• çərşənbə, 04 Dekabr, 08:02
  • Baku Bakı 4°C

İqlim fəaliyyətləri dünyanı xilas edir

12.10.24 06:05 2355
İqlim fəaliyyətləri dünyanı xilas edir

Beynəlxalq maliyyə institutları özəl sektordan investisiyaların cəlb edilməsində katalizator rolu oynamalıdırlar. İqlim maliyyəsinə çıxışın miqyasını, səmərəliliyini və asanlığını artırmaq üçün dövlətlər bu təşkilatlarla işləməlidirlər. 

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşü (C&DM) keçirilib. Panel müzakirələri çərçivəsində COP29-da uğurlu nəticələrin əldə edilməsi yolları müzakirə olunub. 

COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, iqlim dəyişikliyinə uyğunlaşma üzrə fəaliyyətlər artıq bu gün həyatları xilas edir.

“Qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdıra bilsək belə, hələ də bütün dünyada iqlim dəyişikliyinin ciddi nəticələri ilə mübarizə aparmalı olacağıq”, - M.Babayev bildirib. COP29 prezidentinin fikrincə, beynəlxalq maliyyə institutları özəl sektordan investisiyaların cəlb edilməsində katalizator rolu oynamalıdırlar: “Buna görə də biz iqlim maliyyəsinə çıxışın miqyasını, səmərəliliyini və asanlığını artırmaq üçün bu təşkilatlarla işləyirik”.

İqlim maliyyəsi məsələsi maksimal diqqət tələb edir

Beynəlxalq İqlim və İnkişaf İnstitutu nümayəndəsi Una Mey Qordon deyib ki, beynəlxalq ictimaiyyət iqlim maliyyəsi məsələsinə maksimum diqqət yetirməlidir. Onun sözlərinə görə, 2023-cü ildə Dubayda keçirilən COP28-də razılaşdırılmış planların həyata keçirilməsi üçün daha çox səy göstərilməlidir. “Növbəti iki il iqlim danışıqlarında, xüsusilə emissiyaların azaldılması baxımından bizim üçün həlledici olacaq”, - U.Qordon vurğulayıb.

Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə naziri Kerri Makkarti bildirib ki, iqlim fəaliyyətlərinin effektivliyi maliyyə resurslarının təmin edilməsindən asılıdır. O qeyd edib ki, iqlimlə bağlı fəaliyyətlərin həyata keçirilməsinə ehtiyacı olan bəzi ölkələrin kifayət qədər vəsaiti yoxdur.
K.Makkartinin sözlərinə görə, 2017-2021-ci illərdə iqlimin maliyyələşdirilməsinin həcmi orta hesabla ildə cəmi 7 milyard ABŞ dolları təşkil edib.

İqlim maliyyəsi Almaniya üçün prioritetdir

Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqanın sözlərinə görə isə, iqlim maliyyəsi Almaniya üçün prioritet olub və olaraq qalır. O qeyd edib ki, Almaniya Uyğunlaşma Fondunun ən böyük donorudur: “Ümid edirik ki, qarşıdan gələn COP-da biz bu fonda töhfələrin həcmini artıra biləcəyik. İnkişaf Nazirliyimiz tərəfindən həyata keçirilən maliyyələşdirmənin böyük hissəsi “tələb-kredit/təklif” prinsipi əsasında həyata keçirilir. Buna görə də, uyğunlaşma tələbi nə qədər çox olarsa, bir o qədər də maliyyələşmə genişlənəcək”.

İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro bildirib ki, ölkəsi uyğunlaşma məsələlərində dəstəyini davam etdirəcək. O qeyd edib ki, İtaliya “G7” tərəfdaşları ilə birlikdə uyğunlaşmanın sürətləndirilməsi aktını hazırlayıb. “Bu təşəbbüsün əsas məqsədi ən həssas ölkələrdə uyğunlaşma tədbirlərinin həyata keçirilməsini sürətləndirməkdir. Biz cari çağırışlardan uyğunlaşma fəaliyyətinə mümkün qədər tez keçid etməliyik. Buna isə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, investisiya planları hazırlamaq və planlaşdırmadan faktiki icraya keçmək yolu ilə nail olmaq olar”, - xüsusi nümayəndə bildirib.

Dünya Bankından iddialı plan

Dünya Bankı Qrupunun iqlim dəyişikliyi üzrə qlobal direktoru Cennifer Sara bildirib ki, təmsil etdiyi qurum bu il illik maliyyəsinin 45 %-nin iqlim dəyişikliyi ilə mübarizəyə ayrılması ilə bağlı iddialı plan həyata keçirir. "Beynəlxalq maliyyə arxitekturasında islahatlarla bağlı çağırışlara gəlincə, Dünya Bankı bu işə öz töhfəsini verir. 2023-cü ildə iqlimlə bağlı proqramların maliyyələşdirilməsinə rekord məbləğdə - 42,6 milyard ABŞ dolları ayırmışıq", - o qeyd edib.

Qlobal direktor əlavə edib ki, Beynəlxalq İnkişaf Assosiasiyasının (IDA) maliyyə potensialı bu il və gələn il 30 milyard ABŞ dolları səviyyəsində qalır.

banner

Oxşar Xəbərlər