bəzən isə uydurduqları yalana heç özlərinin də inanmağı gəlmir. Erməni diasporu dünyanın dörd bir yanında antitürk təbliğat maşınını dayanmağa qoymur.
Türkiyənin və bütövlükdə Türk dünyasının “başına corab hörməyə” qalxışan bir ovuc yalançı erməni millətçisi 2015-ci ildə qondarma soyqırımın 100 illiyi adı ilə indidən şivən qoparmağa başlayıblar.
Əlbəttə, Misir önəmlidir! Suriya önəmlidir!
Amma Azərbaycanın öz tarixi torpağında rəsmi Ermənistan tərəfindən məruz qaldığı etnik təmizləmə və işğalçılıq siyasəti də önəmlidir. 100 ildən bəri sifətinə məzlumluq niqabı taxıb haqqımızda yalançı soyqırımı rəvayətləri uyduran ermənilərin tarixən terrorçu xislətinin etiraf olunması da az önəmli məsələ deyil.
Bu məqamları xatırlatmaqda məqsədim Qarabağın qara taleyində bizlərin də məsuliyyətinin olduğunu idrak etməyimizin vacibliyini çatdırmaqdır. Zira, ilyarım sonra qarşımıza çıxacaq soyqırımı yalanlarına qarşı indidən hazır olmalıyıq.
Misirə, Suriyaya göstərilən diqqət, maraq və cavabdehlik Qarabağdan, 2015-ci ilin Türkiyəsindən əsirgənməməlidir.
banner

Oxşar Xəbərlər